İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Sərbəst güləşçilərimiz beş medal qazanıblar

Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıb. Millimizin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar. Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub.

 

İdmançılarımız “Zəfər kuboku”nu 12 medalla başa vurublar

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında “Zəfər kuboku” başa çatıb. Yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib. Yunan-Roma güləşi üzrə çıxış edən 9 idmançımız fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub. 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub. Qadınların  mübarizəsində Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medala layiq görülüblər. Yığmamız 63 xalla 3-cü yeri tutub. Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medala sahib olublar.

 

“Prezident kuboku-2023” beynəlxalq reqatası keçiriləcək

Mayın 4-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Prezident kuboku-2023” beynəlxalq reqatası keçiriləcək. Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək. “Prezident kuboku-2023” beynəlxalq reqatası mayın 4-də Suqovuşanda start götürəcək. Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq. Yarışların növbəti iki günü - mayın 5-6-da Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Reqatanın bağlanış mərasimi mayın 7-də Bakıda baş tutacaq. “Prezident kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gələcək.

Nərgiz İSMAYILOVA,

“Respublika”.