İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Badminton yığmamızın lisenziya turniri üçün heyəti məlum olub

Badminton üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək "Azerbaijan International 2024" beynəlxalq turniri üçün heyəti dəqiqləşib. Bakı İdman Sarayında təşkil olunacaq yarışda yığmanın 19 üzvü mübarizə aparacaq. "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Cahid Əlhəsənov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestu qüvvələrini sınayacaqlar. Azərbaycan badmintonçuları 5 kateqoriyanın hər birində təmsil olunacaqlar. Yarış üçün təqdim olunan ilkin siyahıda milli komandanın 18 üzvünün adı var.

Taekvondoçumuz bürünc edal qazanıb

Taekvondo üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərində keçirilən Fuceyra açıq çempionatında medal qazanıb. 36 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, finala gedən yolda misirli rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənib. Qeyd edək ki, Azərbaycan yığması böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal əldə edib.

"Qarabağ"ın U-15 komandası beynəlxalq yarışa qələbə ilə başlayıb

"Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb. Kollektiv Minsk şəhərində təşkil olunan "Bizim gələcəyimiz" turnirinin ilk turunda Rusiya "Zvezda"sı ilə görüşüb. B qrupunda yer alan təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib.

Nərgiz İSMAYILOVA,

"Respublika".