İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləşçimiz reytinq turnirinin çempionu olub

Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində çıxışlarını başa vurub. 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sənan Süleymanov finalda macarıstanlı rəqibinə qalib gələrək, reytinq turnirinin çempionu olub. Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kiloqram) bürünc medal qazanıb. Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində daha əvvəl üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.

"Paris-2024" Yay Paralimpiya Oyunlarına daha üç lisenziya

Azərbaycanın üç parataekvondoçusu "Paris-2024" Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqə əldə ediblər. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq ilk "altılıq"da yer alacağı rəsmiləşib. Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar. Qeyd edək ki, "Paris-2024" Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.

Boks üzrə Azərbaycan millisi ABŞ-a yollanıb

Boks üzrə Azərbaycan millisi Olimpiya çəki dərəcələri üzrə lisenziya turnirlərinə və "Paris-2024" Yay Olimpiya Oyunlarına hazırlığı ABŞ-ın Kolorado ştatında davam etdirəcək. Hazırlıqda Nicat Hüseynov (54 kiloqram), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kiloqram), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) iştirak edəcəklər. Hazırlıq fevralın 1-dək davam edəcək. Qeyd edək ki, Azərbaycan millisinin heyətində Murad Allahverdiyev (80 kiloqramda) və Məhəmməd Abdullayev (+92 kiloqramda) "Paris-2024"ə lisenziyanı III Avropa Oyunlarında qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".