Tarixin ibrət dərsi
Tarix

Tarixin ibrət dərsi

Millətin qan yaddaşı

Vaxt və tarix anlayışları arasındakı mübahisədə qazanan tərəf bir qayda olaraq ikincidir. Baxmayaraq ki, hər iki kateqoriya xronoloji statist, başqa sözlə, zaman ölçüsü kimi çıxış edir, vaxt ani, situativ hadisələri, tarix isə daha çox ləngərli, davamlı, epoxal prosesləri ehtiva edir. Azərbaycanın ən yeni tarixi bu cür yaddaqalan, ibrətamiz, millətin qan yaddaşına hopmuş təqvim günlərini unutmamağa çağırır.

Bu qəbildən də ötən əsrin son onilliyi xüsusilə fərqlənir. Keçmiş ittifaq rəhbərliyinin yürütdüyü məkrli siyasət bir tərəfdən cəmiyyətdə dezinteqrasiya meyillərinin artmasına, iqtisadiyyatın çökməsinə səbəb olurdusa, digər tərəfdən də yerlərdə milli-azadlıq hərəkatının alovlanmasına, yeni ictimai şüur və milli ideologiyanın təşəkkülünə təkan verirdi. Mərkəzi hakimiyyət ölkənin dörd bir yanında günü-gündən vüsət taparaq "cızığından çıxan" "mərkəzdənqaçma" proseslərini məcrasına qaytarmaq məqsədilə istər imperiya, istərsə də 70 illik kommunist ideologiyası dövründə zaman-zaman müraciət etdiyi etnik separatçılıq və "xalqların milli müqəddəratı" kartını ortaya atdı. Qazaxıstan, Pribaltika və  Gürcüstanda xalq hərəkatı görünməmiş qəddarlıqla yatırıldı. Növbədəki hədəf  Azərbaycan idi - "Sumqayıt" hadisələri, Xankəndidən səslənən "Miatsum" çağırışları, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın dədə-baba torpaqlarından qovulması Kreml tərəfindən riyakar sükutla qarşılandı desək, azdır, əslində, ermənipərəst rəhbərliyin və xaricdəki havadarlarının "xeyir-dua"sı ilə baş tutdu.

Keçmiş Dağlıq Qarabağ ərazisində rəsmi Ermənistanın fitvası və yaxından iştirakı ilə hərbi əməliyyatların başlanması Moskva tərəfindən xalqların öz müqəddəratlarını təyinetmə hüququ kimi təqdim edildi. Böyük siyasi oyun gedirdi: ortaya Azərbaycanın taleyi qoyulmuşdu.

Bir qədər irəli gedərək deyək ki, Azərbaycanın bəlalarının Ermənistanla bağlı olduğunu bütün dünya bilir. Hamıya məlumdur ki, Azərbaycanın heç vaxt Ermənistan adlı problemi olmayıb. Belə ki, Cənubi Qafqazın bu iki ölkəsinin iqtisadi imkanlarını, ictimai-siyasi səviyyəsini, mədəni-mənəvi irsini və s. müqayisə etmək mümkün deyil. Təxminən 200 il əvvəl də, ötən əsrin əvvəllərində və 80-ci illərin sonunda da erməniləri bizə qarşı qaldırmışlar.

Erməni təbliğatının anti-Azərbaycan fəaliyyəti həmin dövrdə daha geniş miqyas aldı və ölkə rəhbərliyinin qətiyyətsizliyi, prinsipsizliyi nəticəsində keçmiş Dağlıq Qarabağ münaqişəsinin yaranıb alovlanmasına səbəb oldu. Münaqişənin ilkin mərhələsində, qeyd etdiyimiz kimi, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından - Qərbi Azərbaycandan qovuldu. Ölkə rəhbərliyinin cinayətkar qətiyyətsizliyi getdikcə güclənməkdə olan xalq hərəkatını boğmaq məqsədilə 1990-ci ilin yanvarında Bakıya silahlı qoşun dəstələrinin yeridilməsi və 20 Yanvar faciəsi ilə nəticələndi. Yenə də qan, nifrət, qəzəb... Yüzlərlə günahsız azərbaycanlı məhv edildi, şikəst oldu, yaralandı. Tariximizin bu faciəsi də erməni faktoru və "sapı özümüzdən olan baltalar" olmadan keçinmədi.

20 Yanvarda nələr baş verirdi? Əliyalın xalqı sovetin hərb maşınının üstünə qaldıran nə idi? Axı, hələ 91-in nəinki SSRİ-nin, bütövlükdə dünyanın müqəddəratını dəyişəcək tarixi Belovejsk anlaşmasına bir il vardı. O vaxtlar daxildə xalqın meydanlara ayaq açmış milli-azadlıq mübarizəsindən öz merkantil maraqları naminə bəhrələnmək istəyən qüvvələr vardı. Ancaq minlərlə insanı küçələrə tökən əsas məqsəd xalqın yenicə dadmağa başladığı azadlığın, müstəqilliyin şirin dadı idi. Azadlıq uğrunda boynuna kəfən dolamağı, qurban verməyi bacarmayan bir xalq heç vaxt belə bir bəşəri neməti haqq edə bilməzdi. 

20 Yanvar tarixi xalqın ləyaqətinə təcavüz, azadlıq uğrunda mübarizəsinin qarşısına sədd çəkmək qəsdi idisə də, digər tərəfdən... 20 Yanvar imperiya əsarətinə etiraz nümunəsi,  taleyüklü məqamlarda xalqın bir yumruq kimi birləşərək zindan çəkici kimi zülmün başına enməyə hazır olduğunun bariz nümayişi,  ən ali varlıq olan Vətən uğrunda ölümə hazır olanların şücaət və qürur hekayəsi idi.

Bəlkə də həmin gecə heç kim ölüm haqqında, havada uçuşan qəfil güllələrdən birinin hər an onu haqlaya biləcəyi barədə düşünmürdü. Əslində, buna nə vaxt vardı, nə macal.

Bu, əbədiyyətin ani, fani üzərində təntənəsi idi!

Bəli, həmin gün tək Azərbaycan deyil, dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlılar matəm tutdular öz şəhidləri üçün. Lakin Azərbaycan xalqının qüdrəti onda idi ki, bu hadisələrdən yenilmədi, matəm gününü özünün qəhrəmanlıq, birlik və qədirkeşlik gününə, qan yaddaşına çevirməyi bacardı. Bu cür tarixlər insanları, xalqları kiçiltmir, əksinə, onların əzmkarlığına, mübarizliyinə dəlalət edir. Çünki yaddaşımıza, qanımıza yazılıb.

1990-cı ilin çətin, keşməkeşli günlərində ulu öndər Heydər Əliyev hər cür təqib və təhlükəyə baxmayaraq Moskvada Azərbaycan xalqına qarşı sovet ordusu tərəfindən törədilmiş bu amansız soyqırımı aktını pislədi. Respublikada ikinci dəfə hakimiyyətə gələndən sonra isə 20 Yanvarın ölkənin qanunverici hakimiyyəti - Milli Məclis tərəfindən hüquqi və siyasi qiymətini almasının təşəbbüsçüsü kimi çıxış etdi. 

Başlanğıcını 1988-ci ildən götürən erməni işğalı, keçmiş Dağlıq Qarabağda aparılan işğalçı müharibə və etnik təmizləmə sonralar azərbaycanlıların soyqırımı qurbanlarının sayını bir neçə dəfə artırdı. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən artıq həmvətənimiz həlak olmuş, 20 mindən çoxu   yaralanmış, 50 mindən çoxu əlil olmuş, dörd mindən çoxu əsir və itkin düşmüşdü. 1992-ci il fevralın 26-da əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi Yer üzündən silinmiş, 63 nəfəri azyaşlı uşaq və 106 nəfəri qadın olmaqla, 613 nəfər dinc əhali vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər sakin əsir götürülərək ağlasığmaz işgəncə, təhqir və həqarətə məruz qalmışdı.

Bütün bunların nəticəsi kimi, təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır.

Bu gün bizi əlləri biləyinə kimi Azərbaycan xalqının qanına bulaşmış sovet-kommunist xuntasının qanlı cinayətindən tam 34 illik bir tarix ayırır.

Rəşadətli Ordumuzun şücaəti sayəsində Azərbaycanın suverenliyinin onun bütün ərazisində bərpa edilməsi, şəhidlərimizin qanının yerdə qalmaması 20 Yanvarı və qanlı yaddaşımızda yer almış digər ağır günləri xalqımızın azadlıq, müstəqillik, qəhrəmanlıq rəmzinə çevirmişdir.

Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir və bu gün vəfa örnəyinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət edən hər bir soydaşımız onları, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş övladlarımızı yad edərək müqəddəs ruhları qarşısında baş əyir.

Şəhidlər ölməz, vətən bölünməz!

Aygün HACIYEVA,

1 saylı Bakı "Asan xidmət" mərkəzində

Notariat ofisinin xüsusi notariusu,

hüquq elmləri üzrə fəlsəfə doktoru.