İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ağırlıqqaldıranımız Qran-Pri yarışında qızıl medal qazanıb

Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışları keçirilir. "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli qalib olub. 109 kiloqram çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 176 kiloqramı ram edib və bu hərəkətdə qızıl medal qazanıb. O, təkanla qaldırma hərəkətində isə 212 kiloqramı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kiloqram nəticə göstərən təmsilçimiz yekun sıralamada öz çəkisində çempion olub.

Ölkə çempionatına qatılacaq idmançıların sayı açıqlanıb

Dekabrın 15-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə qadın və kişi cüdoçular arasında ölkə çempionatı keçiriləcək. Üç gün davam edəcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq. Azərbaycan çempionatında qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərlərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Çempionatın ilk günündə qadınlar arasında 48 və 63, kişilər arasında 60 və 81, ikinci gündə qadınlar arasında 52 və 70, kişilər arasında 66 və 90, sonuncu gündə isə qadınlar arasında 57, 78 və +78 kiloqram, kişilər arasında isə 73, 100 və +100 kiloqram çəkilərdə qaliblər müəyyənləşəcək.

Çövkən üzrə Prezident Kubokunun püşkü atılıb

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Çövkən üzrə Prezident Kubokunun püşkatma mərasimi keçirilib. "Sərhədçi" İdman Mərkəzində baş tutan tədbirdə iştirakçı komandaların rəsmiləri və media nümayəndələri iştirak ediblər. Püşkün nəticəsinə əsasən, səkkiz komanda hərəsində dörd olmaqla iki qrupa bölünüb. A qrupunda "Sərhədçi-Qarabağ", "Polad", "Köhlən" və "Şirvan" klubları, B qrupunda isə "Sərhədçi-Dilbaz", "Omar", "Zəfər" və "Embawood" kollektivləri mübarizə aparacaqlar. Qrup oyunlarının nəticələrinə əsasən, ilk iki pilləni tutan komandalar yarımfinala yüksələcək. Prezident Kubokunda yalnız milli cins atlar yarışacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".