SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Ürəyi mökəmləndirir, həzmə kömək edir...

Adətən borş və şorabaları dadlandırmaq üçün istifadə etdiyimiz dəfnə yarpağının dərman vasitəsi kimi faydalarından çoxlarımız xəbərsizik. Demək olar ki, hər kəsin mətbəxində tapılan bu şəfalı bitkinin hansı xəstəliklərin çarəsi olduğunu bilirsinizmi?

A, C vitaminləri ilə zəngin olan dəfnə yarpağı qanda leykositlərin miqdarını artırır, bununla da immun sistemini gücləndirir. O, mədə-bağırsaqla yanaşı, ürək-damar sisteminə də müsbət təsir edir. Onun tərkibində olan fermentlər, orqanik birləşmələr qıcıqlanmış bağırsaq sindromunu sakitləşdirir, pozulmuş həzmi bərpa edir. Diabet xəstələrində insulinin istehsalını artırır, hipoqlikemiyanın qarşısını alır.

Bu bitkinin çayından həmçinin əsəb və nevrozdan əziyyət çəkənlər də istifadə edə bilərlər. O, stress və təşviş halları, yuxusuzluğun qarşısını alır. Dəfnə yarpaqlarında olan rutin və turşular isə kapilyarların divarını möhkəmlədir, zərərli xolesterinin miqdarını aşağı salır, iltihabla mübarizə apararaq revmatizm xəstəliyini müalicə edir.

Yara bantlarındakı təhlükə

Adətən əlimiz kəsiləndə yaraya mikrob düşməsin deyə plastır yapışdırırıq. Sən demə, infeksiyadan qorunmaq üçün istifadə etdiyimiz bu vasitə elə özü təhlükə yaradırmış. Belə ki, amerikalı toksikoloqlar yaraya yapışdırılan bantlarda təhlükəli PFAS maddə tapıblar.

Laboratoriya şəraitində 50 məşhur markaya məxsus olan yara bantlarını təhlil edən tədqiqatçılar, 65 nümunədə orqanik ftor aşkarlayıblar. Hansı ki, bu maddədə poliftoralkil birləşmələr var. Qeyd edək ki, PFAS ətraf mühitdə qalan və bədəndə toplana bilən 12-dən çox kimyəvi maddəni özündə birləşdirir. Bu maddələr geyim, kosmetika, fast food qablaşdırma ləvazimatları, mikrodalğalı popkorn çantaları kimi sənaye və istehlak məhsullarında geniş istifadə olunur. O təxminən 20-30 il parçalanmır. Alimlər hesab edir ki, plastıra bu maddə su keçirilməzliyinə görə qatılır.

Toksikoloq Linda Birnbaum bildirib ki, açıq yara ilə təmasdan PFAS qana keçərək böyrək, qaraciyər kimi bir çox orqanları zədələyə bilər. Alim, həmçinin qeyd edib ki, bunun gələcəkdə xərçəngə də səbəb olma ehtimalı yüksəkdir.

ABŞ Milli Gigiyena İnstitutu istehsalçıları bu maddədən imtina etməyə çağırır. Eləcə də insanlara yara bantlarından bacardıqca az istifadə etməyi tövsiyə edir.

Böyrəklərində daş olanlar oxusun

Araşdırmalar göstərir ki, böyrəklərində daş əmələ gələnlər həkimə daha çox yay mövsümündə müraciət edirlər. Həkimlər bunun səbəbini isti havanın daşları stimulə etməsi ilə izah edirlər.

Elmi araşdırmalar sübut edib ki, böyrək daşları qışa nisbətən yayda daha çox aktivləşir. Belə ki, yayda hərarətin yüksəlməsi duz və minerallardan ibarət daşların tərpənməsinə, sidik kanalına düşməsinə səbəb olur ki, bu da dəhşətli ağrılarla nəticələnir.

Mütəxəssislərin fikrincə, qış aylarında oturaq həyat tərzinə daha çox üstünlük verilməsi daşları sakit saxlayır. Yayda isə insan fiziki aktiv olduğu üçün daşların da hərəkətliliyi artır. Bunun qarşısını almaq üçün isə gün ərzində bol miqdarda su qəbulu tövsiyə edilir. Çünki su oksalatları parçalayır, böyük daşların əmələ gəlməsinin qarşısını alır. Məlumat üçün qeyd edək ki, böyrəyində bir dəfə daş əmələ gələn insanlarda yaxın 5 ildə yenidən yaranma riski digərlərinə nisbətən 50 faiz daha yüksəkdir. Araşdırmalar göstərir ki, insan yaşlandıqca daşların əmələ gəlməsi də intensivləşir.

Diabet və təzyiqin təbii dərmanı

Şəkəri və təzyiqi tarazlıqda saxlayan ən təsirli meyvələrdən biri də quşarmududur. Bu meyvənin mövsümü may və iyun aylarıdır. Yəni diabet və təzyiq xəstələri üçün qida rasionlarına bu faydalı meyvəni daxil etməyin əsl zamanıdır.

Parasorbin, alma və sorbitan turşusu, pektin, karotenoidlər və C vitamini ilə zəngin olan quşarmudunun tərkibində şəkər olsa da, acılığını aradan qaldırmadan onu birbaşa yemək çətindir. Bişirildikdə dadındakı acılıq itir. Ona görə də şərbət və ekstraktlarından istifadə etmək məsləhət görülür. Bundan əlavə, meyvədən təkcə diabet və təzyiq xəstələri yox, hər kəs faydalana bilər. Çünki onun başqa xeyirli xüsusiyyətləri də var. Həmçinin sidikqovucu və ağrı kəsici xüsusiyyətlərə malik olan quşarmudu qəbizliklə də mübarizə aparır. C vitamini ilə zəngin olduğuna görə isə immunitet sistemini gücləndirir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".