Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edir
Mədəniyyət

Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu tarixin indiki çətin və ziddiyyətli dövründə müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edən, etnik, dini və mədəni amillərdən irəli gələn fərqliliklərdən ümumbəşəri idealların həyata keçirilməsində təsirli alət kimi faydalanmağın yollarını axtaran unikal müzakirə platformasıdır. Multikultural ənənələri ilə özünü dünyada tanıtmağa müvəffəq olmuş Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə vermək, qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak etmək niyyətini ifadə edir.

"Respublika" xəbər verir ki, bu fikriləri Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.

O deyib: “Xalqımız fərqli mədəniyyətlərin, dinlərin, etnosların mövcudluğunun bütün cəmiyyətlər üçün əsrarəngiz bir sərvət olduğuna inanır. Əsrlər boyunca məhz bu inanc ölkəmizi dünyanın ən tolerant məkanlarından biri kimi tanıtmağa imkan verib. Azərbaycan dövlətinin siyasəti yalnız ölkə daxilində mədəni fərqliliklərin milli sərvət kimi qorunmasına və inkişaf etrdirilməsinə dəstək verməklə məhdudlaşmır. Biz həm də dünyanın müxtəlif ölkələrində bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edirik. Bu baxımdan, təmsil olunduğum Heydər Əliyev Fondunun Azərbaycanda multikultural ənənələrin özünəməxsus və nadir formasının yaranmasında, qorunub saxlanmasında rolunu xüsusi vurğulamaq istərdim”.

Onun sözlərinə görə, Fondun ötən 20 il ərzində müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar Azərbaycan multikulturalizminin qlobal miqyasda tanıdılmasına və ümumilikdə multikultural ənənələrin təşviqinə xidmət edir.