İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Növbəti oyunun vaxtı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunun keçirilmə vaxtı məlum olub. Noyabrın 21-də Gəncə şəhərini Azərbaycan çempionatında təmsil edən "Gəncə" klubu "Murov Az Terminal" komandasını qəbul edəcək. Oyun Gəncə Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq. Qeyd edək ki, "Gəncə" klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.

Basketbol Liqasının 4-cü turuna start verilib

Noyabrın 17-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turunun açılışı və günün ikinci oyunu baş tutub.

İlk oyunda Xaçmaz təmsilçisi "NTD-INDIGO" "Xəzri" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan "NTD-INDIGO" yekunda rəqibi üzərində 86-71 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşma "Sumqayıt" və "Neftçi" klubları arasında olub. Görüş "Neftçi" klubunun qələbəsi ilə sona çatıb. Qeyd edək ki, 4-cü turun növbəti oyunları "Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad" və "Sabah" - "Sərhədçi" klubları arasında baş tutacaq.

Gimnastlarımız mərhələ adlayıblar

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.

Yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda finala yüksəliblər. İbrahim Mustafazadə və Ammar Baxşaliyev həmçinin 1-ci dünya çempionatında yarımfinala vəsiqə qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".