Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması
Tarix

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələləri və monoetnik erməni dövlətinin yaranması

Qərbi Azərbaycan dedikdə indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlıların yaşadığı coğrafi məkan nəzərdə tutulur.

Bu gün Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixin müxtəlif dövrlərində Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və çar Rusiyasının ərazisinə daxil olmuşdur. Tarixdə ilk erməni dövləti yalnız 1918-ci ildə Cənubi Qafqazda tarixi Azərbaycan torpağında yaranmışdır.

Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərdən əsər-əlamət yox idi. İndiki Ermənistan ərazisində, həmçinin tarixən sabunçu, baharlı, bayandur, qacar, kəngər, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkman, ayrım, qarapapaq, qaramanlı, muğanlı və s. türk tayfaları yaşamışlar. Həmin ərazidə oğuzların 24 boyunun hər biri ilə bağlı yer-yurd adları tarixi ədəbiyyatda və xəritələrdə öz əksini tapmışdır.

Bu gün özlərini "hay" adlandıran toplum tarixi xristianlığın ən qədim kitabı hesab edilən İncilə və müxtəlif xalqların mifoloji qaynaqlarına uyğunlaşdırılmış, orada adları sadalanan şəxslərin prototipləri uydurulmuş və yer-yurd adları saxtalaşdırılmışdır.

1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğu Kilikiyadan İrəvan yaxınlığında Valarşabad kəndindəki Üçkilsəyə - Eçmiədzinə köçürülmüşdür. Həmin vaxtdan etibarən ermənilər İrəvan ətrafında məskunlaşmağa başlamışlar. Matenadaranda saxlanan alqı-satqı sənədlərində Üçkilsənin ərazisinin Azərbaycan ölkəsinin Çuxur-Səəd vilayətində yerləşdiyi qeyd edilir.

1747-ci ildə Nadir şahın ölümündən sonra 1828-ci ilədək Çuxur-Səəd bəylərbəyliyinin ərazisində feodal dövlət kimi İrəvan xanlığı mövcud olmuşdur. Son 200 ildə baş verən hadisələrin təhlili göstərir ki, Ermənistan dövləti Qərbi Azərbaycan ərazisində azərbaycanlıların zaman-zaman kütləvi qırğınlara, soyqırımlarına və deportasiyalara məruz qoyulması və həmin əraziyə ermənilərin kütləvi surətdə köçürülməsi nəticəsində meydana çıxmışdır. Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsi beş mərhələdə həyata keçirilmişdir.

Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsinin mərhələlərinin hər biri "Respublika" qəzetinin oxucularına təqdim edilir.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Ermənistanın 26 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdu. Qərarın 1-ci bəndinə əsasən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfər köçürülməli idi. Bu qərarın icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 26 rayondakı 200-dən artıq yaşayış məntəqəsindən və İrəvan şəhərindən təqribən 100 min nəfər azərbaycanlı öz tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə fürsət verdi ki, İrəvan şəhəri ətrafında, Ermənistanın İran və Türkiyə ilə sərhədləri boyunca azərbaycanlı yaşayış məntəqələrinin əksəriyyətini yer-yurdlarından deportasiya etmək yolu ilə birdəfəlik xəritədən silə bilsin.

V mərhələ

Bu mərhələdə Ermənistandan azərbaycanlıların etnik təmizlənməsi başa çatdırılmışdır. Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən işə salınmışdı. Uydurma "erməni soyqırımı"nın 50 illiyinin qeyd olunması haqqında qərarın qəbul edilməsi erməni şovinizmini daha da qızışdırmışdı. Mixail Qorbaçov 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyası MK-nın Baş katibi seçiləndən sonra "Dağlıq Qarabağ" ermənilərinin öz müqəddəratını təyinetməsi pərdəsi altında Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. "Dağlıq Qarabağ" ermənilərinin öz müqəddəratını təyinetmə məqsədilə Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək yeganə şəxs - Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar. 1988-ci il fevralın 27-28-də "Dağlıq Qarabağ"da və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı.

Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: "Müdafiəsiz, silahsız azərbaycanlıları, adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!". Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyası zamanı rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinino, Spitak, Quqark, Noyemberyan, Krasnoselsk, Vardenis, Yeğeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisian və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər. Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 rayonundan, 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldu.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırımı törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru.