İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

26 oktyabr, 1982 IV məktub

Paxıllıq, qısqanclıq, nəhayət, düşmənçilik baş alıb gedirdi. Çünki:

- Bakıya Lenin ordeni verilirdi (1978-ci il) və Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri ölkənin ən yüksək ordenini Azərbaycanın bayrağına sancmaq üçün Azərbaycana gəlirdi. Ümumiyyətlə, L.İ.Brejnevin 3 dəfə Bakıya gəlməsi (o cümlədən ömrünün son dörd ilində - qoca və ağır xəstə vaxtlarında isə iki dəfə!) İrəvanda çox qısqanclıqla qarşılanırdı, burada aydınca başa düşürdülər ki, ölkənin başçısı hər dəfə Bakıya gələndə Azərbaycanın nə qədər problemləri, məsələləri həll olunur;

- Azərbaycan paytaxtının statusu bir çox başqa paytaxtlardan qeyri-rəsmi surətdə fərqlənirdi;

- Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1979-cu və 1983-cü illər) oldu, bu o demək idi iki, hələ uzun müddət erməni millətçilərinin anti-Azərbaycan təxribatları nəticəsiz qalacaqdı, həm də, lap başlıcası və onları həyəcanlandıran amil artıq gün kimi aydındı: bu yüksək adlardan və üçüncü Lenin ordenindən sonra Azərbaycan rəhbərini yaxın vaxtlarda "yıxmaq" mümkün olmayacaqdı...

- Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı ilə bağlı "Pravda" qəzetinin iki səhifəsindən çoxunu tutan qərar qəbul etdi və ilk vaxtlar Azərbaycanın özündə də müəyyən dairələrdə kifayət qədər anlaşılmayan bu sənəd (Azərbaycanda çaşqınlıq yaratmaqda İrəvan fəal iştirak edirdi - çalışırdı ki, keçirilən mühüm tədbirlərin, qəbul edilən tarixi qərarların əhəmiyyəti azaldılsın, hətta heçə endirilsin) Ermənistanın hakim dairələrində bomba kimi partladı. Ermənistanda üzümçülüyə və şərabçılığa kuratorluq edən, açıq millətçiliyi bilinməyən və özünü beynəlmiləlçi kimi göstərən MK şöbə müdirinin mənə söylədiyi sözlər bu gün də qulaqlarımdadır: "Heydər Əlirza oğlunun bu qərarı almağa qadirliyi məni heyrətləndirir";

- Sov.İKP MK, SSRİ NS və ÜİHİMŞ-nın (Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası) birgə qəbul etdikləri Azərbaycanın Xəzəryanı sahillərinin Ümumittifaq kurort zonasına çevrilməsi barədə son dərəcə mühüm qərar da Ermənistanı rahat buraxmırdı;

- Azərbaycanın dalbadal yüksək Ümumittifaq mükafatları alması, respublikada Ümumittifaq səviyyəli böyük tədbirlərin keçirilməsi, klassik ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin geniş qeyd olunması, görkəmli sənət adamlarının SSRİ-nin ən yüksək adlarına və mükafatlarına layiq görülməsi, respublikada gedən milli-mənəvi dəyərlərə qayıdış prosesi, Azərbaycan dilinə rəsmi olaraq Dövlət dili statusu verilməsi (Konstitusiya səviyyəsində!) İrəvanı hədsiz qıcıqlandırırdı;

- Naxçıvan İrəvanın Heydər Əliyevə qarşı nifrətinin getdikcə güclənməsində xüsusi mövzuydu. Azərbaycan rəhbərinin ardıcıl olaraq doğma Naxçıvana səfərləri, Muxtar Respublikanın yaradılmasının əlli illiyinin geniş qeyd olunması (1974-cü il), bölgənin sosial-iqtisadi, mədəni və digər sahələrdə tərəqqisi, əhalisinin ritmik artımı qonşu respublikada "bomba" kimi partlayırdı. Hüseyn Cavidin nəşinin repressiyasından qırx beş il, ölümündən qırx bir il sonra, dövrün sərt qadağalarına baxmayaraq, Uzaq Sibirdən gətirilərək (26 oktyabr 1982-ci ildə) yeddi gün Şirvanşahlar sarayında saxlanılması, son gecəni Bakıdakı evində "keçirməsi", 2 noyabrda respublika rəhbərinin dahi şairlə "vida görüşü", nəhayət və İrəvan üçün ən başlıcası - 3 noyabr 1982-ci ildə Naxçıvanda doğma torpağa tapşırılması da, Naxçıvanda Cavid Poeziya Teatrının açılması da;

- Bundan qabaqkı məktubda dediyim kimi, Dağlıq Qarabağın tərəqqisi, Heydər Əliyevin Azərbaycanın bu dilbər guşəsinə səfərləri, vilayətə xüsusi diqqəti və qayğısı, M.P.Vaqifə məqbərə ucaldılması, Üzeyir Hacıbəyovun, Natəvanın, Bülbülün ev-muzeylərinin yaradılması da İrəvanda millətçi- şovinistlərin yuxusunu ərşə çəkən hadisələrdi;

- Azərbaycanın dirçəlişindən, inkişafından və qələbələrindən özünə yer tapa bilməyən erməni millətçiliyinin "əlacı" yuxarıda dediyim epizodlardakı kimi hərəkət etməyə, fəaliyyət göstərməyə qalırdı.

Tək-tük halda olsa da həqiqəti tamamilə dana bilməyən ermənilər də vardı. Doğma qardaşı, görkəmli şair Arşavir Darbnidən fərqli olaraq qatı millətçi olan (lakin istedadlı tənqidçi!) Vazgen Mnatsakanyan Azərbaycan Yazıçılarının VII qurultayından (qurultaya dəvətli olsam da, həmin vaxt xarici səfərdə olduğumdan iştirak edə bilməmişdim) qayıdandan sonra mənə deyirdi: "Heydər Əlirza oğlunun qurultayda nitqini maraqla dinlədim (Vazgen Bakıdan getmişdi, azərbaycanca bilirdi - H.), çıxış edənlərə yerində verdiyi replikaları və etdiyi iradları, tənəffüsdəki görüşümüz məni elə sehrlədi, elə heyrətləndirdi ki... Əminəm, əgər o dövlət xadimi olmasaydı, çox görkəmli, çox qüdrətli yazıçı olardı!". Vazgen bunları mənə ikilikdə, özü də sakitcə deyirdi - kənardan kiminsə eşitməsindən ehtiyatlanırdı. İndi o bəlkə də həyatda yoxdur (o vaxtlar sinni yetmişi haqlayırdı), İrəvanda bu sətirləri oxuyandan sonra barı onun oğul-uşağına, nəvə-nəticəsinə dəyib-toxunmasınlar.

Şair Hraçya Hovhannesyan Bakıda keçirilmiş hansısa ədəbiyyat tədbirindən dönmüşdü, neçə yazıçının içində üzünü mənə tutub, Azərbaycanda gördüklərini gizləyə bilmirdi: "Bizim Mərkəzi Komitədə də dedim, onlar bizə gəlsələr, belə səviyyədə qəbul edə bilmərik. Hər şeyə Heydər Əlirza oğlu özü rəhbərlik edirdi...".

Rejissor Hraçya Qaplanyan SSRİ-də özünü elə reklam edə bilmişdi ki, Bakıdakı dostları onun Azərbaycan Akademik Dram Teatrının məsləhətçisi kimi dəvət edilməsinə nail olmuşdular. Hraçya həqiqətən belə dəvət almışdı, üç il Azərbaycan Teatrının məsləhətçisi olmalıydı. V.Şekspirin "Maqbet" pyesini tamaşaya qoymaq üçün Bakıya gəldi, gələn kimi də bir erməni "tryuk"u elədi, incini tamaşaya qoyandan öncə truppa ilə yaxından tanış olmaq üçün H.Paronyanın "Şərqli diş həkimi" komediyasına Akademik Dram Teatrında quruluş verməsini istədi. Onun istəyi, əlbəttə, reallaşdı. Hraçya məndən xahiş elədi ki, pyesi Azərbaycan dilinə çevirim. XIX əsrdə yaşayıb-yaradan, Ədirnədə anadan olan (1843-cü il), İstanbulda ölən (1891-ci il) bu Türkiyə yazıçısının dili çağdaş erməni dilindən xeyli fərqlənir, dövrünün türk kəlmələri və idiomatik ifadələri ilə doludur. Mətndə elə sözlər vardı ki, paronyanşünaslar da birmənalı yoza bilmirdilər. Ancaq bu əsəri tərcümə etməliydim, çünki Azərbaycanın mədəniyyət naziri Zakir Bağırov da İrəvana zəng çalıb, bunu məndən xahiş eləmişdi. Bu tərcümə çox ağır iş olsa da, qısa vaxtda başa çatdı. Əsərdə belə bir deyim var - milliyyəti erməni olan baş qəhrəman söyləyir: "erməni sözünün kökü "erməni" deyil, "satqınlıqdır". Başqa bir yerdə: "ayə, bu ermənilər nə dəhşətli millətdir!" deyilir. Hraçya məndən xahiş elədi ki, əsərin bu yerlərini çıxarım, Bakı tamaşaçısı bu fikirləri (oxu - həqiqətləri! - H.) başa düşməz (Əsərin bu yerləri Hraçyanın öz teatrında - İrəvan Dram Teatrında olduğu kimi gedirdi). "Mən orijinalın müəllifi deyiləm, tərcüməçiyəm, əsəri olduğu kimi çevirmişəm, harasını pozmaq, harasını saxlamaq quruluşçu rejissorun işidir", - dedim. Rejissor maraqla mənə baxdı, gözlərindəki heyrət açıqca oxunurdu, guya zarafatla: "Əsl diplomatsan", - dedi... "Məntiq belə diktə edir" söylədim və ikimiz də güldük.

(Sonralar bu əsərin İrəvan Dövlət Azərbaycan Teatrındakı tamaşasında həmin yer qalmışdı və baş rolun ifaçısı Şamil Dəmirçiyev bu rolu məharətlə oynayır, o cümləni xüsusilə vurğulayırdı).

Hraçya Bakıda məşqlərə başlamazdan öncə, öz imicini yüksəltmək, şöhrətini artırmaq naminə Heydər Əlirza oğlunun qəbuluna düşə bilmişdi. Təxminən bir saatlıq söhbətdə ikisi də bir-birini yaxşı tanımışdı. Hraçya "O teatrı, eləcə də incəsənətin bütün sahələrini sadəcə sevmir, həm də dərindən bilir. Belə birinci katibin respublikasında qüdrətli teatr olmalıdır! - deyirdi. - Orada elə güclü aktyor nəsli var ki, sizi "yeyərlər", - üzünü Frunzik Mkrtçyan, Sos Sarkisyan... kimi həqiqətən istedadlı və görkəmli aktyorlara tutub deyirdi, - sizin bircə şeydə bəxtiniz kəsib ki, onların rejissoru yoxdur".

Əslində Azərbaycan Teatrında istedadlı rejissorlar da vardı və bunu, fikrimcə, hamıdan öncə Heydər Əliyev duymuşdu və görmüşdü. Bu fikir Hraçya Qaplanyanla görüşəndən, "Şərqli diş həkimi" pyesi Milli Akademik Dram Teatrında tamaşaya qoyulandan sonra tamamilə qətiləşmişdi. Ona görə də Hraçyanın "məsləhətçiliyi" başlamamış bitdi.

Hraçya bir məqamı da yerli-yataqlı danışırdı. O, Bakı Teatrının səhnə texnikası baxımından geriliyini görüb (məsələn, işıq sistemi qırxıncı-əllinci illərin səviyyəsindəydi...) fikirlərini teatr rəhbərlərinə və Mədəniyyət Nazirliyinə bildirir. Heydər Əlirza oğlu ilə görüşə gedəndə yaxın münasibətdə olduğu bir yüksəkvəzifəli şəxs ondan xahiş edir ki, bu barədə görüşdə heç nə deməsin. "Birinci katibimiz hamımızı bircə anda işdən atar", - söyləyirlər ona. Görüşdə Hraçya ani olaraq, ya unutqanlığı, ya da özünü göstərmək üçün (hər halda Azərbaycan Teatrına canı yandığı üçün yox!) birinci katibə teatr texnikasının köhnəldiyini, çağdaş quruluşlara yaramadığını da ağzından qaçırır. Birinci katib əsəbləşir: "Axı, mən onlara demişəm - nə lazımdırsa söyləsinlər alaq, vəsait ayıraq...". Hraçya atdığı oxun yayını gizlətmək istəyir: "Heydər Əlirza oğlu, elə bizdə də səhnə texnikasını son illərdə dəyişdik...".

Birinci katib bir az sakitləşir, lakin Qaplanyan hələ Mərkəzi Komitənin pillələri ilə aşağı enməkdəykən, mədəniyyət nazirinə göstəriş verir ki, Akademik Dram Teatrının səhnə texnikasının yeniləşməsi üçün uyğun dövlət strukturları ilə birlikdə layihə hazırlasınlar.

Hraçya bütün bunları mənə erməni sənətçilərinin içində də heyrətlə, təəccüblə söyləyirdi. "O, elə güclü, qətiyyətli şəxsiyyətdir ki, üç-dörd sahənin rəhbərliyini bircə büroda işdən ata bilər...".