Təzə mənzilin sevinci
Sosial həyat

Təzə mənzilin sevinci

Son iki ildə Masallı rayonunda 6 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilib. Bu günlərdə Tüklə kəndində Azərbaycan Ordusunun əsgəri, Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Zəfər Xəlilovun ailəsi üçün təzə mənzil inşa olunub.

Yeni mənzilin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalq-iqtidar-ordu birliyindən, qazanılmış şanlı qələbədən, cəbhədə Zəfər kimi igid, qəhrəman oğulların misilsiz şücaətindən söhbət açıb. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinin yanındadır, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına ardıcıl və davamlı şəkildə qayğı göstərilir.

Şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisində zəhməti olan xeyriyyəçilərə, iş adamlarına razılıq bildirilib, yeni mənzilə köçməsi münasibətilə şəhid ailəsinə səmimi və xoş arzuları çatdırılıb. 

Şəhid atası Asəf Xəlilov göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".