MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Kazan Ailə Mərkəzi

Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində inşa olunan Kazan Ailə Mərkəzi 2013-cü il iyulun 5-də istifadəyə verilib. Tatarların ənənəvi çuqun qazanı formasında inşa olunan binanın tikinti işləri cəmi 1 il 6 ay çəkib. Layihənin ideya müəllifi Buryat əsilli əfsanəvi heykəltaraş və rəssam Daşi Namdakovdur. Bütün şəhərin unikal memarlıq görünüşünə uyğun stilizə edilmiş nəhəng "qazan" tatarların ailə dəyərlərini simvolizə etdiyi üçün yerli əhali arasında "Çaşa" adlandırılıb.

Mərkəzin interyerində Volqa bölgəsində yaşayan bolqar xalqının və  kazan xanlığı dövrünün mədəniyyətini əks etdirən elementlərdən istifadə edilib. Sarayın ən son mərtəbəsində isə 32 metr hündürlükdə ətraf ərazinin möhtəşəm panoramasını təqdim edən müşahidə göyərtəsi yerləşir. Müxtəlif ornamentlərlə bəzədilmiş müşahidə göyərtəsinə qalxmaq üçün üç lift var. Orijinal arxitekturaya malik saray xüsusi işıqlandırma sistemi sayəsində axşamlar alovun üzərində qaynayan qazana bənzəyir. Mərkəzdə hər gün 100-ə qədər cütlüyün nikahı qeydiyyata alınır.

Siena Kafedralı

İtaliyan memarlığının ən gözəl nümunəsi olan Siena Kafedralı Müqəddəs Məryəmin mövludu münasibətilə tikilib. İntibah dövrünün şah əsəri hesab edilən bu kafedral Toskana bölgəsinin Siena şəhərində inşa edilib. 1215-1263-cü illərdə tikilən məbədin fasadının bəzədilməsi uzun illər davam edib, 2006-cı ildə kafedralda genişmiqyaslı restavrasiya işləri aparılıb. Kafedralın döşəməsində mərmər panellərdən ibarət 56 rəsm əsərinin hazırlanması isə 600 il çəkib.

Qotik üslubda tikilən dini kompleks latın xaçı şəklində dizayn edilib. Zolaqlardan ibarət kafedralın fasadında ağ, qara və yaşıl mərmərdən istifadə olunub. Əsl sənət əsəri olan fasad dövrün ən məşhur ustaları, o cümlədən Donatello, Covanni Pisano, Covani de Aqostino, Covanni di Çekko və  Mikelancelo Buonarroti kimi memarlar və heykəltaraşlar tərəfindən hazırlanıb. Tikilinin daxili divarlarında  yepiskopların büstləri, Madonna və Uşaq heykəli  yer alır. Müqəddəs Məryəmin  təsvir edildiyi tunc qapı isə məbədin Qərb hissəsində yerləşir. Toskananın firavanlıq simvolu olan Siena Kafedralı hazırda katolik xidmətlərlə yanaşı,  həm də muzey kimi də fəaliyyət göstərir.

Buz Pavilyonu

Qərbi Qrenlandiyanın Sarfannquak qəsəbəsində inşa olunan qeyri-adi Buz Pavilyonu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.  2019-cu ildə  UNESCO-nun sifarişi ilə ərazinin təbii landşaftını qeyd etmək, eləcə də orada tarixən məskunlaşan inuitlərin unikal mədəniyyətini vurğulamaq məqsədilə tikilən abidə "Konstantin Arkitekter" memarlıq bürosu tərəfindən layihələndirilib. Qrenlandiya mədəniyyətinin orijinallığını əks etdirən layihənin hazırlanması zamanı tədqiqat aparan isveçli memar Konstantin İkonomidis yerli sakinlərlə ünsiyyətdə olub. "Burada yaşayan yerli əhali ilə söhbət etdiyim zaman mən bu ərazinin onlar üçün nə qədər dəyərli olduğunu öyrəndim. İnsanların danışdığı əfsanələri dinlədikdən sonra təbiətin həssaslığını vurğulayan şüşə bloklardan istifadə etmək qərarına gəldim", - deyə memar bildirib.

Qayanın üzərində olan metal dirəklərə bərkidilən 1200 kərpic formalı şüşə blokların çəkisi təxminən 5 tondur. "WonderGlass" şirkəti tərəfindən hazırlanan şüşə bloklar xüsusi yapışdırıcı vasitəsilə bir-birinə bərkidilib. Qayaların üzərində dayanan zərif şüşə pavilyon yerləşdiyi ərazinin simvoluna çevrilib. 

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".