Digər xəbərlər

"Azərbaycan bayrağına bükülü gələcəyəm"

Birinci Qarabağ savaşı zamanı 226, 44 günlük Vətən müharibəsində isə 46 xaçmazlı şəhidlik məqamına yüksəlib. Bunlardan biri Elməddin Alxasovdur. 1994-cü ildə Xaçmazın Qaradağ-Buduq kəndində anadan olub. 2014-cü ildə MAHHXHQ kimi "N" saylı hərbi hissədə xidmətə başlayıb. Elməddin Alxaslı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınıb.

26 yaşlı Elməddin həm cənub, həm də şimal cəbhələrində döyüşərək, düşmənə qan uddurub. Döyüşlərə Cəbrayıl, Füzuli istiqamətindən başlayan qəhrəman kəşfiyyatçı daha sonra Suqovuşanın azad olunması uğrunda əməliyyatlarda iştirak edib.

"Müharibə xəbərini eşidən kimi oğluma zəng etməyə başladım. Telefonu açmaması narahatlığımızı daha da artırdı. Ağlamağa başladım ki, oğlumu vuracaqlar... Həyat yoldaşım hirsləndi ki, uşağa ölüm gətirmə, Elməddin ölən oğul deyil. Oktyabrın 10-da telefonunu komandiri açdı və dedi ki, oğlunuz Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid olduqdan sonra bilmişəm ki, oğlum kəşfiyyatçı olub. Üzü maskalanmış şəkillərini məndən gizlədirdi. Onun ölümü məni elə yandırdı ki, indi gücsüzlüyüm içində boğuluram. Kaş ki, bir dəfə inciyərdim, dilindən kobud bir söz eşidərdim. Amma yox, Elməddin hamıdan mehriban və qayğıkeş idi. Bütün kəndin sevimlisi idi, yeganə təsəllim odur ki, canını böyük amal uğrunda fəda edib".

Oğlunun yarımçıq qalan arzularından danışan Əsli ana bildirir ki, oğlu evlənməyə tələsməyib: "Şəhid olacağını bəlkə də duyurdu, bu səbəbdən də evlənmək barədə sorğu-suallarımdan həmişə yayınmağa çalışırdı. İstəmirdi ki, gözü arxada qalsın. Neçə-neçə oğullarımız canını bu torpağa qurban verdi. Oğlum deyirdi ki, onlardan artıq deyiləm, hər şey ola bilər, hazırlıqlı olun. Hadisədən sonra insult keçirdim, 2 ay xəstəxanada yatdım.

Əsgərlikdə Murovda xidmət edib. Sonra öz istəyi ilə hərbidə işləməyə başladı. Müqaviləsi başa çatanda dedim ki, bəlkə, başqa sahədə çalışasan? Amma razı olmadı. Aprel döyüşlərindən sonra yenidən xidmətə qayıtdı. Sentyabrın 27-də bacısına zəng edib deyib ki, müharibə başlayıb, döyüşürük. Şəhid olsam, anamdan muğayat ol". Müharibə günlərində evlə əlaqə saxlayan Elməddin düşmən cəbhəsini yararaq irəlilədiklərini bildirib. Şiddətli döyüşlərin getdiyini söyləyən gizir ailəsinə hər cür xəbərə hazır olmağı tapşırıb.

"Axırıncı dəfə oktyabrın 1-də danışdım. Ordumuzun Suqovuşan istiqamətində irəlilədiyini söylədi. Həmin gün axşam anası ilə danışdı. Gecə isə döyüşlərdə şəhid oldu", - şəhidin atası Rəsul Alxasov bildirib. Bacısı Sevil Alxasova Elməddinin döyüşlər haqqında həmişə yüksək əhvali-ruhiyyə ilə danışdığını deyir: "Qardaşım vətənpərvər idi. Onun elə bil ki, ürəyinə dammışdı. Müharibədən bir neçə gün əvvəl mənə şəkillərini göndərib yazırdı ki, bunları özündə saxla. İndi həmin şəkilləri böyüdüb çərçivəyə salmışıq. Qardaşım deyirdi ki, mən Azərbaycan bayrağına bükülü gələcəyəm".

Elməddin Alxasov 2020-ci il oktyabrın 2-də doğulub boya-başa çatdığı Xaçmazın Qaradağ Buduq kənd qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə qəhrəman döyüşçü ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Müşfiq CƏFƏROV,

"Respublika".