MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Mosfilmovskayadakı ev"

Məşhur memar Sergey Skuratovun layihəsinə əsasən Moskvanın ən prestijli ərazisində - Pıryeva küçəsində "Mosfilmovskayadakı ev" adlı çoxfunksiyalı göydələn inşa olunub. Bir vaxtlar Skuratovun bu layihəsinə şəhərin baş memarı Aleksandr Kuzmin etiraz edib və bildirib ki, belə bir hündür obyekti yalnız UNESCO-nun icazəsi ilə təsdiq edə bilər. Daha sonra "Don-Stroy" tikinti şirkəti layihəni Parisə göndərib və təşkilatın razılığını alıb. Beləliklə, 2006-cı ildə binanın tikintisi baş tutub.

2,78 hektar ərazidə tikilən kompleksin ümumi sahəsi 10400 kvadratmetrdir və iki binadan ibarətdir. 52 mərtəbəli "Qüllə"nin hündürlüyü 213,3, yanında ucalan 34 mərtəbəli "Boşqab" binasının hündürlüyü isə 132 metrdir. Tauber texnologiyası ilə hazırlanmış 17 metrlik maili sütunun üzərində dayanan müasir binanın fasadı panoramik şüşələrdən ibarətdir. Kremlə baxan üst mərtəbələrdə üzgüçülük hovuzu və açıq sahə var. Evin yeraltı hissəsində 1160 avtomobil üçün dayanacaq yerləşir. Hər girişdə 4 sürətli SİGMA lifti (LG Liftləri) var. Burada təhlükəsizlik, rabitə və avtomatlaşdırma sistemləri üçün fasiləsiz enerji təchizatı mənbələri, avtomatik xəbərdarlıq sistemi və tüstü ventilyasiyası da mövcuddur.

 

Jumbo Stay Hostel

Stokholm yaxınlığındakı Jumbo Stay Hostel Arlanda Boeing 747 təyyarəsinin içərisində yerləşdirilib. 1976-cı ildə istehsal edilən və Sinqapur Hava Yollarına, daha sonra isə "American World Airways"ə məxsus bu təyyarə 2002-ci ildə iflasa uğrayan İsveç hava yolları şirkəti tərəfindən alınıb. Hava limanında öz biznesini qurmağı arzulayan təyyarənin sahibi Oscar Diaz 2006-cı ildə burada hostel yaratmaq qərarına gəlib. 2007-ci ilin dekabrında Jumbo Stay-in tikintisinə icazə verilib. Daha sonra təyyarənin içərisindəki avadanlıqların sökülməsi həyata keçirilib və yeni interyer üçün dekorasiya işlərinə başlanılıb. İzolyasiya, elektrik, havalandırma ilə təchiz edilmiş təyyarə beton təməl üzərində yerləşdirilib. İnsanların rahat şəkildə hostelə daxil olması üçün təyyarənin yan tərəfinə metal pilləkən əlavə edilib. Əsaslı təmir və dizayn işləri bitdikdən sonra 2009-cu ildə açılış mərasimi baş tutub. Təyyarə Oscar Diazın qızının şərəfinə Liv adlandırılıb.

Maraqlı və eyni zamanda praktik hostelin bütün otaqları olduqca balacadır və yalnız bir çarpayıdan ibarətdir. Ümumi sahəsi 5 kvadratmetr olan standart otaqlarda kupe şəklində çarpayılar və divardan asma televizor yerləşir. Mehmanxananın ən bahalı və qeyri-adi otağı təyyarənin burnunda, pilot kabinəsindədir. Hostelin hava limanına baxan pəncərələrindən təyyarələrin enişini izləmək mümkündür. Yay terrası isə təyyarənin qanadında yerləşir.

Hikmə Mərkəzi

Niger Respublikasının Dandaji kəndində fəaliyyət göstərən Hikmə mərkəzi IX əsrdə yaradılmış Beytül-Hikmə (Hikmət evi) ilə eyni üslubda inşa olunub. 2018-ci ildə qəzalı vəziyyətdə olan kənd məscidinin yerində kitabxana və icma mərkəzi də daxil olmaqla yeni müasir kompleks tikilib. Kompleks Atelier Masomi studiyasının gənc və istedadlı memarı Məryəm Kamaranın layihəsi əsasında hazırlanıb. M.Kamara öz layihəsində həm quraqlığı, həm də ərazinin relyefini nəzərə alıb. Onun sözlərinə görə, Nigerin dindən əlavə, Yaxın Şərqlə başqa bir ortaq cəhəti olduğu üçün o binaya şərq elementlərini də əlavə edib. Yerli sənətkarların da cəlb edildiyi Hikmə Mərkəzinin tikintisində ənənəvi texnologiyalarla gildən hazırlanmış çiy kərpicdən istifadə olunub.

Binada dərs otaqları, mühasibat kurslarının və müxtəlif seminarların keçirildiyi kompüter sinifləri yerləşir. Bölgədəki ağac qıtlığı nəzərə alındığı üçün Hikmə Mərkəzinin tikintisində demək olar ki, taxta elementlərdən istifadə edilməyib, binanın sütunları betondan ibarətdir. Hikmə Mərkəzinin layihəsi dizayn və konsepsiyalar üzrə ən böyük beynəlxalq müsabiqədə "Lafarge Holcim" mükafatına, həmçinin gümüş və qızıl medala layiq görülüb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".