İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

12 noyabr, 1982 V məktub

Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi Şəxsiyyətin qlobal istedadının və zəkasının təsdiqi idi. Bolşeviklər pleyadası güllələndikdən, ya infarkt olub dünyasını dəyişdikdən, ən yaxşı halda, təqaüdə göndərildikdən sonra ruslardan başqa kimsə (əlbəttə, özünü rus sayan ukraynalı və ya belarus istisna olmaqla) Moskvada hakimiyyət olimpinin belə ucalığına yüksələ bilməmişdi (Kunayev və ya Şerbitski ölkələrinin nəhəngliyinə görə Siyasi Büronun üzvü idilər və bu ali qurumda, demək olar, öz respublikalarını təmsil edirdilər). Bir başqa ciddi faktor da obyektiv insanları sevindirir, bədxahları qüssələndirirdi: Heydər Əliyevin simasında və parlaq fəaliyyətində tarixən mövcud olmuş, bütün dünyanı heyrətləndirmiş türk yenilməzliyi, mənəviyyatı, müsəlman sivilizasiyasının təntənəsi özünü göstərirdi. Bu, şübhəsiz, bədxahların gözlərini qamaşdırırdı. O günlər İrəvanda, Nork massivindəki mənzilimdə, pəncərəsi Göyçə gölünə, Qazaxa, Gəncəyə, Bakıya gedən yola açılan iş otağımda əyləşib qəlbimin dərinliklərindən gələn misraları kağıza köçürürdüm:

Mən bu qışın qapısını bağlayıb,

Yaz yelitək, yay günütək çağlayıb,

Boranların sinəsini dağlayıb

Yazacağam! Misralarım - təzə-tər...

Bu qış başqa qış olacaq, əzizim,

Donmayacaq çayım, çeşməm, dənizim!

İzsiz göyə iz salacaq hər izim,

Öz qanında çatlayacaq çox qəhər.

Məlikməmməd oyanacaq obaşdan,

 Dəli Domrul sağ çıxacaq vuruşdan,

Simurq quşum, bu qışdakı uçuşdan

Başlayacaq Aya, Günə min səfər...

Ay Hidayət, bahar nədir, qış nədir?

Ömür - gündür... əldən gedir, hey gedir,

 Qələm sussa, qəlbi, ruhu göynədər,

Qoy söyləsin - xeyrə-xeyir, şərə-şər.

1983, İrəvan.

İrəvanda Türkiyə televiziyasının verilişləri aydınca tutulurdu. Qəzetlərin manşetinə çıxarılan başlıqlar göstərilirdi: "Türk oğlu Kremlin ulduzunda!", "Türk oğlu Kremli fəth elədi!" Və Sovetlər Birliyi kimi ucsuz-bucaqsız, nəhəng bir imperiyanın hər yerində insanlar milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq bu təyinatı alqışlayırdılar, bircə respublikadan başqa. Çünki...

1988-ci ilin noyabrında yazılan, üzünə çox redaktorların qapıları bağlanandan sonra, axır ki, "Ulduz" jurnalında dərc olunan (1989-cu il, sayı-10) "Həqiqət kar deyil" yazımdan sətirlər:

"Erməni mətbuatı bir tərəfdən Sumqayıt hadisələrini anti-Azərbaycan istiqamətdə yoza-yoza hər iki xalqı qıcıqlandırır, qızışdırır, nifaq salır, digər tərəfdən Yazıçılar İttifaqının sədri H.Hovhannesyan Ermənistan KP MK-nın plenumundakı çıxışında S.Xanzadyanın "Andranik" romanının, B.Ulubayanın "Sərdarabad" kitabının indiyəcən çap olunmamasının səbəbini... Heydər Əliyevin Siyasi Büroda dediyi bir sözdə görür və onun çapına tezliklə icazə verilməsini tələb edir. Həmin Andranik ki, "Antantanın agenti" (Q.Çiçerin), İrəvanda, Naxçıvanda, Qəmərlidə, Vedidə, Zəngəzurda... azərbaycanlıları kütləvi surətdə qıran bir cəllad kimi indi də qalıb yaddaşlarda, hələ iyirmi il bundan qabaq Əştərək rayonunun bir kəndində büst ucaldıblar o cəllada, indi isə heykəl qoymaq, haqqında roman çap etmək istəyirlər (H.Hovhannesyanın plenumda dediyinə görə, hər iki əsər mətbəədə yığılıb, çapa hazırdır). Həmin Andranik ki, hökmüylə Njde, Dro kimi vəhşi qatillər azərbaycanlılara adi ölümü də qıymayıblar, kürəklərinə qaynar samovar bağlatdırıblar... Andranik və bu gün Moskva məhkəməsində ittiham olunan dəliqanlılar (Sumqayıt hadisələri ilə bağlı mühakimə olunan gənclər). Hansı daha təhlükəlidir? Azərbaycanlıları kütləvi surətdə, işgəncələrlə, vəhşicəsinə məhv etməyi siyasət kimi həyata keçirən Andranik, yoxsa özündən asılı olmayan kortəbiiliklə ermənilərlə birlikdə ayağa qalxıb, cinayət törədən o gənclər? Hansı daha təhlükəlidir? O gəncləri heç olmasa, qınamayan bir azərbaycanlı yoxdur. Andranikə isə roman həsr etməyi, heykəl qoymağı tələb edirlər. Bəs buna nə deyirsiniz, erməni millətçiləri, erməni ziyalıları, erməni ağsaqqalları?".

"Yenidənqurma" deyilən dövr (o illərin özündə də yazılarımda bu sözü (həm də anlamı!) "yenidənqırma" kimi yazmışam və bu anlamda dərk eləmişəm) başlayandan dərhal sonra aydın oldu ki, Heydər Əliyevə qarşı mübarizə aparanlar təkcə Ermənistandakı, ya kənardakı erməni millətçi-şovinist dairələri deyil, həm də bütün ermənipərəst qüvvələrdi və təəssüf ki, sonralar bu qüvvələrin içində (sonra isə başında!) imperiya başçısı da peyda oldu. "Aydınlıq" qəzetində dərc olunmuş (10 iyul 1992-ci il) "Əgər səlahiyyətin yoxsa..." adlı müsahibəmdən sətirlər yada düşür:

"Milli dünyagörüşünün, özünüdərk proseslərinin ritmini pozmaq, xüsusilə azadlıq hərəkatını təxribatlar yolu ilə boğmaq üçün K.Bağırovdan sonra Azərbaycana Vəzirov, Mütəllibov kimi rəhbərlər lazım idi. Moskvaya belə kadrlar gərəkdi! Bu rəhbərlərin hər ikisi Moskvanın siyasətini iki istiqamətdə paralel apardı. Birincisi - çalışırdılar ki, nəyin bahasına olursa-olsun, Qorbaçovun və onun anti-Azərbaycan, daşnakpərəst siyasətinin iç üzünü yaxşı bilən Heydər Əliyevin reytinqini aşağı salsınlar, onu böyük siyasət meydanına yaxın buraxmasınlar. Qorbaçovun Siyasi Büro yoldaşı imperiya üçün niyə belə təhlükəliydi? Ona görə ki, siyasi çevikliyi, zəngin təcrübəsi, güclü məntiqi ilə o illərin Siyasi Bürosunda fərqlənən bu dərin zəkalı adam ciddi dəyişikliklər şəraitində özünü yenidən göstərər, hadisələri başqa səmtə istiqamətləndirə bilərdi. Bütün hallarda Qarabağ ermənilərə verilməz, sərhədlərimiz pozulmazdı. İkincisi - Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Qorbaçovla, Yeltsinlə... üzbəüz dayanıb onları susdura bilər, beynəlxalq aləmdə ifşa eləyərdi. Və o da təsadüfi deyil ki, böyük siyasətdən zorla uzaqlaşdırılmış Heydər Əliyev Brejnev-Qorbaçov Siyasi Bürosunun ilk üzvüdür ki, son "imperatorun" iç üzünü neçə il bundan qabaq açıb (Liqaçov və başqaları hələ indi-indi açırlar)...".

Heydər Əliyevin bu və başqa güclü keyfiyyətləri Ermənistana, bütün ermənipərəst qüvvələrə çoxdan məlum idi, buna görə də onun böyük siyasət meydanından uzaqlaşdırılması üçün sivil cəmiyyətdə qəbul edilməyən üsullardan geniş istifadə olunurdu. Məsələn, İqor Muradyan deyilən bir erməninin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ölkədə ümumxalq məhəbbətinə və böyük nüfuza malik Heydər Əliyevə hədyan dolu, xəstə təxəyyülün məhsulu olan məktubunu bəlkə də xatırlamağa dəyməzdi, ancaq belə hədyanlığın, belə xəstə təxəyyülün bütün erməni şovinist-millətçilərinə xas olması unudulmamalıdır. Heydər Əliyevin öz səsini dinləyək: "Mən 1987-ci ilin may ayında xəstələndim, sağalandan sonra bir-iki ay işlədim. O dövrdə Ermənistandan bir məktub aldım.

Müəllifi Qarabağ cəmiyyətinin rəhbərlərindən olan İqor Muradyandı. Bu, həyasız bir adam tərəfindən yazılmış məktubdur. Məktubda mən təhqir olunuram, hədələnirəm. Məktub müəllifi bildirir ki, onlar mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram. Məktubunda erməni terrorçuları tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı göndərilib. O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib. Bir neçə ay bundan qabaq Zori Balayanın Ermənistanda rus dilində çıxan "Kommunist" qəzetində "Bol i nadejda Artsaxa" adlı məqaləsi dərc olunmuşdu. O da haqqımda çox hədyanlar yazır. Qarabağın Ermənistana verilməməsində məni günahlandırır. Məqalədə göstərir ki, o və S.Kaputikyan mənim barəmdə Moskvaya cürbəcür məktublar göndərib, İ.Muradyan isə mənim məhkəməyə cəlb olunmağımı tələb etmişdir".

1987 və 1989-cu illərdə Moskvada Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakım zamanı, SSRİ Yazıçılar İttifaqından, Dövlətnəşrkomdan rast gəldiyim köhnə erməni tanışlara, İ.Muradyan və ya Suren Ayvazyan deyilənlərin cızma-qaralarıyla bağlı etirazımı bildirəndə onlar mənə deyirdilər: "Fikir verməyin, onların ikisi də şizofrenikdir...". "Göndərin Bakıya sağaldaq, - deyirdim, - ancaq bir şərtlə - siz o şizofreniklərdən qorxursunuzsa, adlarını çəkmədən, dediklərini təkzib edin...".  Susurdular. Üz-üzə gələndə, üzbəüz kəlmə kəsəndə köklü arqumentlər, faktlar qarşısında söz deyə bilmirdilər, aralanan kimi öz işlərindəydilər, mətbuatları "susmurdu", mənim Azərbaycanda çap olunmuş hər yazım başıpozuq əks-sədayla qarşılanırdı. İrəvan mətbuatında haqqımda yazılan "tənqidlər" (oxu - təhriflər), hədyanla dolu məqalələrdən bircə nəfəsə 10-15-nin adını çəkə bilərəm. Belə üzdəniraq yazılardan birini xatırlayıram.

"Qolos Armenii" qəzetinin 25 sentyabr 1990-cı il nömrəsində dərc olunmuş A.Qazazyanın irihəcmli "İlham" susmayanda... adlı qeydlərində oxuyuram:

"Molodyoj Azerbaydjana" qəzeti bu ilin (1990-cı ilin - H.) 4 sentyabr nömrəsində jurnalist Yusif İsmayılın görkəmli şair, nasir, tərcüməçi Hidayətlə "Əgər insanlıq yaşayırsa, buna görə biz öz keçmişimizə minnətdar olmalıyıq" adlı iri müsahibəsini dərc etmişdir. Müsahibədən kiçik bir hissə:

... - Sənin düz sözün erməni mətbuatına güllə kimi dəyir.

- Erməni mətbuatında mənə qarşı çox cəfəngiyyatlar oxumuşam. Amma görünür, çoxu da Bakıya gəlib çatmayıb. Son vaxtlar Yazıçılar İttifaqının ünvanına göndərilmiş "Yerekoyan Yerevan" ("İrəvan axşamı") şəhər qəzetində haqqımda yazılmış yalanla, böhtanla, tariximizə, mənəviyyatımıza qarşı təhriflə dolu iri yazımı da səbirlə oxudum, o iri məqalədən aydın oldu ki, bu yazıya qədər "Ararat" qəzetində də nəsə çap olunub. Amma o qəzetdə konkret nə yazıblar - aydın deyildi. O ki qaldı Yazıçılar İttifaqına göndərilən qəzetdəki "Ehtiyatlı olun, faktlardır" məqaləsinə - orada dürüst faktlardan, məntiqi nəticələrdən, sağlam düşüncədən başqa nə desən vardı. Hirsləri mənlə soyumur. Heç yeri olmasa da Bəxtiyar Vahabzadəyə, Ziya Bünyadova, Anara da böhtanlar, təhqirlər yağdırırlar. Həyasızlıq ərşə çatıb!

"Yenidənqurma" bu ölkədə nə ilə başa çatacaq hələ heç kəsə məlum deyil. Amma onu qətiyyətlə deyirəm ki, ötən beş ildəki uğursuzluqların əsas günahı ermənilərin, onları ikiəlli müdafiə eləyən ölkə rəhbərlərinin payına düşür. Bu günaha cavab verilməlidir. Özü də istefadan qabaq cavab verilməlidir".