Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Bu məhsulu almaq üçün üzünüz skan ediləcək

"Apple" şirkəti yaxın müddətdə yeni "Apple Vision Pro" adlı qarışıq reallıq eynəyini satışa çıxaracaq. Maraqlısı budur ki, sözügedən məhsulu sifariş etmək istəyənlər ilk öncə uyğun ölçünü müəyyən edə bilmək üçün üzlərini skan etməli olacaqlar.

Bundan əlavə, hətta eynəyi sifariş etmək istəyənlər daha bir neçə mərhələdən keçmək məcburiyyətində qalacaqlar. Çünki "Apple Vision Pro" istifadəçinin üzünə tam uyğunlaşmaq üçün müxtəlif aksessuarlar tələb edən məhsuldur. Görünən odur ki, Apple müştərilərinin məmnun qalması üçün əlindən gələni əsirgəmir.

Məhsulu sifariş etməyə hazırlaşanlar onlara uyğun ölçüləri almaq üçün "Apple Store" tətbiqi vasitəsilə üzlərini üçölçülü skan etməlidirlər. Hələlik şirkət rəsmi olaraq bu barədə açıqlama verməsə də, "Apple Store" tətbiqində aşkarlanan kodlardan birində məhz bu ifadə qeyd olunur: "Apple Vision Pro" ölçüsünü müəyyən etmək üçün üzünüzü skan edə bilərsiniz". Bu skan istifadəçilərə müvafiq ölçü barədə məlumat verəcək, beləliklə alıcılar sifariş verərkən doğru ölçünü təxmin etmək məcburiyyətində qalmayacaqlar.

Şirkətdən verilən məlumata görə, sözügedən məhsul fevralın 2-də rəsmi olaraq satışa çıxarılacaq və 256GB yaddaşa malik olan eynəyin qiyməti 3500 dollar olacaq.

ABŞ-da simsiz şarj stansiyaları istifadəyə verildi

Son dövrlər elektromobillərə olan tələbat durmadan artır. Məhz bu səbəbdən şarj texnologiyaları da günü-gündən inkişaf edir. Belə ki, bu yaxınlarda ABŞ-ın "Ideanomics şirkəti" tərəfindən elektromobillər üçün 500 kVt simsiz şarj stansiyaları istifadəyə verilib.

Yeni istifadəyə verilən simsiz şarj stansiyalarının üstün cəhəti odur ki, daha irihəcmli batareyalara sahib olan elektromobillərin əlavə vaxt itkisi olmadan sürətlə doldurulmasını təmin edir. Bu stansiyaların digər üstünlüyü isə çox soyuq havalarda belə problemsiz fəaliyyət göstərə bilməsidir. Belə ki, ekstremal hava şəraitlərində enerji doldurmağa imkan verən yeni şarj stansiyaları 125 kVt, 250 kVt, 380 kVt və 500 kVt şarj seçiminə malikdir. Sürətli, simsiz induktiv şarj texnologiyasından istifadə edilən stansiyalarda elektromobillər yola yerləşdirilmiş doldurma lövhələri vasitəsilə şarj edilir. Bu texnologiyadan istifadə edə bilmək üçün isə elektromobillər əlavə olaraq doldurma lövhəsi ilə təchiz edilməlidir. Məhz bu lövhələr üst-üstə gəldikdə yüksək sürətli şarj etmək mümkün olur. Hazırda bu şarj lövhələrindən bir neçəsi "Long Beach" ve "Los Angeles" limanına quraşdırılıb.

"Yeni layihəmiz göstərəcək ki, simsiz enerji doldurma fasiləsiz şarj infrastrukturu tələb edən orta və ağır yük maşınları üçün geniş miqyasda ən effektiv həldir", - deyə şirkətin rəhbəri Robin Mackie bildirib.

Marsın ekvatorunda buz örtüyü aşkar edilib

Avropa Kosmik Agentliyinin (EKA) "Mars Express" kosmik aparatı Marsda onun ümumi səthini 1.5-2.7 metr dərinlikdə okeanla əhatə olunmasına kifayət edəcək qədər su təbəqəsi aşkar edib.

Qeyd edək ki, sözügedən missiya çərçivəsində kosmik aparat artıq 20 ildir ki, qırmızı planeti müşahidə edir. Mütəxəssislər bildiriblər ki, kəşf edilmiş təbəqə planetin ekvatorunda yerləşir. Məlumata görə, bərkimiş vulkanik kül və tozla  örtülmüş buzun qalınlığı 3.7 km təşkil edir. Həmçinin müəyyən edilib ki, aşkar edilmiş buz təbəqəsi toz vasitəsilə çirkləndiyi üçün kristallik təmiz deyil. Hesab edilir ki, bu təbəqə 3 milyard il ərzində lava axınından formalaşıb və daha sonra qalın vulkanik kül layı ilə örtülüb. Aşağı və ekvatorial enliklərdə Mars səthinin altında buzun olması uzaq keçmişdə bu planetin iqliminin necə fərqli olduğundan xəbər verir.

Mütəxəssislərin fikrincə, kəşf edilmiş buz örtüyünün ekvatorun yaxınlığında yerləşməsi onu gələcək Mars missiyalarında iştirak edəcək astronavtlar üçün daha əlçatan edir. Tədqiqatçılar güman edirlər ki, buzu örtən qabığın qalınlığı bir neçə yüz metr təşkil etdiyindən həmin mənbədən suyun əldə edilməsi çətinliklər yaradacaq.

"BMW" şirkətində insanabənzər robotlar çalışacaq

Qısa müddət ərzində robototexnika sahəsində populyarlıq qazanan "Figure" adlı startap "BMW" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Belə ki, iki şirkət arasında bağlanan müqaviləyə əsasən "BMW" "Figure" nin insanabənzər robotlarından ABŞ-ın Cənubi Karolina ştatındakı zavodunda istifadə edəcək.

Qeyd etmək lazımdır ki, bu, 2022-ci ildə təsis edildiyi vaxtdan "Figure" şirkətinin ilk kommersiya məqsədli müqaviləsidir. "Figure" şirkətinin CEO-su Brett Adcockun sözlərinə əsasən, "BMW" zavodundakı istehsalat prosesində ilk əvvəl az sayda robotdan istifadə ediləcək. Əgər əmək məhsuldarlığı üzrə təyin edilmiş müəyyən göstəricilərə nail olunsa, zavoddakı robotların sayı artırılacaq. Məlumata əsasən robotlar zavodun müxtəlif istehsalat bölmələrinə inteqrasiya ediləcək. Avtomobil gövdəsinin istehsalından tutmuş anbar işlərinə kimi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".