DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL ƏMƏLİYYATLARI ATƏŞKƏSDƏN SONRA DA DAVAM ETDİRƏCƏK

İsrail hakimiyyəti müvəqqəti atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək, Fələstinin HƏMAS radikal təşkilatının hərbi və inzibati potensialının məhvi də daxil olmaqla, qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə nail olmaq niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bəyan edib.

“Müharibə qarşıya qoyulan bütün hədəflərə nail olunana qədər davam edəcək: oğurlananların hamısını geri qaytarmaq, HƏMAS-ı məhv etmək və müharibədən bir gün sonra Qəzzaya İsrail vətəndaşları üçün təhlükə yaradan bir qüvvə rəhbərlik etməməsini təmin etmək”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Benyamin Netanyahu əmin edib ki, ölkə hakimiyyəti İsrailin həm cənub, həm də şimal sərhədlərində təhlükəsizliyi bərpa etmək niyyətindədir.

“Biz həm cənuba, həm də şimala təhlükəsizliyi qaytaracağıq. Biz qalib gəlirik və tam qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik”, - deyə baş nazir əlavə edib.

“G7” ÖLKƏLƏRİNİN XİN RƏHBƏRLƏRİNİN BİRGƏ BƏYANATI

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın “Malligyong-1” adlı casus peykini daşıyan raketi orbitə buraxması ilə bağlı bəyanat yayıb. “TRT” telekenalının verdiyi xəbərə görə, bəyanatda bu addımın bölgədəki sülh və sabitliyə təhdid yaratdığı vurğulanıb.

Məlumata əsasən, Pxenyan administrasiyasına nüvə proqramlarından imtina etməsi ilə əlaqədar çağırış edilib və Şimali Koreyanın nüvə silahına malik dövlət statusuna heç vaxt sahib olmayacağı diqqətə çatdırılıb.

Bununla yanaşı, XİN rəhbərləri Koreya yarımadasının nüvə silahından tamamilə təmizlənməsinin vacibliyinə diqqət çəkiblər.

Bəyanatda həmçinin nüvə və ya ballistik raketlərlə bağlı texnologiyaların Şimali Koreyaya göndərilməsi ehtimalından narahatlıq ifadə olunub və Şimali Koreyanın Rusiyaya silah tədarük etməsi kəskin şəkildə pislənilib.

Qeyd edək ki, Şimali Koreya rəsmiləri çərşənbə axşamı “Malligyong-1” peykinin uğurla orbitə buraxıldığını elan ediblər.

NATO-NUN YENİ BAŞ KATİBİ POSTU UĞRUNDA MÜBARİZƏ DAVAM EDİR

Niderlandın baş naziri Mark Rutte gələn il NATO baş katibi Yens Stoltenberqi əvəzləyə biləcək əsas namizəddir. “Bloomberg” agentliyinin məlumatına görə, baş nazir alyansın əsas postu uğrunda mübarizədə estoniyalı həmkarı Kaya Kallası da geridə qoyaraq önə çıxıb.

Mübarizəyə qatılacaq namizədlərin sayına dair hələ qərar verilməsə də, 56 yaşlı Mark Rutte hazırkı baş katib Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəyə keçmək üçün artıq bir çox müttəfiqindən dəstək alıb.

Agentlik iddia edir ki, Rusiya-Ukrayna müharibəsi uzanacağı üçün NATO baş katibinin rolu kritik olaraq qalacaq. “NATO rəhbəri alyansla Rusiya arasında daha geniş eskalasiyadan qaçmalıdır”, - deyə məlumatda bildirilir.

NATO baş katibi vəzifəsinə digər iddiaçılar yuxarıda adı çəkilən Kaya Kallas və Latviya xarici işlər naziri Kristianis Karinsdir. Onlar bir müddət əvvəl bu rolu qəbul etməyə hazır olduqlarını bəyan ediblər. “Baltikyanı dövlətlərin alyansa rəhbərliyinin rəsmi Moskva tərəfindən aqressiv qərar kimi görünəcəyi üçün həm Karins, həm də Kallas ciddi problemlərlə üzləşə bilərlər”, - deyə agentlik vurğulayıb.

FRANSADA İŞSİZ VƏTƏNDAŞLARIN SAYI 2 MİLYON NƏFƏRİ ÖTÜB

Fransada işsiz vətəndaşların sayı ciddi şəkildə artmaqda davam edir. Cari ilin son rübündə bu ölkədə işsizlərin sayı 2 milyon nəfəri keçib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bununla yanaşı, xəbər verilir ki, qeyri-rəsmi məlumata əsasən, işsizlərin sayı hətta 3 milyonu ötüb. Fransanın iqtisadiyyat naziri Brüno Lö Mer bildirib ki, 2023-cü ilin son rübündə işsizlərin sayının 7,4 faiz artmasının əsas səbəbi Avropada iqtisadi böhranın davam etməsi ilə əlaqədardır. Belə ki, iqtisadi böhran Fransa iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Fransa mətbuatı yerli ekspertlərə istinadən yazır ki, ölkədə baş verən iqtisadi geriləmə gələn il də davam edəcək, bunun da nəticəsi olaraq işsizlərin sayı daha da artacaq. Bütün bunlar isə inflyasiyanın artmasına, əhalinin sosial vəziyyətinin pisləşməsinə səbəb olur.

Ekspertlərin fikrincə, gələn il Fransada sosial vəziyyətin pisləşməsi ilə əlaqədar kütləvi aksiyalar qaçılmaz olacaq.

BMT TAXIL SAZİŞİNİN BƏRPA OLUNACAĞINA ÜMİDİNİ İTİRMİR

BMT Qara dəniz taxıl təşəbbüsünün gələcəkdə bərpasına ümidini itirmir və bu istiqamətdə işləri davam etdirir. “Report” agentliyinin məlumatına görə, bunu BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlər üçün keçirdiyi növbəti brifinq zamanı qeyd edib.

“Biz təslim olmuruq. Bu təşəbbüsü davam etdirmək üçün nəyin lazım olduğunu anlamaq məqsədilə tərəflərlə daima iş aparırıq”, - deyə Fərhan Haq bildirib.

BMT rəsmisi sazişin təkcə diplomatiya baxımından deyil, eləcə də dünyada ərzaq qiymətlərinin aşağı salınması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb: “Bu, bütün dünyada insanların rifahına mühüm töhfədir”.

Eyni zamanda, BMT rəsmi Qara dəniz taxıl təşəbbüsünün qısamüddətli, lakin uğurlu olduğunu əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.