DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ YUNANISTANA ULTİMATUM VERİB

“Yunanıstan ya geriyə addım atıb razılaşmaların şərtlərini yerinə yetirəcək, ya da lazım olanı edəcəyik”. “Report” agentliyinin “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

XİN başçısının sözlərinə görə, Yunanıstanın təxribatçı addımları bitməyəcəyi halda Türkiyə Egey dənizindəki adaların suverenliyi məsələsini qaldırmağa hazırdır.

Qeyd edək ki, Türkiyə mətbuatı Yunanıstanın bir müddət əvvəl Egey dənizindəki adalarda hərbi təlimlər keçirdiyini yazıb. Rəsmi Ankara hesab edir ki, Yunanıstan tərəfinin o adalara hərbi personal və silahlar göndərməsi beynəlxalq hüququn pozulmasıdır.

Xatırladaq ki, Türkiyə və Yunanıstan bir sıra məsələlər, o cümlədən Egey dənizindəki adaların statusu ilə bağlı mübahisə edir.

Məlumat üçün qeyd edək ki, rəsmi Ankara və Afina 2021-ci ilin yanvarında - Egey dənizində və Aralıq dənizinin şərqində sərhəd mübahisələri ilə bağlı gərginliyi azaltmağa cəhddən təxminən beş il sonra yüksək səviyyəli dialoqu bərpa ediblər.

 

RUSİYA VƏ TÜRKMƏNİSTAN ARASINDA SƏNƏDLƏR PAKETİ İMZALANACAQ

Rusiya və Türkmənistan iki dövlət arasında ticari-iqtisadi əməkdaşlığa dair əsaslı sənədlər paketi imzalayacaqlar. “Trend” agentliyinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı bildirib.

Eyni zamanda, Rusiya XİN başçısının sözlərinə görə, dekabrın 7-də ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrinin rəhbərliyi ilə görüş keçiriləcək.

“Türkmənistan bizim yaxın dostumuz, strateji tərəfdaşımızdır”, - deyə Sergey Lavrov açıqlamasında vurğulayıb.

Bununla yanaşı, rusiyalı baş diplomat qeyd edib ki, Moskva Türkmənistanla ikitərəfli münasibətlərin inkişafına, regional və beynəlxalq səviyyədə əməkdaşlığa xüsusi diqqət yetirir.

 

TÜRKİYƏ SULARINDA TANKERLƏRİN TIXACI YARANIB

Qərbin Rusiya neftinə tətbiq etdiyi qiymət limitindən sonra onlarca tanker Türkiyə ərazi sularında dayanmalı olub. “Teleqraf.com”un “Financial Times” qəzetinə istinadən verdiyi xəbərə görə, Qara dənizdən gələn Rusiya neft tankerlərinin boğazlarda qalaqlanlanması gərginliyə səbəb olub.

Nəşrin məlumatına əsasən, rəsmi Ankara bütün gəmilərdən yeni sığorta zəmanəti tələb edir.

Xəbərdə Rusiyanın Qara dəniz sahilindəki limanlardan Aralıq dənizinə getmək istəyən ən az 20 neft tankerinin Türkiyə ərazi sularında gözləməli olduğunu və sıraya durduğu qeyd olunur.

Eyni zamanda, boğazlardakı gecikmələrə görə Qazaxıstana məxsus ən azı 10 neft tankerinin gözlədiyi də bildirilib.

Xatırladaq ki, Qərb hökumətləri Ukraynadakı müharibə səbəbindən Moskvanın neft gəlirlərini məhdudlaşdırmaq üçün Rusiya neftinin ixracına 60 dollar həddi tətbiq edib. Rusiya isə qiymət qərarının qlobal enerji bazarlarında qeyri-sabitliyə səbəb olacağını bildirərək, bu qərara qarşı çıxır.

 

AVSTRİYA BU ÖLKƏLƏRİN ŞENGEN ZONASINA DAXİL OLMASINA QARŞI ÇIXIB

Avstriya Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil edilməsinə qarşıdır. “Trend” agentliyinin istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı Avstriyanın kansleri Karl Nehammer Tiranada keçirilən Aİ-Qərbi Balkan sammiti çərçivəsində bildirib.

Kanslerin sözlərinə görə, ilk növbədə qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik məsələlərini aydınlaşdırmaq lazımdır. “Hazırda Avstriya Bolqarıstan və Rumıniyanın da daxil edilməsi ilə Şengen zonasının genişlənməsinə razı deyil. Avstriyada 75 min qeydiyyatdan keçməmiş qanunsuz miqrantımız var, yəni onlar Aİ-nin xarici sərhədlərini keçiblər və dənizə çıxışı olmayan ölkədədirlər. Əvvəlcə bu təhlükəsizlik məsələsini aydınlaşdırmaq lazımdır”, - deyə kansler vurğulayıb. O, əlavə edib ki, söhbət bütün Avropa İttifaqının təhlükəsizliyindən gedir.

Xatırladaq ki, Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu elan edib və Aİ Şurasına bu qərarı təsdiqləməyi tövsiyə edib.

Qeyd edək ki, bir müddət öncə Niderland hökuməti Bolqarıstanın Şengen zonasına daxil olmasını əngəlləməyə hazır olduqlarını bəyan etmişdi. Onlar bunu sərhədlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əlaqələndiriblər.

 

OLAF ŞOLTS: ALMANİYA TƏHLÜKƏSİZLİYİN ƏSAS QARANTI OLMALIDIR

“Almaniya Avropanın təhlükəsizliyinin əsas qarantı olmalıdır”. “Report”un verdiyi xəbərə görə, bunu Almaniya kansleri Olaf Şolts ABŞ-ın nüfuzlu “Foreign Affairs” nəşrində dərc olunan məqaləsində qeyd edib.

Eyni zamanda, kansler Almaniya federal hökuməti üçün yeni strateji konsepsiya təqdim edib. “Almaniyanın yeni rolu yeni strateji mədəniyyət tələb edir və bu, yaxın aylarda qəbul edəcəyimiz milli təhlükəsizlik strategiyasında nəzərə alınacaq”, - deyə Olaf Şolts vurğulayıb.

Eyni zamanda, kansler qeyd edib ki, Almaniya bu məqsədlə Bundesverə sərmayə qoymalı, Avropanın hərbi sənayesini gücləndirməli, NATO-nun şərq cinahında hərbi mövcudluğunu artırmalı, Ukrayna Silahlı Qüvvələrinə təlim keçməli və bu ölkənin ordusunu silah-sursatla təmin etməlidir.

Bununla yanaşı, Olaf Şolts hesab edir ki, milli təhlükəsizlik strategiyası Almaniyanı Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə nəticəsində Avropada yaranmış yeni təhlükəli vəziyyətə hazırlamalıdır.

Məlumat üçün qeyd edək ki, Almaniyanın yeni milli təhlükəsizlik strategiyası 2023-cü ilin fevralında Münhen Təhlükəsizlik Konfransında təqdim olunacaq.

 

MACARISTAN UKRAYNAYA 18 MİLYARD AVROLUQ YARDIMA VETO QOYUB

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı paketinin ayrılmasına veto qoyub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Gözlənildiyi kimi, bu gün Brüsseldə Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirlərinin görüşündə Ukrayna üçün 18 milyard avro ilə bağlı “yaşıl işıq” yanmayıb”, - deyə açıqlamada qeyd olunur.

Xəbərə əsasən, Aİ-nin bu cəhdi Macarıstan tərəfindən bloklanıb. “Çox emosional debat olub. Mübahisə zamanı hamı Budapeşti tənqid edib, lakin bu nəticə verməyib”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Ukraynanın getdikcə artan büdcə kəsirini azaltması və iqtisadiyyatını qoruyub saxlamasına sərf ediləcək yardımın 2023-cü il ərzində hər ay 1,5 milyard avro olmaqla Ukraynaya ödənilməsi nəzərdə tutulub.

 

RUSİYA LİVİYADA YENİDƏN SƏFİRLİK AÇMAĞI PLANLAŞDIRIR

Rusiya ilin sonuna qədər Liviyada yenidən səfirlik açmağı planlaşdırır. “Trend”in məlumatına görə, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

“Biz səfirliyin mümkün qədər tez işləməsində maraqlıyıq. Namizədimiz təyin olunub. Hazırda Liviya hökumətindən rəsmi razılıq gözləyirik. Diplomatlarımızı oraya göndərmək və Tripolidəki səfirliyimizin işini bərpa etmək üçün işlər yekun mərhələdədir”, - deyə M.Boqdanov əlavə edib.

Xatırladaq ki, 2013-cü ildə Rusiyanın Liviyadakı səfirliyi təxminən 60 nəfərdən ibarət silahlı qrupun hücumuna məruz qalmışdı. Hücum nəticəsində səfirlik binasına ciddi ziyan dəymişdi. Mühafizə xidmətinin açdığı atəş nəticəsində hücum edənlərdən 2 nəfəri öldürülmüş, 5 nəfər isə yaralanmışdı. Hadisədən sonra Rusiya bütün diplomatlarını ölkədən çıxarmışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.