Ermənistan rəsmiləri bir-birilərinin fikirlərini təkzib edirlər
Siyasət

Ermənistan rəsmiləri bir-birilərinin fikirlərini təkzib edirlər

Alen Simonyanın verdiyi bəyanatlar bir daha sübut edir ki, baş nazir, xarici işlər naziri, prezident və parlament arasında bir-birinə uyğun olmayan hərəkətlilik var. Onların hərəsi bir havadarın sözünü deyir. Məlumdur ki, Azərbaycan tərəfi sülh müqaviləsinin 5 əsas prinsipini çoxdan təqdim edib və cavab gözləyir. Amma düşmən tərəf Fransanın və digər Qərb dövlətlərinin təzyiqi ilə sülh müqaviləsinin imzalanmasına kölgə salacaq bir sıra prinsiplər irəli sürürlər.

Son dövrdə isə Ermənistan hakimiyyəti anti-Azərbaycan dairələrini sülh prosesinə cəlb edir. Sual olunur: Əgər heç bir problem yoxdursa, sülh müqaviləsi bu ilin sonuna qədər imzalanacaqsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızsa nəyə görə özünüzə vasitəçi seçməlisiniz? Buna paralel olaraq dövlətlərdən silah alıb gərginliyi niyə artırırsınız? Almaniyanın və Fransanın "vasitəçiliyi", sonradan Amerika Birləşmiş Ştatlarının havadarlığının əlavə olunması ilə görüşlər təklif edən Ermənistanın niyyəti sülh deyil.

Bu gün sərhədlərin delimitasiya ilə bağlı görüşlərin keçirilməsi gündəmdədir. Bir daha şahid oluruq ki, Ermənistanda rəsmi səviyyədə natamamlıqlar var. Lakin Azərbaycan dövlətinin sülh prosesi ilə bağlı mövqeyi qətidir. Ermənistanın nə daxili, nə xarici siyasəti özünəməxsus deyil. Onlar nəyin bahasına olursa-olsun qərbdən yararlanmaq, Rusiyanın əleyhinə addımlar atmaq, paralel olaraq Türkiyə ilə sərhədi açmağa çalışırlar. Yəni bunların verdiyi bəyanatların hamısı bir-birlərini təkzib etməyə hesablanıb.

Arzu NAĞIYEV,

Milli Məclisin deputatı.