DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ LIZ TRASS İSTEFA VERİB

Böyük Britaniyanın baş naziri Liz Trass oktyabrın 20-də istefa verib. “Trend” agentliyinin məlumatına görə, bu barədə baş nazir özü açıqlama verib.

Qeyd edək ki, son bir həftə ərzində Liz Trass hökumətindən bir neçə nazir istefa verdiyini açıqlamışdı.

Xatırladaq ki, Liz Trass Boris Conson istefa verdikdən sonra sentyabrın əvvəllərində baş nazir seçilmişdi. O, baş nazir vəzifəsində 45 gün fəaliyyət göstərib.

Eyni zamanda, bildirilir ki, Liz Trass Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifəsindən də istefa verib.

Mühafizəkarlar Partiyasının komitə rəhbəri Qrem Breydinin sözlərinə görə, Böyük Britaniyanın yeni baş nazirinin seçkiləri oktyabrın 28-dək başa çata bilər. Onun sözlərinə görə, yeni baş nazir oktyabrın 31-dək elan oluna bilər.

Verilən xəbərə görə, yeni baş nazir seçilənədək Liz Trass səlahiyyətlərinin icrasına davam edəcək. Növbəti həftə ərzində Mühafizəkarlar Partiyasının millət vəkilləri partiyanın yeni liderini və baş naziri seçəcək.

 

KOLUMBİYA PREZİDENTİ: ABŞ QLOBAL İQTİSADİYYATI MƏHV EDİR

Amerika Birləşmiş Ştatları digər ölkələri nəzərə almadan öz iqtisadiyyatını qorumaq üçün dünya iqtisadiyyatını məhv edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Kolumbiya prezidenti Qustavo Petro bəyan edib.

Prezidentin fikrincə, qarşıdan şübhəsiz iqtisadi böhran gəlir və ABŞ faktiki olaraq dünyanın bütün iqtisadiyyatlarını çökdürür.

Eyni zamanda, Qustavo Petro əlavə edib ki, ruslar, avropalılar qitədə qaz və enerji uğrunda müharibəyə başladıqdan sonra Avropa iqtisadiyyatı çökür və Almaniya, Böyük Britaniya, İspaniya, Fransa böhran içindədir.

“ABŞ bəzən nəticələrini düşünmədən özünü qorumaq üçün tədbirlər görür. Latın Amerikası ölkələrinin iqtisadiyyatı zəifləyib, Latın Amerikası talan edilib. Təkcə Kolumbiya pesosu deyil, bütün valyutalarımızın dəyəri azalır”, - deyə Qustavo Petro vurğulayıb.

 

 

ARKTİKA HİPOTETİK MÜNAQİŞƏNİN MƏRKƏZİNƏ ÇEVRİLƏ BİLƏR

Qlobal istiləşmə fonunda Arktika Rusiya və ABŞ arasında hipotetik münaqişənin mərkəzinə çevrilə bilər. Məhz bu səbəbdən regionun əhəmiyyəti artır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu fikri amerikalı senator Anqus Kinq “CNN” telekanalına müsahibəsində bildirib.

Senatorun sözlərinə görə, regionda buzların həcmi ildən-ilə azalır ki, bu da resursların hasilatı və bəzilərinin səfər müddəti 15 gün azalacağı daha qısa dəniz yollarının tərtibi üçün yeni imkanlar açır.

“Arktika sahillərinin yarıdan çoxu Rusiyaya məxsusdur və bununla əlaqədar iki güc arasında münaqişə təhlükəsi mövcuddur”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bu ərəfədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov belə bir fikir bildirib ki, Arktika regionu beynəlmiləl hərbi əməliyyatlar səhnəsinə çevrilir.

 

DUBAYIN ƏN BAHALI VİLLASI 163 MİLYON DOLLARA SATILIB

Hindistanın ən varlı adamı hesab edilən milyarder Mukeş Ambani Dubayın ən bahalı villasını 163 milyon dollara alıb. “Report”un xəbərinə görə, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Nəşrin mənbələrinə görə, milyarder “Palm Jumeirah” bölgəsində Küveyt maqnatı Məhəmməd Alşayın ailəsindən malikanə alıb.

Xatırladaq ki, Mukeş Ambani Birləşmiş Ərəb Əmirliklərinin bu məşhur kurort şəhərində artıq əmlak almışdı. Belə ki, 2022-ci ilin əvvəlində o, 80 milyon dollarlıq evin sahibi olub. O zaman bu daşınmaz əmlak alqı-satqısı meqapolisdə ən bahalı idi.

Məlumat üçün qeyd edək ki, varlı əcnəbilər Dubayda daşınmaz əmlak almağa maraqlıdırlar. Belə ki, bu zaman əmlak sahibinə on il müddətinə uzunmüddətli viza verilir. Həmçinin, bu ölkədə ev alan əcnəbilərin anonimliyi qorunur.

 

“RÖYTERS”: Aİ LİDERLƏRİ ÇƏTİN Kİ, QİYMƏT HƏDDI İLƏ BAĞLI RAZILIĞA GƏLSİNLƏR

Avropa İttifaqının dövlət və hökumət başçıları, yəqin ki, qazın qiymətlərinin həddi ilə bağlı razılığa gələ bilməyəcəklər. Bu barədə “Report” agentliyi “Röyters”ə istinadən xəbər verib.

Qeyd olunub ki, daxili fikir ayrılıqları Aİ-yə qazın “qiymət tavanını” tətbiq etməyə mane olur, çünki böyük iqtisadiyyatları olan Almaniya və Niderlandın təmsil etdiyi blok bu cür tədbirlərə qarşı çıxır. Lakin Fransa və Polşa da daxil olmaqla, 15-ə yaxın ölkə bəzi məhdudiyyətləri dəstəkləyir.

“Razılaşma ehtimalı çox azdır. Görünür fikirlər həqiqətən fərqlidir”, - deyə yüksək rütbəli avropalı diplomat vurğulayıb.

Eyni zamanda, gözlənildiyi kimi, Aİ liderləri təkcə qazın birgə alışı ilə bağlı deyil, həm də mayeləşdirilmiş təbii qazın (LNG) alınması üçün alternativ qiymətdə razılığa gələ bilərlər.

Bununla yanaşı, dövlət və hökumət başçıları enerji böhranı şəraitində öz vətəndaşlarının və iqtisadiyyatlarının dəstəklənməsi ilə bağlı məsələləri müzakirə etməlidirlər.

 

RUSİYA TÜRKİYƏ İLƏ NÖVBƏTİ AES-IN TİKİNTİSİ ÜZRƏ DANIŞIQLARA BAŞLAYIB

Rusiya və Türkiyə arasında yeni atom elektrik layihəsində iştirakla bağlı danışıqlar başlayıb. “Trend” agentliyinin məlumatına görə, bunu “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçov “Rossiya-24” telekanalına müsahibəsində bəyan edib.

Verilən xəbərə əsasən, “Rosatom”un rəhbəri bildirib ki, yeni AES Türkiyənin şimalındakı Sinop vilayətində salına bilər.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Sinopun adını çəkib. Burada dördbloklu stansiya yaradıla bilər. Biz artıq türkiyəli tərəfdaşlarımızla danışıqlara başlamışıq”, - deyə Aleksey Lixaçov vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Rusiya ilə Türkiyə “Akkuyu” atom elektrik stansiyasının tikintisində əməkdaşlıq edir. “Akkuyu” AES-in gələn ilin əvvəlində işə düşməsi gözlənilir.

 

İRAN PUA-LARLA BAĞLI İTTİHAMLARI QƏBUL ETMƏYİB

İran Ukraynadakı müharibədə istifadə üçün dronların Rusiyaya təhvil verilməsi ilə bağlı irəli sürülən ittihamları qəti şəkildə qəbul etməyib. “Report”un xəbərinə görə, bu barədə “TASS” agentliyi İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaniyə istinadən məlumat yayıb.

Bildirilir ki, bundan öncə bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib.

Eyni zamanda, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsi ilə bağlı Qərbin iddialarını növbəti dezinformasiya adlandırıb.

Dmitri Polyanski həmçinin qeyd edib ki, Qərb BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması ilə bağlı əsassız ittihamlar elan edərək Tehrana təzyiq göstərməyə çalışır.

Rusiyalı diplomat əlavə edib ki, BMT Təhlükəsizlik Şurasına İrandan Rusiyaya pilotsuz uçan aparatların gətirilməsinə dair heç bir sübut təqdim edilməyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.