DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DEVİD KEMERON BÖYÜK BRİTANİYANIN YENİ XİN BAŞÇISI TƏYİN OLUNUB

Böyük Britaniyanın baş naziri Rişi Sunakın Fələstinə dəstək nümayişlərini qadağan etməyə çalışan daxili işlər naziri Suella Breyvermanı vəzifəsindən azad etməsindən sonra, 7 il siyasətdən uzaq olan keçmiş baş nazir Devid Kemeron ölkənin yeni xarici işlər naziri təyin olunub. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, xarici işlər naziri  Ceyms Kleverlinin işdən çıxarılan Suella Breyvermanı əvəz edərək ölkənin yeni daxili işlər naziri olması ilə D.Kemeron da Xarici İşlər Nazirliyində boş olan vəzifəyə təyin edilərək yenidən aktiv siyasətə qayıdıb.

Məlumata əsasən, Devid Kemeron xarici işlər naziri təyin edildikdən sonra verdiyi açıqlamada ölkəsinin Ukrayna və Yaxın Şərqdəki müharibələr də daxil olmaqla, “qorxuducu beynəlxalq çağırışlarla” üzləşdiyinə diqqət çəkib.

“Son 7 ildə siyasətin cəbhə xəttində olmasam da, ümid edirəm ki, 11 il Mühafizəkarlar Partiyasının lideri və 6 il baş nazir kimi təcrübəm bu həyati problemlərin həllində baş nazir Rişi Sunakı dəstəkləməyə kömək edəcək”, - deyə Devid Kemeron vurğulayıb.

BMT-NİN BAŞ KATİBİNDƏN İRANA HƏMAS-LA ƏLAQƏDAR ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş İran hakimiyyətindən Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında bütün girovları azad etməyə məcbur etmək üçün onlara təsir göstərməyi xahiş etdiyini açıqlayıb.

“CNN” telekanalının xəbərinə görə, BMT-nin baş katibi həmçinin, Livanın Fələstin-İsrail münaqişəsinə cəlb edilməməsi üçün rəsmi Tehrandan “Hizbullah” hərəkatına təsir göstərməsini istəyib.

Bununla yanaşı, Antonio Quterreş rəsmi Tehranın onun tələblərinə əməl edib-etməyəcəyini bilmədiyini və İranın mövqeyinin həmişə sirr olaraq qaldığını diqqətə çatıdırıb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, yəni “Hizbullah”ın hücumundan sonra İsrailin reaksiyası Livanın tamamilə məhv edilməsi ilə nəticələnəcək”, - deyə baş katib əlavə edib.

ŞENGEN VİZASINA MÜRACİƏTLƏ ƏLAQƏDAR YENİ QAYDALAR QƏBUL EDİLİB

Avropa İttifaqı Şurası Şengen vizası üçün  yeni qaydalar qəbul edib. “Report” agentliyinin verdiyi xəbərə görə, yeni qaydalara əsasən, Avropa İttifaqı onlayn viza müraciəti platforması yaradacaq.

Bildirilir ki, istisna hallar olmaqla, Şengen vizası üçün müraciətlər həmin platforma vasitəsilə həyata keçiriləcək. Platformada Şengen zonasına səyahət etmək istəyən şəxslər bütün müvafiq məlumatları daxil edə, tələb olunan sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər.

Eyni zamanda, yeni qaydalara əsasən, konsulluqda üzbəüz görüşlərə ehtiyac qalmayacaq. Şəxsi görünüş yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatları artıq etibarlı olmayan insanlar və yeni səyahət sənədi olan şəxslər üçün zəruri olacaq. Bundan başqa, cari viza stikerini kriptoqrafik olaraq imzalanmış barkod əvəz edəcək.

Verilən xəbərə görə, yeni qaydaların tətbiqi tarixi viza platforması və rəqəmsal viza üzərində texniki işlər başa çatdıqdan sonra müəyyən ediləcək.

ETNA VULKANI YENİDƏN PÜSKÜRDÜ

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı yenidən püskürüb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun açıqlamasında bildirilir.

Məlumata görə, püskürmə vulkanın cənub-şərq kraterində baş verib. İnstitutun ekspertlərinin qiymətləndirmələrinə görə, püskürmə sütununun hündürlüyü dəniz səviyyəsindən təqribən 4,5 min metr hündürlükdə olub.

Açıqlmaya əsasən, Etna vulkanının hazırki püskürmə fazası Siciliyanın Kataniya şəhər aerportunun fəaliyyətinə təsir göstərmir.

Qeyd edək ki, Etna vulkanı mütəxəssislərin daimi müşahidəsi altındadır. Bir qayda olaraq, bu vulkanın aktivliyi əhali üçün təhlükə törətmir.

Aİ QƏRBİ BALKAN ÖLKƏLƏRİLƏ YAXINLAŞMAQ ÜÇÜN PLAN HAZIRLAYIB

Avropa İttifaqı (Aİ) Qərbi Balkan ölkələri ilə iqtisadi yaxınlaşmanı artırmaq üçün genişlənmə planı hazırlayıb. Bu barədə “TRT” telekanalının xəbərində qeyd olunur.

Genişlənmə prosesini sürətləndirəcək və iqtisadi artım yaradacaq islahat və investisiyaları dəstəkləmək məqsədilə hazırlanan plana əsasən, Qərbi Balkanlara 2024-2027-ci illər üçün 6 milyard avroluq yeni İslahat və İnkişaf Fondu yaradılacaq.

Məhsulların, xidmətlərin və işçilərin sərbəst hərəkəti, avroməkana çıxış, avtomobil nəqliyyatının asanlaşdırılması, enerji bazarlarının və təchizat zəncirlərinin inteqrasiyası planda prioritet istiqamətlərdir.

Eyni zamanda, Qərbi Balkanlarda iqtisadi inteqrasiya Aİ qaydaları və standartlarına əsaslanan Ümumi Regional Bazar vasitəsilə daha da genişləndiriləcək.

Sözügedən təklifin qüvvəyə minməsi üçün Avropa Parlamentinin və üzv dövlətlərin təsdiqi tələb olunur.

Qeyd edilir ki, plan Aİ-nin Albaniya, Kosovo, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və Monteneqro ilə iqtisadi əlaqələrini artırmaq məqsədi daşıyır.

ABŞ-IN AVİAZƏRBƏLƏRİ NƏTİCƏSİNDƏ İRANLI DÖYÜŞÇÜLƏR HƏLAK OLUB

ABŞ Suriyadakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə aviazərbələr endirib. “Fox News” telekanalının Pentaqondakı yüksək səviyyəli mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ-ın SEPAH-ın Yaxın Şərqdəki bazalarına hücumları nəticəsində azı altı iranlı döyüşçü həlak olub.

Verilən xəbərə görə, Birləşmiş Ştatlar İran və onun müttəfiqlərini İraq və Suriyadakı Amerika qoşunlarını və hərbi bazalarını atəşə tutmaqda ittiham edir. Qeyd edilir ki, bu, artıq ABŞ-ın üçüncü cavab zərbələridir.

Eyni zamanda, “Al Mayadeen” telekanalının məlumatına əsasən, Suriyada ABŞ-ın Koniko bazasına raket hücumu nəticəsində amerikalı əsgərlər həlak olub. Bununla belə, telekanal neçə nəfərin öldüyünü açıqlamayıb.

FRANSA ÇİNİN GÜNƏŞ PANELLƏRİ İLƏ BAĞLI Aİ-DƏN QADAĞA TƏLƏB EDİR

Fransanın üç naziri Avropa Komissiyasına (AK) Avropa bazarını təcili olaraq Çinin günəş panelləri istehsalçılarına bağlamaq tələbi ilə müraciət hazırlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilir ki, müvafiq məktub artıq ölkənin iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bryuno Le Mer, energetika naziri Anyes Panıye-Ryunaşe və sənaye naziri Roland Leskyur tərəfindən hazırlanıb. Onlar iddia edirlər ki, təşəbbüs Çin təchizatçıları ilə rəqabət apara bilməyən Avropa günəş panelləri istehsalçılarının kütləvi müraciətləri fonunda yaranıb.

Məlumata görə, Fransa nazirləri Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkəyə yerli sənayenin zərər çəkdiyi və ya ciddi ziyan vurması riski ilə üzləşdiyi təqdirdə məhsulun idxalına dair çoxtərəfli güzəştləri müvəqqəti dayandırmağa imkan verən Tariflər və Ticarət üzrə Baş Sazişin 19-cu maddəsinə istinad etməyi təklif edirlər.

Qeyd edilir ki, Aİ üçün təhlükə ABŞ və Hindistan hakimiyyətinin Çinin günəş paneli təchizatçılarına artıq tətbiq etdiyi məhdudiyyətlər fonunda baş verir. Nəticədə, onlar ixracatlarını Avropaya yönləndirdilər və 2022-ci ildə artan enerji qiymətləri fonunda tələbin kəskin artmasından sonra 2023-cü ildə böyük məhsul ehtiyatları topladılar və indi onları endirimlərlə satırlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.