Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi": Strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb

"Biz iki ölkə arasında bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu qeyd etmək istəyirik. Bu Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb edir", - bunu BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Bakıda azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu", "ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi" və digər sənədlər imzalanıb.

"Tass":Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınanların sayı 7 nəfərə çatıb

"Tass" yazır ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası daha 4 namizədi qeydə alıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, bu il yanvarın 8-də Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib, dekabrın 21-də isə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

"Trt World": Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin tikintisi başa çatmaq üzrədir

Azərbaycan özünün qərb rayonlarını Naxçıvan eksklavı ilə birləşdirən və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Orta Asiyaya uzanan Zəngəzur dəhlizindən keçən avtomobil və dəmir yollarının tikintisini davam etdirir.

Bu barədə "Trt World" xəbər saytı məlumat yayıb. Müharibədən sonra Azərbaycan öz ərazilərindən Ermənistan sərhədinə qədər uzanan avtomobil və dəmir yollarının tikintisinə başladı. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tikintisi sürətlə davam etdiyi halda, Ermənistan layihə ilə bağlı heç bir addım atmayıb. Ermənistanla razılaşma olmadığından Azərbaycan da alternativ yollar üzərində işləyir. Yol tikintisinin 80 faizdən çoxu artıq tamamlanıb.

"İnterfax": Azərbaycan 2040-cı ilə qədər Abşeronda dörd bərpaolunan enerji stansiyası tikmək niyyətindədir

İnterfax xəbər verir ki, Azərbaycan hökuməti 2040-cı ilə qədər Abşeron yarımadasında dörd bərpaolunan enerji elektrik stansiyası tikməyi planlaşdırır. Hökumətin 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin 2040-cı ilədək Baş İnkişaf Planına əsasən Ələt, Sabunçu, Mərdəkan, Lökbatan yarımmərkəzlərində ümumi gücü 1200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Günəş elektrik stansiyaları 400, 200 və 100 MVt, külək stansiyaları isə 500 MVt gücündə olacaq. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə azı 4,3 milyard manat (hazırkı məzənnə ilə 2,5 milyard ABŞ dolları) əsaslı investisiya qoyulacaq. Stansiyalar 2650 hektar ərazidə yerləşəcək. 2040-cı ildən sonra Abşeronda bərpaolunan enerji mənbələrinin inkişafı üçün əlavə olaraq 3310 hektar torpaq sahəsi ayrılacaq.

"Tacikistan XİN": Gənclər və idman naziri Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Tacikistan Xarici İşlər Nazirliyi rəsmi saytında Gənclər və idman naziri Fərid Qayıbovun yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon ilə görüşü barədə məlumat yayımlayıb. Xəbərdə nazirin səfirə ölkəmizin gənclər siyasəti və idman sahəsində son illərdə görülən işlər və qazanılan uğurlar barədə məlumat verdiyi bildirilib. Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri də müzakirə olunub.

Qeyd edək ki, görüşdə səfirliyin birinci katibi Muhiddin Yoqubzoda da iştirak edib.                         

"Respublika".