“Qoca qitə”nin Cənubi Qafqazla bağlı planı
Siyasət

“Qoca qitə”nin Cənubi Qafqazla bağlı planı

Yeğeqnadzorda Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası qərargahının açılış mərasimi olub. Sözügedən missiyasının rəhbəri Markus Ritter baş ofisin açılışını elan edib: "Biz bütün Aİ və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik və öz hesabatlarımızla Aİ-nin köməyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə töhfə veririk. Mən ev sahibi Ermənistan Respublikasına və yerli hakimiyyət orqanlarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Düşünürəm ki, biz hamımız razıyıq ki, bu region davamlı sülh və sabitliyə layiqdir və ümid edirəm ki, biz birlikdə bu məqsədin həyata keçirilməsinə töhfə verə bilərik".

Ritter onu da xatırladıb ki, bu ilin fevralında missiya fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. 8 ay sonra, yəni bu gün isə alyansa daxil olan 23 ölkədən 93 üzv göndərilib. Tezliklə Kanada da mülki müşahidə missiyasına qoşulacaq iki müşahidəçi göndərəcək. Əslində, Avropa İttifaqının missiyasının Ermənistanda qərargahının açılması gözlənilən idi, çünki bu istiqamətdə proses artıq gedirdi. Odur ki, burada əsas məqam aylansın bölgədə varlığını nümayişkaranə şəkildə göstərməyə çalışmasıdır. Təsadüfi deyil ki, açılış mərasimində Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos bu prosesi Avropanın Cənubi Qafqazdakı varlığının başlanğıcı adlandırıb. Elə bu açıqlama onu göstərir ki, baş verənlər qərbin böyük planının bir hissəsidir. Yəni qoca qitə Ermənistan ərazisində gedən proseslərə nəzarət etmək, həmçinin regional nəqliyyat layihələrinə birbaşa çıxış əldə etmək istəyir. Müşahidə missiyasının trayektoriyasına baxsaq görərik ki, hərbçilər Zəngəzur dəhlizinin haradan keçməsi planlaşdırılırsa, məhz orada yerləşdirilirlər.

Amma avropalı rəsmilər bu məsələni gündəmə gətirmirlər. Əvəzində sözügedən missiyanın sərhəd bölgələrində olmasının gərginliyin azaldılmasına və yerli əhali arasında təhlükəsizlik hissinin artmasına töhfə verdiyini deyirlər. Yəni qərb nümayəndələri bununla da regional təhlükə olduğuna dair çağırış edirlər. Əslində isə onlar belə bir fikrin formalaşmasında maraqlıdırlar. Çünki Azərbaycanın Ermənistana qarşı "ərazi iddiasında" olmasından, hətta "Qərbi Zəngəzuru" ələ keçirməyə çalışmasından dəm vuran qərb elə bu adla missiyanın coğrafiyasını genişləndirir, əlavə qüvvələr cəlb edir. Məlum məsələdir ki, Fransa başda olmaqla, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəmir. Çünki onlar bilir ki, sülh əldə olunacağı təqdirdə qərbin bölgəyə girməsi üçün heç bir əsas qalmayacaq. Buna görə də maksimum çalışırlar ki, iki dövlət arasında gərginlik müəyyən qədər davam etsin.

Bununla belə, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının açılmasını təkcə Azərbaycanla əlaqələndirmək düzgün deyil. Çünki hadisələrin gedişatı göstərir ki, missiyanın məqsədi Ermənistanda qərbin hərbi bazasını formalaşdırmaqdır. Bu isə bölgədən Rusiyanın sıxışdırılıb çıxarılması deməkdir. "Qoca qitə" uzun müddətdir bu plan üzərində işləyir. Son dövrdə Paşinyan hökuməti Makron Administrasiyası ilə hərbi sahədə saziş imzalayıb, Birləşmiş Ştatlarla birgə hərbi təlimlər keçirib. İndi də Avropa İrəvandakı mövcudluğunu açıq-aşkar nümayiş etdirməklə Ermənistanı öz təhlükəsizlik çətirinə daxil etdiyini bildirir. Bununla da istər Rusiyaya, istər müxtəlif rusyönümlü qüvvələrə mesaj verməyə çalışır. Bu isə qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açması deməkdir.

Amma çoxvektorlu əks qütbdə dayanan güclərin bölgəyə gətirilməsi Ermənistan üçün ciddi problemə çevrilə bilər. Yəni Avropa təmsilçilərinin Cənubi Qafqaza daxil olması və burada varlığını sürdürməsi Ermənistan üçün heç də müsbət perspektiv vəd etmir. Paşinyan hökuməti bu prosesdə qərbə ümid etməməlidir. İrəvanın təhlükəsizliyi Azərbaycanla sülhə imza atmaqdan və qonşuluq münasibətlərini bərpa etməkdən asılıdır. Əgər Ermənistan regional sabitliyi deyil, qərbin təhrikçi yolunu tutsa, ağır nəticələr ilə üzləşməli olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".