DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA XİN ERMƏNİSTANIN İTTİHAMLARINI QƏBULEDİLMƏZ ADLANDIRIB

Rusiya Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi Yerevan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəbul etmir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Ermənistan hüquq və öhdəlikləri ilə təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Moskva ümid edir ki, rəsmi Yerevan mövcud narahatlıqların sakit dialoq şəraitində müzakirə olunması və həll edilməsinin zəruriliyi qənaətinə gələcək. Paşinyanın bəyanatlarının arxasında nəyin nəzərdə tutulmasına dair hərtərəfli aydınlıq gətirilməsini gözləyirik”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri çərçivəsində “France 24” telekanalına müsahibəsində Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ölkəsinin iştirakını faktiki olaraq dondurduğunu vurğulayıb.

MİSİRDƏ KEÇİRİLƏN İSRAİL VƏ HƏMAS ARASINDA DANIŞIQLAR BAŞA ÇATIB

HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin rəhbərlik etdiyi nümayəndə heyəti Qahirədə aparılan üç günlük müzakirələrdən sonra Misiri tərk edib. Bu barədə “Al Jazeera” telekanalının xəbərində qeyd olunur.

Məlumata əsasən, HƏMAS-ın bəyanatında nümayəndə heyətinin İsrail rəsmiləri və Misirin kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamel ilə görüşdüyü, israilli girovların, həmçinin fələstinli məhbusların azad edilməsini və atəşkəs razılaşmasını müzakirə etdiyi bildirilib.

Eyni zamanda xəbər verilir ki, tərəflər Qəzzaya humanitar yardımı, həmçinin İsrail əsgərlərinin Əl-Əqsa məscidində ibadətə mane olması səbəbi ilə yaranmış gərginliyi də müzakirə ediblər.

Bununla yanaşı, bildirilir ki, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru da danışıqlar üçün bu həftə Misirdə olub.

ABŞ 50 İLLİK FASİLƏDƏN SONRA AY SƏTHİNƏ İLK ENİŞİ GERÇƏKLƏŞDİRİB

Amerikanın özəl “Intuitive Mashines” şirkətinə məxsus kommersiya məqsədli kosmik zondu ilk dəfə Aya enib və oradan siqnal ötürüb. Bu, 50 il əvvəl “Apollon” proqramının başa çatmasından sonra ABŞ-ın Aya ilk enişidir və tarixdə tamamilə özəl korporasiya tərəfindən həyata keçirilən ilk buraxılışdır.

“CNN” telekanalının xəbərinə görə, eniş NASA tərəfindən canlı yayımlanıb. Aparat, planlaşdırıldığı kimi, Ayın cənub qütbünün yaxınlığındakı Malaert A kraterinə enib. Proses zamanı avtonom naviqasiya sistemi nasaz olsa da, mühəndislər problemi aradan qaldıra biliblər.

“Bu gün ABŞ yarım əsrdən artıq müddətdə ilk dəfə Aya qayıdıb. Bu gün NASA-nın kommersiya tərəfdaşlığının gücünü nümayiş etdirən bir gündür”, - deyə NASA Administratoru Bill Nelson bildirib.

İTALİYAYA DƏNİZ YOLU İLƏ GƏLƏN MİQRANTLARIN SAYI KƏSKİN AZALIB

Cari ilin əvvəlindən İtaliyaya dəniz yolu ilə gələn miqrantların sayı ötən ilin yanvar və fevral ayları ilə müqayisədə 65 faiz azalıb. İtaliyanın “ANSA” informasiya agentliyinin xəbərinə görə, bunu ölkənin daxili işlər naziri Matteo Piantedosi milli parlamentdə məlumat verib.

Nazirin sözlərinə görə, dəniz yolu ilə gələnlərin sayı ardıcıl beş aydır azalır. O, əlavə edib ki, prioritet miqrantların İtaliyaya çatmaq istəyərkən dənizdə ölməsinin qarşısının alınması, habelə qeyri-qanuni insan alveri fəaliyyətlərinin dayandırılmasıdır.

Qeyd edilir ki, 2022-ci ilin payızında hakimiyyətə gələn hazırkı hökumət əsasən Afrika ölkələrindən dəniz yolu ilə gələn miqrant axınının əhəmiyyətli dərəcədə artması (150 faizdən çox) problemi ilə üzləşib. Buna qismən də Tunisdəki qeyri-sabit vəziyyət səbəb olub. Rəsmi Roma miqrantların göndərilməsini dayandırmaq vəzifəsini qarşısına qoyaraq, miqrantların Aİ ölkələri arasında bölüşdürülməsini təmin edən əvvəlki strategiyasından imtina edib.

SOMALİNİN ƏRAZİ SULARINI TÜRKİYƏ DONANMASI QORUYACAQ

Türkiyə Hərbi Dəniz Qüvvələri Somalinin ərazi sularını 10 il müddətində qoruyacaq. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Somali prezidenti Həsən Şeyx Mahmud ölkə parlamenti tərəfindən Türkiyə ilə müdafiə və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişinin təsdiq edilməsindən sonra jurnalistlərə açıqlamasında bəyan edib.

“Türk qardaşlarımız iki ölkə arasında imzalanan müdafiə və iqtisadi əməkdaşlıq sazişi çərçivəsində dənizlərimizi 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra dənizlərimizi qoruyacaq donanmamız olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Somali prezidenti qeyd edib ki, saziş terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu ilə mübarizə, sahillərin müdafiəsi və dəniz ehtiyatlarının inkişafı kimi sahələrdə əməkdaşlığı əhatə edir.

Eyni zamanda, dövlət başçısı sənədin nə Efiopiyaya, nə də başqa bir ölkəyə qarşı düşmənçilik məqsədi daşımadığına diqqət çəkib.

UKRAYNA ORDUSU MƏRMİ ÇATIŞMAZLIĞI İLƏ ÜZLƏŞƏ BİLƏR

Ukrayna Silahlı Qüvvələri ABŞ-ın yardımının gecikməsi səbəbindən artilleriya mərmilərindən qənaətlə istifadə etməyə başlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Getman bu barədə “Obozrevatel” nəşrinə müsahibəsində bildirib.

“Biz mərmilərdən çox qənaətlə istifadə etməyə çalışırıq, çünki iki aydan sonra onlar tükənə bilər”, - deyə Aleksey Getman vurğulayıb.

Eyni zamanda, Aleksey Getman ABŞ Konqresində Kiyev üçün vəsaitin ayrılması məsələsi həll olunana qədər Avropa İttifaqının yardımı artıracağına ümidini ifadə edib.

Xatırladaq ki, bir müddət öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Silahlı Qüvvələrin daim mərmi çatışmazlığından əziyyət çəkdiyini və Avropanın silah istehsalında Rusiya ilə rəqabət apara bilmədiyini söyləyib. Belə ki, Brüssel 2023-cü ildə Ukraynaya bir milyon mərmi və raket tədarükü barədə vədini yerinə yetirməyib.

SÜNİ İNTELLEKTƏ ƏSASLANAN QOŞUNA NƏZARƏT SİSTEMİ YARADILIB

Pentaqon ABŞ Silahlı Qüvvələri üçün s

üni intellektə  əsaslanan yeni komanda və nəzarət sistemi hazırlayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks Vaşinqtonda süni intellektin hərbi tətbiqlərinə dair simpoziumda bildirib.

Nazir müavini vurğulayıb ki, Amerika hərbi departamenti böyük həcmdə məlumatların, süni intellekt və bu tip digər inkişaf etməkdə olan texnologiyaların emalına lazımi sərmayələr qoyur.

Bununla bağlı nazir müavini qeyd edib ki, ötən ilin yayında o, Pentaqonun ixtisaslaşmış idarələrinə 2023-cü ilin sonuna qədər birgə sistemin minimum real potensialını yaratmağı tapşırıb.

“Minimum pontensiala malik sistem hazırda tamamlanmışdır. Sorğuları emal edərkən aşağı gecikməyə malikdir və son dərəcə etibarlıdır. Təhlükəsizlik baxımından bu potensialın harada və nə üçün istifadə edildiyini deyə bilmərəm. Lakin deyə bilərəm ki, sistemin işlənib hazırlanması, xüsusən də onun altı ay ərzində ərsəyə gəlməsi zərurətini nəzərə alsaq, bu iş asan olmayıb”, - deyə Pentaqon rəsmisi vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.