Xocalı soyqırımı qurbanlarının xatirəsi xarici ölkələrdə də böyük ehtiramla yad edilib
Diaspora

Xocalı soyqırımı qurbanlarının xatirəsi xarici ölkələrdə də böyük ehtiramla yad edilib

TÜRKİYƏ

Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı İstanbulda anım mərasimi keçirilib. Mərasimdə ilk öncə iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının ruhuna "Qurani-Kərim"dən ayələr oxunub.

Tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların və dövlət qurumlarının nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən sosial elmlər üzrə yazıçı Metin Yıldırım, İSTAD-ın sədri Səfər Qaraqoyunlu, beynəlxalq hüquq üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev və digər natiqlər, 32 il əvvəl Ermənistanın Azərbaycana hərbi təcavüzündən, eləcə də ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı siyasətindən danışıblar. Onlar ermənilər tərəfindən törədilən bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağını vurğulayıblar.

Tədbirdə çıxış edən TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə deyib: "Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. Lakin 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsi düşmənə və onun havadarlarına göstərdi ki, 30 ildə bizi heç nə sarsıda bilməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində günahsız xocalılıların qisası alındı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi və ərazi bütövlüyümüz təmin olundu".

Mərasimdə Xocalı soyqırımından bəhs edən fotosərgi nümayiş etdirilib.

***

Fevral ayının 22-dən başlayaraq Diasporla İş üzrə Dövlət Komitəsi və TADEF-in birgə təşkilatçılığı ilə Türkiyənin müxtəlif bölgələrində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbirləri keçirib. Belə tədbirlərdən biri də Manisa şəhərində baş tutub.

Manisa Böyükşəhər Bələdiyyəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, Manisa Böyükşəhər Bələdiyyəsinin, siyasi partiyaların, QHT-lərin nümayəndələri və Cəlal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. "Unutmadıq, unutdurmayacağıq" adlı tədbir təşkil olunub.

Universitetdə təşkil olunan Xocalı soyqırımından bəhs edən fotosərgiyə baxış keçirilib, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş buklet və broşürlər tədbir iştirakçılarına paylanılıb.

Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül tədbir iştirakçılarını salamladıqdan sonra Xocalı soyqırımı haqqında məlumat verib.

Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professoru Əmir Əliyev və Cəlal Bayar Universitetinin dosenti İrfan Murat Yıldırımın mövzu ilə bağlı məruzələri dinlənilib. İ.M.Yıldırım, Xocalı soyqırımına qədər və sonrakı dövrlə bağlı geniş tarixi-siyasi və elmi faktları iştirakçılara çatdırıb. Ə.Əliyev isə soyqırımı hüquqi, xüsusilə beynəlxalq hüquq və münasibətlər konktekstində təhlil edərək, qlobal arenada tanıdılmasının texnologiya və əsaslarından danışıb.

Çıxışlardan sonra "İşgəncələr məbədi - Şuşa həbsxanası" sənədli filmi nümayiş olunub.

Manisa Kültür Mərkəzində isə "Xocalı soyqırımı" adlı fotosərgi təşkil olunub.

***

Xocalı soyqırımına həsr edilən daha bir anım tədbiri Eskişehir vilayətində baş tutub. Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirin açılışında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Eskişehirdə təhsil alan azərbaycanlı tələbə Fidan Hüseynli, tədbir iştirakçılarını salamlayaraq, Xocalı soyqırımı barədə məlumat verib və digər azərbaycanlı tələbə Turan Novruzlu ilə birlikdə Xocalıyla bağlı şeirlər səsləndirib.

Daha sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən dərnəyin sədri Cavid Aydın, sədr  müavini Sirac Yaquboğlu və Türkiyənin Anadolu Universitetinin professoru Gökhan Güneysu, həmin qanlı gecə Xocalıdan olan dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışıblar. Vurğulanıb ki, bu vəhşilik əsrlər keçsə də unudulmayacaq.

***

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar İzmirin Altındağ Atatürk Kültür Mərkəzində fotosərgi və anım mərasimi keçirilib. Tədbir İzmirdə fəaliyyət göstərən QHT-lərin, yerli ictimaiyyətin, siyasi partiyaların, eləcə də İzmir şəhərindəki Azərbaycan icmasının üzvlərinin, o cümlədən azərbaycanlı tələbələrin iştirakı ilə baş tutub.

Anım mərasimi Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində ilk öncə Xocalı soyqımının dəhşətlərini əks etdirən fotosərgiyə baxış keçirilib. Tədbir iştirakçılarına soyqırımla bağlı Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş buklet və broşürlər paylanıb.

Tədbirdə çıxış edən İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna, Bornova Bələdiyyəsinin sədr müavini Barbaros Taşer və TADEF sədrinin müavini Pərviz Məmmədzadə Xocalı soyqırımı barədə qısa məlumat veriblər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev, İzmir Dokuz Eylül Universitetinin professorları Gülmira Kuruoğlu və Ülviyyə Aydın tədbirdə məruzə ilə çıxış ediblər.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi və ötən ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə yanaşı, Azərbaycan ərazisində separatizmin kökünü də kəsdi. Bu Zəfər həm də bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasının alınması idi.

Sonda məruzəçilərə təşkilatçılar tərəfindən plaket təqdim olunub.

Onu da qeyd edək ki, fevralın 26-da İstanbulun ən çox turist məkanı hesab olunan  Beyoğlu rayonunda, bəşəriyyətə qarşı yönələn bu cinayətin bir daha təkrarlanmaması və unudulmaması üçün gün ərzində  bir çox ünvanların ana ekranlarında Xocalı soyqırımı ilə bağlı görüntülər yayımlanıb.

İSRAİL

İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Yəhudi Xalqları Muzeyində (Diaspor Muzeyi) Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman (Yana Salman) 613 günahsız insanın erməni işğalçıları tərəfindən qətlə yetirilməsi haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları Yerusəlim yaxınlığındakı Prezident Parkında 2014-cü ildə Azərbaycan-İsrail ("Azİz") Beynəlxalq Assosiasiyası tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə əkilmiş ağacların olduğu meşə ərazisini ziyarət ediblər.

Azərbaycanın İsraildəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və "Azİz" Beynəlxalq Assosiasiyası adından "Xocalı 613" məlumat lövhəsinin önünə əklil qoyulub.

ALMANİYA

Köln şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Köln Katedralının qarşısında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibəti bəsləyən icmaların nümayəndələri iştirak edib.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra canlarını vətən torpaqları uğrunda fəda edən şəhidlərin və Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, mərkəzin idarə heyətinin üzvü Qəzənfər Kazımov, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış edərək, Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, xaricdə yaşayan azərbaycanlıların o dəhşətli günlərin ağrı-acısını unutmadığını, Xocalı soyqırımı törədənlərin layiqli cəza alması üçün Azərbaycan diasporu tərəfindən mütəmadi olaraq müxtəlif səpkili tədbirlər həyata keçirildiyini bildiriblər.

Aksiya iştirakçıları tərəfindən erməni vandalizmini əks etdirən informativ plakatlar nümayiş olunub, alman və ingilis dillərində nəşr olunmuş kitablar, fleyerlər, broşürlər şəhər sakinlərinə paylanıb. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət fotosərgi yerli ictimaiyyətin marağına səbəb olub.

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının dalğalandığı, 200-dən çox şəxsin iştirak etdiyi tədbir "Koroğlu" operasından uvertüranın səslənməsi ilə başa çatıb.

POLŞA

Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

Mərasimdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalıda törədilmiş dəhşətli qətliamı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib, soyqırımı qurbanlarının şəkilləri önünə qərənfillər düzülüb, şamlar yandırılıb. Sərgidə iştirak edən polyaklara qətliam barədə ətraflı məlumat verilib.

ABŞ

Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş "Remember Khojaly" adlı tədbir keçirilib.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət göstərən "Azərbaycan Mərkəzi"nin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrin diplomatik nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, eləcə də Azərbaycana dost icmaların üzvləri iştirak edib.

Tədbirdə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson çıxışında Xocalı soyqırımına dair bəyannamə imzaladığını və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcəyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova qeyd edib ki, 30 ildən çoxdur Azərbaycan xalqı dünyanın hər yerində "Xocalıya Ədalət" şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Nigar Şirəlizadə soyqırımla bağlı beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatlardan söz açıb və beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı məsələsində ədalətli olmağa çağırıb.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi Qarabağ və Xocalı soyqırımı haqqında siyasi-analitik məruzə ilə çıxış edib.

"Respublika".