Ümumxalq sevgisinin daha bir ifadəsi
Tarix

Ümumxalq sevgisinin daha bir ifadəsi

Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvanda böyük coşqu ilə qarşılandı

"Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq, Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir". Bu fikirləri 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında ümummilli lider Heydər Əliyev bildirib.

Azərbaycan xalqı tarixən öz müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda mübarizə aparmış və bu yolda qurbanlar vermiş, XX əsrdə Azərbaycan xalqının iki dəfə öz müstəqilliyini əldə etmək imkanı olmuşdur. 1918-ci ildə yaranmış və fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür sürmüş, Sovet imperiyasının işğalçılıq siyasətinin qurbanı olmuş, lakin dövlətçiliyimizin yaranması və inkişafında, xalqımızın tarixi taleyində böyük rol oynamışdır.

SSRİ-nin dağılma prosesindən istifadə edən ermənilər 1980-ci illərin sonunda Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdülər. Əsrin əvvəllərində Azərbaycan torpaqlarının - İrəvan, Göyçə və Zəngəzur mahallarının işğalı ilə kifayətlənməyən ermənilər "böyük Ermənistan" xülyalarını yenidən ortaya atdılar. Bu siyasət Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi şəkildə qovulması, hadisələrin təkrar alovlanması, Azərbaycan-Ermənistan qarşıdurması ilə nəticələndi. Keçmiş Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslər Naxçıvanda da öz əks-sədasını tapırdı.

Naxçıvanın çətin və mürəkkəb dövründə, ermənilər tərəfindən işğal təhlükəsi qarşısında qaldığı bir zamanda xalqın iradəsi və xahişi ilə Heydər Əliyev Naxçıvana gəldi. Ulu öndərin bu qədim diyara gəlişi müstəqillik uğrunda, vətənin toxunulmazlığı naminə elliklə ayağa qalxmış naxçıvanlıların mübarizəsinə təkan verdi, onu yeni səviyyəyə yüksəltdi.

1990-cı il iyulun 22-də axşam Heydər Əliyevin əhali ilə görüşü olmuşdu. Naxçıvan şəhərindəki mərkəzi meydana 80 min nəfərdən çox adam toplaşmışdı. Bu, böyük şəxsiyyətə sonsuz inam və məhəbbətin nümunəsi idi. Hərarətli alqışlarla qarşılanan ulu öndər sonralar həmin günləri xatırlayaraq deyirdi: "Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum". Ulu öndərin isə anadan olduğu doğma məkana - Naxçıvana qayıdışı isə Azərbaycan xalqının ürəyində ümid çırağı yandırdı.

Ümummilli lider SSRİ kimi nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri olaraq Kremldə çalışdığı illərdə də xalqına xidmətini əzmlə davam etdirirdi. O, Kremldə tək Azərbaycan SSR-in deyil, digər türk respublikalarının da ən qüdrətli hamisi idi. Bütün bunlar Heydər Əliyevə xalq rəğbətini artıqmaqla yanaşı, əleyhdarlarının da sayını çoxaldırdı. Türk respublikalarını qana çalxalayıb regionu sönməyən münaqişələr alovuna bürümək istəyən qüvvələr isə Heydər Əliyev kimi nəhəngin qarşısında bu məqsədlərinə nail ola bilməyəcəklərini yaxşı anladıqlarından onu hər vəchlə vəzifədən kənarlaşdırmağa çalışır, ümummilli liderimizin siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədilə hər cür təxribatlara əl atırdılar. Nəhayət, təxribat öz işini gördü. Ozamankı SSRİ rəhbərliyinin ədalətsiz qərarı ilə Heydər Əliyev istefaya göndərildi və bununla da Azərbaycanın faciəsi başladı. 30 il çəkən Qarabağ münaqişəsinin əsası qoyuldu. 1990-cı ilin 20 yanvarında Bakı küçələrində yüzlərlə insanın qanı axıdıldı.

Belə çətin, kövrək bir vaxtda bütün dünyada özünü təklənmiş kimi görən Azərbaycan xalqı üçün ən böyük təsəlli ulu öndər Heydər Əliyevi öz sıralarında görmək oldu. Belə ki, səhhətindəki problemlərə, özünə və ailəsinə qarşı yönəlmiş təhdidlərə baxmayaraq, Heydər Əliyev 20 Yanvar faciəsinin səhəri günü ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bundan sonra nə edəcəyini müəyyənləşdirməyə çətinlik çəkən xalqına həyan oldu. Xalqının haqq səsini dünyaya çatdırdı. Cəsarətlə, qorxmadan bu faciənin əsl günahkarlarının üzərinə getdi, xalqını sınmağa, qəlblərdə parlayan istiqlal alovunu sönməyə qoymadı.

Təbii ki, baş verənlər Kremli və Kremlin Azərbaycandakı əlaltılarını narahat edirdi. Onun Vətənə qayıdışına, siyasi proseslərdə iştirakına mane olmağa çalışırdılar, ancaq xalq sevgisi bütün manelərə üstün gəldi, 1990-cı il iyul ayının 20-də Bakıya gələn ulu öndər 2 gün sonra təzyiq və təqiblər səbəbindən Naxçıvana qayıtdı.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

Naxçıvan Ali Məclisinin sədri seçilərək, o dövrdə blokada şəraitində yaşayan, taleyin ümidinə qalmış Naxçıvan Muxtar Respublikasının ağır böhrandan çıxması üçün ardıcıl tədbirlər həyata keçirməyə başlayan ümummilli lider Azərbaycanın sözün əsl mənasında müstəqilliyinə yönəlmiş mühüm tarixi addımlar atdı.

Nəhayət, 1993-cü il 15 iyunda ulu öndərimizin xalqın təkidli xahişi ilə respublikaya hakimiyyətə qayıdışı Azərbaycan vətəndaşlarının Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsinə çevrildi. Həmin gün xalqın Qurtuluş Günü kimi tarixə yazıldı...

Zümrüd QURBANQIZI,

"Respublika".