Vətən sərhəddən başlayır
Siyasət

Vətən sərhəddən başlayır

Bir xalqın təşəkkül tapdığı, məskunlaşdığı ərazilər zaman-zaman müqəddəsləşir, doğmalaşır. Hətta onun bir qarışına belə yadların kəm baxması belə  illərlə sürən qanlı müharibələrə çevrilir. Uğrunda canından keçən qəhrəman oğullar bu torpaqları Vətənə döndərir, sərhədlərini göz bəbəyi kimi qoruyur.

30 il öncə mənfur qonşularımızın tarixi torpaqlarımıza göz dikməsi, ərazi bütövlüyümüzü pozması uzun illər davam edən münaqişəyə səbəb oldu. Düşmənin işğalçı siyasəti nəticəsində yamğalanan torpaqlarımızın azadlığı uğrunda hərb meydanına atılan igidlər döyüşərək, canlarından keçərək mərdlik, qəhrəmanlıq nümunəsi göstərdilər. Artıq ərazi bütövlüyümüz, suverenliyimiz tam  təmin olunub. Dövlət başçımızın düşünülmüş siyasəti sayəsində əzəli torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, sərhədlərimizin müəyyənləşdirilməsi, torpaqlarımıza bir daha düşmən ayağının dəyməməsi üçün məqsədyönlü siyasət yürüdülür.

Vətən müharibəsində qazandığı möhtəşəm qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan  müharibənin nəticələrinin aradan qaldırılması   istiqamətində mühüm addımlar atır, 2020-ci il 10 noyabr  Bəyanatının  müddəalarını yerinə yetirməklə regionda sülhü təşviq edir. Beynəlxalq hüquq normalarına uyğun beş baza prinsipindən ibarət sülh müqaviləsinin imzalanmasını təklif edən ölkəmiz dəfələrlə  qarşı tərəfə delimitasiya ilə bağlı danışıqlara hazır olduğunu bildirib. Lakin bu müddət ərzində Azərbaycanın bəyanatlarına heç bir reaksiya verməyən Ermənistan, eyni zamanda ölkəmizlə sərhədinin delimitasiyası məsələsinə də ciddi yanaşmayıb. Beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən ikitərəfli görüşlərdə hər iki ölkənin liderləri sərhədlərin delimitasiya və demarkasiyası haqqında danışıqlar aparsalar da, məsələnin həllində irəliləyiş əldə edilməyib.

44 günlük müharibənin bitməsindən keçən 3 il ərzində  qalib tərəf olmasına baxmayaraq, dövlətimiz Ermənistanla münasibətlərin normallaşmasına, regionda sülhün bərqərar olmasına ciddi cəhd edir. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması,  qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, güc tətbiq etməmək və ya güclə hədələməmək, sərhədlərin delimitasiyası və  kommunikasiyaların açılmasını özündə əks etdirən sülh müqaviləsinin imzalanması üçün bütün formatlarda keçirilən görüşlərdə iştirak edən dövlət başçımız  demişdir: "Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq... Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik". Postmüharibə dövründə baş tutan görüşlərdə sülh sazişinin imzalanması,  sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sərhəd komissiyalarının birgə iclasının keçirilməsi, bölgədə sülhün, əmin-amanlığın təmin olunması yolları müzakirə edilsə də, görüşlərdən qısa müddət sonra bəzi güc  mərkəzlərinin təzyiqi ilə Ermənistan verdiyi sözə əməl etmir. Belə ki, bu il sentyabr ayının 11-də Azərbaycan sülh sazişinin düzəliş edilmiş 5-ci variantını müvafiq izahatlarla birlikdə Ermənistana təqdim etmişdir. Lakin qarşı tərəf sülh sazişi ilə bağlı yeni varianta da münasibət bildirməyi iki aydan artıqdır ki, gecikdirir.

Öz məqsədlərini həyata keçirmək üçün Cənubi Qafqazda vəziyyəti gərginləşdirən qərb bloku sülh prosesinə mane olur. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra xunta rejiminin özünü buraxması, dövlətimizin ərazilərində suverenliyini tam bərpa etməsi ilə yaranan tarixi fürsəti dəyərləndirməyə çağıran Azərbaycan danışıqların intensivləşməsi üçün qətiyyətli addımlar atır. Bu günlərdə Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, əldə olunan razılaşmaya əsasən noyabr ayının 30-da Azərbaycan-Ermənistan sərhəd bölgəsində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək. Budəfəki iclas sərhədlərin tanınması istiqamətində atılan növbəti addım olacaq.

Bu bir reallıqdır ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və tərəflər arasında sərhədlər dəqiqləşdirilir. Bunu tarix də, zaman da, dünya təcrübəsi də göstərib. 44 günlük Vətən müharibəsinin bitdiyi ilk günlərdən Azərbaycan Prezidenti bölgədə sülhün möhkəmləndirilməsi üçün sülh müqaviləsinin imzalanması və sərhədlərin dəqiqləşdirilməsi istiqamətində mühüm təklif və təşəbbüslərlə çıxış edərək sərhədlərin delimitasiyası və demarkasiyasının, kommunikasiyanın açılmasının vacibliyini dəfələrlə bildirib və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.

Vətən sərhəddən başlayır... Sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü hər bir ölkənin, dövlətin varlığında əsas amildir. İstər quruda, istər suda, istərsə də səmada sərhədlərimizin qorunması müstəqil dövlətimizin ən ali vəzifəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".