Çinin Qafqazda etibarlı tərəfdaşı
Siyasət

Çinin Qafqazda etibarlı tərəfdaşı

Azərbaycan-Çin münasibətlərinin tarixi çox qədimdir. Tarixi İpək Yolu üzərində yaşayan iki xalq arasında həm iqtisadi, həm də ticarət əlaqələri mövcud idi. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra qarşılıqlı əlaqələr yeni mərhələyə qədəm qoyub. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası (ÇXR) tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə ikitərəfli əlaqələr daha da genişlənib. 1992-ci ildə Çinin Bakıda, 1993-cü ildə isə Azərbaycanın Pekində səfirliyi açılıb.

Qarşılıqlı etimada əsaslanan münasibətlər fonunda dövlət rəsmilərinin səfərləri də mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri iki ölkə arasındakı əlaqələrin genişlənməsinə mühüm töhfə verib. Bununla yanaşı, Prezident İlham Əliyevin ÇXR-ə həm rəsmi, həm də işgüzar səfərləri, eləcə də müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirakı tərəfdaşlığa müsbət təsir edib. Prezident İlham Əliyevin Çinə son rəsmi səfəri 2015-ci ildə baş tutub. Səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. Bununla yanaşı, Azərbaycan da Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyib. Hər iki respublika arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər yaranıb. 2019-cu il 24-27 aprel tarixində prezident İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə səfər edib. Səfər çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun tikintisi, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin qurulması, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, Trans-Xəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına aid məsələlər həmin sənədlərdə öz əksini tapıb. Həmçinin Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracı, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin açılmasına dair imzalanan sənədlər də mühüm əhəmiyyət kəsb edir.

Son dövrlər iki ölkə arasında əlaqələrdə xüsusi irəliləyiş müşahidə olunur. 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Çinin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri dəqiqləşdirilib. Çinin dövlət başçısı Si Cinpinin ötən ilin payızında "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırması qarşılıqlı etimadın göstəricisidir. Ötən ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin həyata keçirilməsində yeni mərhələyə qədəm qoyulub. Dövlətimizin başçısının 2023-cü ildə Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibədə də hər iki respublikanın bir-biri ilə münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Prezident İlham Əliyev hazırda regionun siyasi, nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə eyni mövqedən çıxış etməsi məsələsini də vurğulayıb: "Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq".

Hər iki ölkə arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Baxmayaraq ki, 2020-ci ildə COVID-19 pandemiyası bütün ölkələrarası münasibətlərə neqativ təsir göstərsə də, 2022-ci ildə ticarət dövriyyəsinin həcmində 21 faizdən çox artım müşahidə olunub. Ötən il isə Çin Azərbaycanın ticarət dövriyyəsində dördüncü sırada qərarlaşıb. Bununla yanaşı, 2023-cü ildə Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon ABŞ dolları təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon ABŞ dolları olub. Daha dəqiq desək, ölkəmizə idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb. Azərbaycan və Çin Xalq Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlığı, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, eləcə də Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr iqtisadi əlaqələrin genişlənməsinə töhfə verib. Eyni zamanda dövlətimizin Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıq və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılması münasibətlərin yüksək səviyyəyə çatmasında əsas rola malikdir.

Azərbaycan və Çin arasındakı turizm əlaqələri də xeyli inkişaf edib. Dövlətimizdə Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunub. Sözügedən viza ölkəmizin beynəlxalq hava limanlarında da qüvvədədir. Hər iki respublika arasında müntəzəm birbaşa təyyarə uçuşları həyata keçirilir ki, bu son illərdə Çindən gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayında müsbət dinamikaya gətirib çıxarıb.

Azərbaycanın turizm sektoru çinli turislərin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, son dövrlərdə ölkəmizə səfər edənlərin sayında xeyli artım qeydə alınıb.

Azərbaycanın və Çinin bir-birinə siyasi dəstəyi fonunda yeni "ağa" axtarışında olan Ermənistanın Hindistana yaxınlığı da müşahidə olunur. Dövlətimizin düşünülmüş, uzaqgörən xarici siyasət kursundan fərqli olaraq, spontan və situativ xarici siyasət yürüdən Ermənistanın Çinlə gərgin rəqabətdə olan Hindistana üstünlük verməsi məhz bu məsələdən qaynaqlanır. İrəvan Hindistanı öz "havadarı" seçməklə Çinin "Bir kəmər, bir yol" təşəbbüsündən kənarda qalmağa üstünlük verir. Bu isə regionun infrastruktur layihələrindən, nəqliyyat arteriyalarından təcrid olunan Ermənistan üçün iqtisadi tənəzzül anlamına gəlir. Çünki Nikol Paşinyanın özünə müttəfiq seçdiyi Hindistan sözügedən nəqliyyat layihələrinin yerinə ona alternativ təqdim edəcək iqtisadi gücə sahib deyil.

Dəyişən geosiyasi reallıqlar fonunda bu gün dünya nizamının Atlantik okeanı sahillərindən Sakit okean sahillərinə yönəldiyi hər kəsə məlumdur. Daha dəqiq desək, planetin geosiyasi və geoiqtisadi ağırlıq mərkəzi ABŞ və Qərbi Avropadan Çinə və Cənubi-Şərqi Asiya regionuna doğru dəyişir. Asiya qitəsinin "dünya fabriki" statusu isə "dünya istehlakçısı" ilə əvəzlənir. Gələcək perspektivlərdə Çinin ABŞ üzərində tam texnoloji üstünlük qazanacağı proqnozlaşdırılır. Bu, həm Qərbin sanksiyaları altında olan Çinin "Huawei" şirkətinin çip istehsalında, həm də "Boeing"ə dünya bazarlarında ciddi rəqib olacaq "C919" sərnişin təyyarələrinin istehsalına başlamasında və digər sahələrdə özünü büruzə verir. Hazırda Çinin tərəqqisini həzm edə bilməyən Qərb onun texnoloji irəliləyişini intellektual mülkiyyət oğurluğu adlandıraraq sənaye casusluğu ilə əlaqələndirməyə çalışır. Şübhəsiz, bu iddialar Çinin xeyrinə dəyişən siyasi-iqtisadi proseslərə xələl gətirə bilmir. Hazırda Avropa bazarlarında sənaye məhsulları sayılan kimya, elektronika, avtomobil sferalarında Çin şirkətləri dominant rola malikdir. Dünyada günəş batareyalarının fərqli komponentlərinin istehsalında Çinin bazardakı payı 70-97 faiz arasında dəyişir. Çinin bir sıra böyük şirkətləri də ölkəmizin enerji sektoruna xüsusi önəm verir. Təsadüfi deyil ki, "yaşıl enerji" Azərbaycan və Çin arasında inkişaf etməkdə olan əlaqələrin mühüm istiqamətlərindən biridir. Çinin "Dongfang" şirkətinin "Qaradağ" Günəş Elektrik Stansiyasının inşasında iştirak etməsi, "Acwa Power" şirkətinin Azərbaycanda "yaşıl enerji" ilə bağlı tikdiyi stansiyanın texniki təminatında Çin şirkətlərinin rolu dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar bir daha Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələrin sadəcə nəqliyyat-logistika ilə məhdudlaşmadığını və birlikdə icra olunan layihələrin sayının hər il daha da artacağını söyləməyə əsas verir. Azərbaycanın bu cür böyük iqtisadi imkanlara malik ölkə ilə sıx münasibətlərdə olması təbii ki, dövlətimiz üçün yeni perspektivlər vəd edir.

Martın 26-da Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan "Global Times" qəzetində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibəsi "Dostluğun qızıl standartı" adlı sərlövhə ilə çap olunub. H.Hacıyev qəzetin əməkdaşı Sie Ventin Prezident İlham Əliyevin liderliyində Azərbaycanın Çin ilə münasibətlərinə, ölkəmizin xarici siyasətində Çinin yerinə, dövlətimizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinə, hər iki respublikanın iqlim dəyişmələrinə qarşı mübarizə üzrə əməkdaşlığına, Çinin qlobal inkişafdakı payına dair suallarını cavablandırıb. Hikmət Hacıyev müsahibəsində qeyd edib ki, yaxın dost və tərəfdaş olan Çin ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı Azərbaycanın Çin ilə strateji əməkdaşlığının və tərəfdaşlığın genişləndirilməsində, yeni səviyyəyə qaldırılmasında maraqlıdır. Azərbaycan "Vahid Çin" prinsipini daim dəstəkləyir.

Beləliklə, həm qarşılıqlı səfərlər, həm də hər iki ölkə rəsmisinin fikirləri Azərbaycan və Çin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir.

Nəzrin ELDARQIZI,

"Respublika".