DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

RƏCƏB TAYYİB ƏRDOĞAN TÜRKİYƏDƏ İNFLYASİYAYA SON QOYMAĞA QƏRARLIDIR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın ortamüddətli inkişaf proqramı çərçivəsində inflyasiyaya son qoymaq əzmində olduğunu açıqlayıb. “TRT” telekanalının xəbərinə görə, bu barədə Ərdoğan Ankarada hüquq-mühafizə orqanlarının nümayəndələri ilə iftar zamanı bəyan edib.

Dövlət başçısı ilin ikinci yarısında inflyasiyanın azaldılması planlarını təsdiqləyib.

“Biz iqtisadi sahədə yol xəritəsi olan orta müddətli proqramımızı və 12-ci İqtisadi İnkişaf Planını həyata keçirmək əzmindəyik. Ümid edirəm ki, ilin ikinci yarısında inflyasiyanın azalmasının şahidi olacağıq”, - deyə Ərdoğan vurğulayıb.

Xəbər verilir ki, Türkiyədə istehlak qiymətlərinin artım tempi ötən ay sürətlənərək 2022-ci ilin noyabrından bəri yeni maksimuma çatıb. Ölkənin Statistika İnstitutunun  hesabatına görə, martda inflyasiya illik ifadədə 68,5 faiz təşkil edib.

Türkiyədə istehlak qiymətlərinin artımının sürətlənməsinə, əsasən minimum əməkhaqqının yüksəldilməsi səbəb olub ki, bu da ölkədə inflyasiyanın əsas hərəkətverici qüvvəsi olan xidmətlərin kəskin bahalaşması ilə nəticələnib.

ABŞ ÇİNİN QARŞISINI ALMAQ ÜÇÜN RAKETLƏRİNİ ASİYADA YERLƏŞDİRƏ BİLƏR

ABŞ Çinin qarşısını almaq üçün tezliklə Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Sakit okeandakı Quru Qoşunlarının komandanı, general Çarlz Flinn müsahibəsində bildirib.

General əlavə edib ki, ABŞ-ın Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı çıxış yolunu tapması son dərəcə vacibdir.

“Biz Hind-Sakit okean regionunda müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi və tezliklə bu cür raketləri regionda yerləşdirməyi planlaşdırırıq”, - deyə Çarlz Flinn qeyd edib.

Bununla yanaşı, general silah növləri, yerləşdirilmə tarixləri və planlaşdırılan yerlər barədə konkret məlumat verməyib. Ehtimal edilir ki, söhbət “Tomaqavk” qanadlı raketləri və “SM-6” zenit raketlərini buraxmağa imkan verən “Typhon” buraxılış qurğularından gedir.

Xatırladaq ki, SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilənin müddəalarına uyğun olaraq, Vaşinqton 500-dən 5500 kilometrə qədər məsafədə yerüstü ballistik raketləri, qanadlı raketləri və raket buraxılış sistemlərini yerləşdirə bilməzdi. Lakin ABŞ-ın keçmiş pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək sazişdən çıxıb.

RUSİYA XİN-DƏN OLİMPİYA OYUNLARI İLƏ BAĞLI XƏBƏRDARLIQ

Rusiya Xarici İşlər Nazirliyi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək vətəndaşları ehtiyatlı olmağa çağırıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

XİN rəsmisi Parisdəki Yay Olimpiya Oyunlarında iştirak edəcək Rusiya vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa çağırıb və təxribat, qanunsuz həbs, o cümlədən, insan oğurluğunun mümkün ola biləcəyini əlavə edib.

Mariya Zaxarova həmçinin Paris meri Ann İdalqonun Rusiya və Belarusdan olan idmançıların xoş qarşılanmayacağı ilə bağlı açıqlamasına da münasibət bildirib: “Bu, irqçilikdir, milliyyətçilikdir, idmanın siyasiləşdirilməsi, seqreqasiyadır. Lakin fikrimcə, bunun Fransa üçün göstərici olması çox mühümdür, çünki bu həm də demokratik norma və prinsiplərin məhvidir”.

İSRAİL ORDUSU HƏMAS HƏDƏFLƏRİNİ SEÇMƏK ÜÇÜN SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ EDƏ BİLƏR

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hava hücumları üçün hədəfləri seçməkdə süni intellekt texnologiyasından istifadə edə bilər. Bu barədə “The Guardian” qəzeti anonimlik şərti ilə qüdslü jurnalist Yuval Abrahamın danışdığı altı İsrail kəşfiyyatçısının açıqlamalarına istinadən xəbər verib.

Məlumata əsasən, İsrail Hərbi Kəşfiyyat İdarəsinin 8200-cü bölməsi son illərdə ona böyük həcmdə informasiyanı emal etməyə və hərbçilər üçün hədəflər bazası yaratmağa imkan verən iki sistem yaradıb.

Bildirilir ki, yaradılan “Lavender” sistemi radikal HƏMAS qruplaşması ilə əlaqəli anklav sakinlərinin, “Gospel” sistemi isə yaraqlıların istifadə edə biləcəyi bina və tikililərin qeydlərini aparır.

Verilən xəbərə görə, HƏMAS-ın silahlı qanadının üzvlərini müəyyən etməkdə “Lavender” alqoritmlərinin sınaqları 90 faiz dəqiqlik nümayiş etdirib.

İRANDA POLİS MƏNTƏQƏSİNƏ HÜCUM ZAMANI 23 NƏFƏR HƏLAK OLUB

İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. “Report” agentliyinin məlumatına görə, bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib. Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.

Eyni zamanda, xəbər verilir ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

“IRNA” agentliyinin açıqlamasına əsasən, İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri ilə qruplaşma üzvləri arasında atışma 10 saatadək davam edib.

Bununla yanaşı, bildirilir ki, döyüşlər nəticəsində “Ceyş-əl Adl” qruplaşmasının 15 silahlısı öldürülüb. Həmçinin ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.

Silahlı qruplaşma üzvləri açıqlamalarında 200-ə yaxın hərbçini öldürdüklərinə dair məlumat yayıblar.

“CROCUS CİTY HALL”DAKI TERROR AKTI İLƏ BAĞLI DAHA 3 NƏFƏR SAXLANILIB

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”dakı terror aktı ilə bağlı daha 3 nəfər saxlanılıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Açıqlamaya görə, biri Rusiya vətəndaşı, digərləri isə əcnəbi vətəndaş olmaqla, 3 nəfər Moskva, Yekaterinburq və Omskda saxlanılıb.

Qeyd olunub ki, saxlanılan şəxslərdən ikisi terrorçuların istifadə etdiyi silah və nəqliyyat vasitəsi üçün pul köçürüb, digəri isə müxtəlif şəxslərin cəlb olunması və terror aktını törədənlərin maliyyələşdirilməsi ilə məşğul olub.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb.

YAPONİYA FİLİPPİNDƏ QOŞUN YERLƏŞDİRMƏK İSTƏYİR

Rəsmi Manila və Tokio Yaponiya hərbi qüvvələrinin Filippində yerləşdirilməsi məsələsini müzakirə edir. Bu barədə Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdes “Financial Times” qəzetinə müsahibəsində bəyan edib.

Məlumata əsasən, diplomatın sözlərinə görə, tərəflər birgə hərbi təlimlərdə iştirak etməyə imkan verəcək saziş imzalamaq üçün artıq son mərhələyə çatıblar.

Bununla yanaşı, Xose Manuel Romualdes qeyd edib ki, ölkələr ABŞ-ın Filippində öz hərbi qüvvələrini saxladığı müqaviləyə bənzər olaraq rotasiya əsasında qoşun yerləşdirmək imkanını nəzərdən keçiriblər.

Səfir vurğulayıb ki, Manila və Tokio hökumətləri qarşılıqlı çıxış sazişinin bağlanmasına yaxınlaşır və bu, həm də bir-birinin ərazisində birgə hərbi təlimlər keçirməyə imkan verəcək.

Diplomat həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatları və Filippin hərbi kəşfiyyat məlumatlarının mübadiləsinə dair sazişin bağlanmasına çox yaxındır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.