DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TERRORA QARŞI ƏN GÜCLÜ MÜBARIZƏ APARAN ÖLKƏ TÜRKIYƏDIR

“Əfqanıstandan Türkiyə vətəndaşlarının təxliyəsini icra etdik, az sayda texniki işçilərimizin təxliyəsini icra edəcəyik”. “APA”nın xəbərinə görə, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, Türkiyənin Əfqanıstanda 20 illik nümunəvi fəaliyyəti var və bu, davam edir.

Türkiyə prezidenti dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə olduqlarını qeyd edib. “Dünyada gücünə güvənən böyük ölkələr Əfqanıstanı terrora təslim edib bu ölkədən çıxarkən ağır bədəllər ödəməli oldular. Əfqanıstandakı terror aktını İŞİD öz üzərinə götürdü, lakin İŞİD-ə qarşı nə kimi mübarizə apardınız? Halbuki İŞİD-lə ən böyük mübarizəni biz apardıq və aparırıq”.

 

ÜST: DÜNYA ƏHALISININ 70 FAIZI GƏLƏN ILƏ KIMI VAKSINASIYA OLUNMALIDIR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hədəfi cari il sentyabrın sonuna qədər planetin əhalisinin azı 10 faizinin vaksinasiyasına nail olmaqdır və bu istiqamətdə irəliləyiş var. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Cenevrədə keçirdiyi brifinqdə ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“Dünya əhalisinin vaksinasiya olunması istiqamətində təşkilata üzv olan dövlətlərin birgə çalışması vacibdir. Sentyabr ayının sonuna qədər dünya əhalisinin 10 faizi, ilin sonuna qədər 40 faizi və gələn ilin ortalarına qədər 70 faizinin vaksinasiya olunması qarşıda duran əsas hədəfdir”, - deyə baş direktor vurğulayıb.

ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri 214 milyon 468 min 601 nəfər koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 milyon 470 min 969 nəfər isə vəfat edib.

 

DUMANIN KOMITƏ SƏDRI: RUSIYA METAL PULLARDAN IMTINA ETMƏLIDIR

Rusiya metal pullardan imtina etməlidir, çünki onların istehsalı nominaldan bahalıdır. “Teleqraf.com”un verdiyi xəbərə görə, Rusiya Dövlət Dumasının iqtisadi siyasət, sənaye, innovativ inkişaf və sahibkarlıq komitəsinin rəhbəri, iqtisad elmləri namizədi Sergey Jiqaryev belə bir çağırış edib.

Komitə sədrinin fikrincə, bu gün dövlətin metal pul hazırlaması israfçılıqdır.

Sergey Jiqaryev metal pulların kağız pullarla əvəz edilməsinin mümkünlüyünü bildirib. “Metal pullar yığışdırılmalıdır, eyni nominallı kağız pulları çap etmək daha yaxşıdır. Bu, daha ucuz və dövlət üçün daha məqsədəuyğun olacaq”, - deyə o bildirib.

Komitə sədri əlavə edib ki, sikkələrdən daha yaxşı göründüyü üçün daha kiçik nominallı kağız pulların istifadəsi yaşlı insanlar üçün də əlverişli olacaq.

Qeyd edək ki, bugünlərdə Rusiyada hər beşinci bankın regionları sikkələrlə təmin etməkdə çətinlik çəkdiyi məlum olub.

 

ALABAMADA MEYITLƏRIN SAXLANMASI ÜÇÜN ARTIQ YER QALMAYIB

ABŞ-ın Alabama ştatında koronavirusdan ölənlərin meyitlərinin saxlanması üçün yer qalmayıb, səlahiyyətlilər mobil soyuducuların yarısını istifadə etmək məcburiyyətində qalıblar. “Report”un verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

“Bu cür addımlar, adətən, kütləvi qəza hallarında, məsələn, eyni anda çox sayda meyit olanda həyata keçirilir. Əslində bu, hazırda Alabamadakı xəstəxanalarda baş verən dəhşətli vəziyyətdir”, - deyə Cons Hopkins Universitetindən olan həkim Skott Harris bildirib.

Həkimin sözlərinə görə, hazırda ABŞ-da koronavirusla bağlı çox çətin vəziyyət yaranıb - son bir həftə ərzində 14 ştatda ölüm halları 50 faiz, digər 28 ştatda isə 10 faiz artıb.

“Ölənlərin sayı o qədər çoxdur ki, meyitləri yerləşdirmək üçün yer tapılmır. Həqiqətən böhran vəziyyətindəyik”, - deyə Skott Harris əlavə edib.

 

ÇIN ABŞ KƏŞFIYYATININ HESABATINA CAVAB VERIB

Çinin ABŞ-dakı səfirliyi Amerika kəşfiyyatının “COVID-19”un mənşəyi ilə bağlı hesabatını tənqid edib. “Report” agentliyinin verdiyi xəbərə görə, müvafiq bəyanat diplomatik missiyanın saytında dərc olunub.

“ABŞ kəşfiyyatı tərəfindən uydurulan hesabat elmi cəhətdən inandırıcı deyil. Mənşəyin öyrənilməsi elmi məsələdir, bunu kəşfiyyat mütəxəssisləri yox, yalnız alimlər edə bilər və etməlidir”, - deyə səfirlikdən bildiriblər.

Sənəddə Çinin araşdırmaya mane olmaq və “COVID-19” haqqında məlumatı beynəlxalq ictimaiyyətlə bölüşmək istəməmək iddiaları ilə qəti şəkildə razılaşmadığı və belə əsassız ittihamları qınadığı vurğulanır. Qeyd olunub ki, Çin əlində olan bütün məlumatları verib və ÜST-lə tam açıq və şəffaf əməkdaşlıq edib.

 

“TALIBAN” HƏRƏKATI QLOBAL NARKOTIK TRAFIKINI BAĞLAYIR

“Taliban” hərəkatı Əfqanıstanda hakimiyyətə gəldikdən sonra narkotiklərlə mübarizə tədbirlərini sərtləşdirmək və xaş-xaş istehsalının qarşısını almaq üçün böyük plan hazıayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Taliban”nın sözçüsü Zabihullah Mücahid açıqlama verib.

“Hazırda təxminən üç milyon Əfqanıstan vətəndaşı narkotik aludəçisidir. Bu bizim üçün faciəli bir nəticədir. Narkotik istehlakı və istehsalından qurtulmağa çalışacağıq. 2001-ci ildə narkotik istehsalını ləğv etməyə müvəffəq olmuşduq. Bəzi əyalətlərdə xaş-xaş hələ də dərman üçün yetişdirilir və yığılır”, - deyə Zabihullah Mücahid qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, bunun qarşısını almaq üçün yalnız bölgə yox, dünyanın digər ölkələri ilə də əməkdaşlıq etmək lazımdır. O bildirib ki, gələcək hökumətin bu problemə xüsusi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

 

ABŞ ƏFQANISTANDA İŞİD TERRORÇULARINA AVIAZƏRBƏLƏR ENDIRIB

ABŞ hərbçiləri Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbələri endirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilir ki, hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının iki başçısı zərərsizləşdirilib.

“ABŞ-ın Silahlı Qüvvələri İŞİD planlaşdırıcısına qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava zərbələri Nanqarhar əyalətinə endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında itki yoxdur”, - deyə açıqlamada bildirilir.

Hava zərbələri avqustun 26-da Kabil aeroportu yaxınlığında törədilmiş, Amerikanın 13 hərbi qulluqçusunun həyatına son qoymuş terror aktından sonra endirilib. Pentaqon hava zərbələrinin terror aktı ilə əlaqəli olub-olmadığını açıqlamayıb.

 

TÜRKIYƏ SƏRHƏDLƏRINI TURISTLƏR ÜÇÜN YENIDƏN BAĞLAYA BILƏR

Hazırda koronavirusa yoluxma hallarının artdığı Türkiyədə turistlər üçün sərhədlərin yenidən bağlanması və yeni məhdudiyyətlərin tətbiqi istisna edilmir. “Report”un verdiyi xəbərə görə, bu barədə “Haber Türk” məlumat yayıb.

Antalya Ticarət və Sənaye Palatası Şurasının keçirilən onlayn toplantısında təşkilatın prezidenti Davut Çetin pandemiyaya və genişmiqyaslı meşə yanğınlarına baxmayaraq, Türkiyənin turist axınını yüksək səviyyədə saxlamağı bacardığını qeyd edib.

Təşkilat rəhbərinin sözlərinə görə, təkcə bu ilin avqust ayında ölkəyə təxminən 2,5 milyon turist səfər edib və bu, 2019-cu ilin göstəriciləri ilə müqayisə oluna bilər. Bununla belə, ilin əvvəlindən etibarən Türkiyəyə gələnlərin sayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə təxminən ikiqat azalma qeydə alınıb: 10,5 milyona qarşı 5,5 milyon nəfər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.