Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Özünüzü bəyənmirsinizsə, deməli...

Elə insanlar var ki, daim öz görünüşlərindən şikayət edirlər. Bu psixologiyada dismorfofobiya adlanır. İlk dəfə 1886-cı ildə italyan psixiatrı Enrico Morselli tərəfindən müəyyən edilən bu xəstəlik özünü bəyənməmək, güzgü xəstəliyi və ya bədən dismorfik pozuntusu olaraq da tanınır.

Bu problemi olan şəxs vücudunun hansısa hissəsini bəyənmir və ya ümumilikdə görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi, onun öz vücudunda burun, qulaq, əl kimi bəzi hissələrini bəyənməməsidir. İkincisi, isə başqalarının onun bədənindəki hansısa bir hissəni bəyənmədiyini düşünməsidir. Bəzən bunların hər ikisi bir arada da ola bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər müşayiət olunan başqa problemlər də vardır.

Məsələn, depressiya və vəsvəsə bu pozuntunu müşayiət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusundan əziyyət çəkənlər görünən real bir qüsurunun olmamasına rəğmən, çox çirkin olduqlarını düşünərək tez-tez estetik əməliyyatlar etdirirlər. Bu narahatçılığa adətən özünəqapalı, ünsiyyət qurmaqda problem yaşayan, ətrafdakıların tənqidlərinə və düşüncələrinə çox önəm verən kompleksli insanlarda daha sıx təsadüf edilir. Qeyd edək ki, dismorfofobiya son dövrlər xüsusilə artıb. Buna səbəb isə insanların estetik qavrayışının dəyişməsidir.

"Apokalipsisə hazırlıq" gedir

Əvvəllər apokalipsis, yəni dünyanın sonu anlayışı absurd fikir kimi qəbul edilsə də, indi bu bir çoxlarının kabusuna çevrilib. Belə ki, artıq dünyanın ən zəngin insanları "qiyamət gününə" hazırlıq məqsədilə sığınacaqlar inşa etdirməyə başlayıb.

"Meta"nın CEO-su (baş direktoru) Mark Zukerberq Havay adasındakı fermasının altında enerji və qida mənbələrinə malik, partlayışa davamlı qapıları olan 100 milyon dollarlıq gizli qala tikdirib. "Amazon"un qurucusu Ceff Bezos isə Mayamidə "İndian Creek" adasındakı "Milyarderlər sığınacağı"ndan 79 milyon dollara malikanə satın alıb və rəsmi olaraq həmin yerə köçdüyünü elan edib. "OpenAI"ın CEO-su Sem Altman isə dünyanın sonu gələcəyi təqdirdə tanınmış sahibkar Peter Thiel ilə onun Yeni Zelandiyadakı mülklərindən birində gizlənəcəkləri barədə "razılaşma" əldə etdiklərini söyləyib. "PayPal"ın həmtəsisçisi Reid Hoffman fəlakət baş verərsə, Yeni Zelandiyanın gizlənmək üçün ideal yer olacağını bildirib. "Google"un milyarder həmtəsisçisi Larri Peyc də Yeni Zelandiyada yaşamaq icazəsi əldə edib. Sahibkar Mihai Dinulescu 2020-ci ildə COVID-19 pandemiyasının başlamasından sonra həyat yoldaşı ilə birlikdə Yeni Zelandiyaya qaçıb.

Qeyd edək ki, son illərdə adalara meyil edən varlı insanların sayı getdikcə artır. Riçard Branson, Conni Depp, Dupont kimi zənginlər adaları satın alanlar sırasındadır.

Sən demə, onları dinlədikdə...

Kvinslend Universitetinin elm adamları quşları seyr etmək və onların nəğməsinə qulaq asmağın stres, depressiya və təşviş pozuntusunu müalicə etdiyini ortaya çıxarıblar. Tədqiqatçılar belə qənaətə gəliblər ki, bu nəinki psixikanı sakitləşdirir, həm də beynin işinə müsbət təsir edərək ümumilikdə həyat keyfiyyətini yaxşılaşdırır.

Psixoloji problemləri olan 270 könüllünün cəlb edildiyi tədqiqatda respondentlər hər gün bir müddət quşları izləyib. Nəticədə onlarda depressiya və təşvişin azaldığı müəyyən edilib.

"Biz əminliklə deyirik ki, təbiətin bəzi komponentləri insanın psixikasına müsbət təsir edir. Gələcəkdə bu metodun əlavə terapiyada istifadə olunması planlaşdırılır. Həyəcanlı və depressiv insanlar artıq bu metodu sınaya bilər", - tədqiqat müəlliflərindən biri qeyd edib.

Mütəxəssislər psixikası zəif insanlara harda olmasından (həyətdə, meşədə və ya parkda) asılı olmayaraq hər gün 10-15 dəqiqə quşların səsinə qulaq asmağı və onları izləməyi tövsiyə edirlər. Onu da qeyd edək ki, bu bütün quş növlərinə aiddir.

Aylara verilən adların mənasını bilirdinizmi?

Zamanımız dəqiqələrə, saatlara, günlərə, aylara və illərə bölünür. Dəqiqə, saat, illər bir-birini izləyən rəqəmlərlə müəyyən olunur. Aylar isə, xüsusi adlarla qeyd edilir. Bəs onlara verilən adların necə yarandığını bilirsinizmi?

Ayların adı qədim Roma təqvimindən götürülüb. Qədim Romada çoxallahlılıq mövcud olduğu üçün romalılar təqvimdəki ayların bəzilərini tanrılarının şərəfinə adlandırıblar. Yanvar ayı qədim Roma Tanrısı Janusun adı ilə bağlıdır. Fevral ayı Romada keçirilən "Dies Februtus" adlı yaz bayramının adından götürülüb. Mart - Romanın müharibə allahı Marsın şərəfinə qoyulub. Aprel ayı isə sevgi və gözəllik ilahəsi olan Afroditanın adını daşıyır. May - Romanın yaz ilahəsi olan Mayinin adı ilə əlaqəlidir. İyun  ayının adının necə yarandığı barədə müxtəlif fikirlər var. Ehtimala görə, bu aya Roma ilahəsi Yunonun adı verilib. Digər versiyaya görə isə bu ayın adı birinci Roma konsulu (Romada yüksək vəzifəli şəxs) Yuni Brutun şərəfinə adlandırılıb. İyul - Roma imperatoru Yuli Sezar bu ayda anadan olduğu üçün onun adı ilə əlaqələndirilib. Avqust Roma imperatoru Oktavianın adının sonuna artırdığı Avqust (mənası "müqəddəs" deməkdir) sözündən götürülüb. Məhz Yuli Sezardan sonra hakimiyyətə gələn Oktavian təqvimə özünün şərəfinə Avqust ayını daxil etdirib. Sentyabr latınca "setrem" (yeddi) sözündən yaranıb. Çünki qədim Roma təqvimində il martdan başlanırmış. Sentyabr qədim Roma təqviminin yeddinci ayı imiş. Oktyabr latınca "okto" (səkkiz) sözündən əmələ gəlib. Bu ay qədim Roma təqvimində səkkizinci ay hesab olunurmuş. Noyabr latınca "novem" (doqquz) sözündən yaranıb. Noyabr qədim Roma təqviminin doqquzuncu ayı olduğundan belə adlandırılıb. Dekabr isə latınca "desem" (on) sözündən əmələ gəlib. Bu ayın gəlişi qədim Roma təqvimində onuncu aya təsadüf etdiyindən ona bu ad verilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".