Səlibçi blok regionda ayırıcı xətlər yaradır
Siyasət

Səlibçi blok regionda ayırıcı xətlər yaradır

Aprelin 3-də ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi regionun əsas hərbi-siyasi güc mərkəzi kimi Azərbaycanın Qərbi fakt qarşısında qoyduğunu, Qərbin isə Bakının regionda diktə etdiyi reallıqla barışdığını göstərir. Yəni cənab İlham Əliyev Vətən müharibəsi və antiterror tədbirlərində ölkəmizin qələbəsi ilə regionda elə geosiyasi konfiqurasiyaya nail olub ki, uzun illər ərzində Azərbaycanın rəyini ümumiyyətlə nəzərə almadan Ermənistanın işğal və təcavüz siyasətinə hərbi-siyasi dəstək verənlər, bu istiqamətdə birtərəfli və ədalətsiz addımlardan çəkinməyənlər artıq Cənubi Qafqaz siyasətində Bakı ilə hesablaşmağın zəruri olduğunu anlayıblar.

Təsadüfi deyil ki, Antoni Blinken özü də bu reallığı gizlətmir və Bakıya zəngi zamanı aprelin 5-ə planlaşdırılan üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda, Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Lakin ötən dövrün təcrübəsindən qaynaqlanan real arqumentlərə söykənən rəsmi Bakı ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşü regionda sülh və sabitlik perspektivləri üçün zərərli hesab edir. Xüsusən, işğal və separatizmə son qoyaraq ərazi bütövlüyünü təmin etməklə Azərbaycanın beynəlxalq hüququn aliliyinə nail olmasından sonra Qərbin ölkəmiz əleyhinə davamlı qarayaxma kampaniyası, Ermənistanın yeni münaqişəyə təşviq edilməsi fonunda Bakının bu qənaətdə olması üçün kifayət qədər faktiki əsaslar mövcuddur. Telefon danışığında da cənab İlham Əliyev məhz həmin arqumentləri tək-tək Blinkenin diqqətinə çatdırıb.

İlk növbədə, Prezident İlham Əliyev Blinkenə başa saldı ki, Azərbaycan mövqeyinin arxasında kifayət qədər səhih informasiyalar dayanır. Yəni biz proseslərə informasiya nəzarətini kifayət qədər təmin edə biləcək qədər güclüyük. Bu mənada üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin də müzakirə olunması Blinkenin arqumenti ilə üst-üstə düşmür. 

Yaxud, əgər son bir neçə ayda Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə tamamilə əsassız ittihamlar tirajlanırsa, bu total və məqsədli dezinformasiyaların yayılmasının təməlində Fransa, ABŞ və Avropa İttifaqının strukturları dayanırsa, Bakının üçtərəfli görüşə anti-Azərbaycan blokun fəaliyyəti kimi baxmaqda tamamilə haqqı var. Xüsusən nəzərə alsaq ki, cənab Prezidentin də istinad etdiyi kimi, "üçtərəfli görüş qeyri-şəffaf hazırlanıb, qeyri-inklüziv xarakter daşıyır və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmır".

Bundan başqa, təcavüzkar davranışların nəticəsi olaraq Cənubi Qafqaz siyasəti iflasa uğramış və regiondan qovulmuş Fransanın hər fürsətdə Azərbaycan əleyhinə iş aparması fonunda rəsmi Parisin bu prosesi ölkəmizin əleyhinə istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz. Elə iki gün öncə Parisdə, Antoni Blinkenlə görüşündə Fransa xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirməsinə, daha dəqiq desək, cənab İlham Əliyevin ifadə etdiyi kimi, "Fransa xarici işlər nazirinin yalan danışmasına" ABŞ dövlət katibi özü şahidlik etdi. Üstəlik, ötən ilin 5 oktyabr tarixində Qranada şəhərində Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı görüşünün timsalında özü olmadan Azərbaycanın maraq və mənafelərinin ehtiva olunduğu məsələlər barədə birtərəfli qaydada qərəzli müzakirələr aparılması təcrübəsi də mövcuddur. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın aprelin 5-də planlaşdırılan üçtərəfli görüşlə bağlı qənaəti tamamilə əsaslıdır.

Lakin ABŞ dövlət katibi iddia edir ki, 5 aprel görüşü Azərbaycana qarşı deyil və Brüsseldə müzakirələrdə diqqət Ermənistanın iqtisadi inkişafı məsələlərinə yönələcək. Əslində bu arqumentlər də özlüyündə qəbuledilən deyil. Çox haqlı bir sual meydana çıxır, niyə məhz Ermənistanın iqtisadi inkişafı? Bu bölgədə aradan qaldırılması vacib olan daha ciddi problemlər var. Məsələn, Ermənistanın işğal, təcavüz və etnik təmizləmə siyasətinə müvafiq olaraq Livan ölçüdə bir ərazidə - Qarabağ və Şərqi Zəngəzurda genosid, urbisid və ekosid cinayətlərinin, o cümlədən mina terrorunun nəticələrinin aradan qaldırılması, bir milyona yaxın insanın öz yurd-yuvasına qayıdışının təmin olunması kimi bəşəri problemlər həllini gözləyir. Niyə bu məsələlər qala-qala ərazisində müharibə getməmiş, heç bir dağıntıya məruz qalmamış Ermənistanın iqtisadi inkişafı Qərb üçün daha önəmlidir? Bunun yalnız bir adı var, o da ayrı-seçkilik. Möhtərəm cənab Prezident andiçmə mərasimindəki tarixi çıxışında da qeyd etmişdi ki, "Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük". Bəli, heç şübhəsiz ki, Azərbaycanın özünün öz problemlərini həll etməyə, işğal və təcavüzün nəticələrini aradan qaldırmağa, quruculuq və bərpa prosesinə, əhalinin ləyaqətli qayıdışını təmin etməyə yetərincə gücü və imkanı var. Sadəcə, indiki məqamda Qərbin riyakar və heç bir məntiqə sığmayan prioritetləri fonunda bu məqama toxunmamaq olmur. Sirr deyil ki, bu gün Qərbin Azərbaycanın problemlərinə yanaşmasındakı bu laqeydlik islamofob və türkofob baxışdan qaynaqlanır. Belə bir məqamda səlibçi blokun Ermənistanla planlaşdırılan görüşü cənab İlham Əliyevin bəyan etdiyi kimi, "Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq".

Əgər Blinkenin iddia etdiyi kimi, Qərb Ermənistanın iqtisadi inkişafında maraqlıdırsa, rəsmi İrəvanın regional layihələrdən kənarda qalaraq dalan dövlətə çevrilməsinin kökündə dayanan səbəbləri aradan qaldırmasına kömək etməli, Ermənistanı mifik iddialardan və revanşist niyyətlərdən əl çəkməyə çağırmalıdır. Yaxud indiki məqamda əgər Qərb həqiqətən də bölgədə eskalasiya və gərginlik arzulamırsa, Ermənistana təsir edərək sülh prosesinin irəliləməsi baxımından faydalı olan Berlin danışıqlarından sonra başlanmış prosesin daha da sürətləndirilməsini təmin edə bilər. Cənab Prezident açıq formada bəyan edir ki, "Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiqdir". Lakin görünən odur ki, Azərbaycan və Ermənistan arasında sülh üçün yaranan unikal tarixi imkan Qərbi narahat edir və onlar da Ermənistandan alət kimi istifadə etməklə vəziyyəti gərginləşdirmək üçün hər vəchlə mümkün sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar. Dövlətimizin başçısının da dediyi kimi, xüsusən Ermənistanın silahlandırılması fonunda davam edən bu siyasət regionda təxribatlara gətirib çıxaracaq.

Prezident İlham Əliyev və ABŞ dövlət katibinin telefon danışığında diqqətçəkən digər məqam ABŞ-Azərbaycan münasibətlərində cənab İlham Əliyevin müəyyən etdiyi direktivlərin daha qabarıq formada önə çıxması oldu. Məlumdur ki, bu il fevralın 17-də Münxendə qarşı tərəfin müraciətinə əsasən cənab İlham Əliyev Blinkenlə görüşmüş və müzakirələrdə Azərbaycan Prezidenti vurğulamışdı ki, "Bakı-Vaşinqton ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir". Blinkenin aprelin 3-də Bakıya zəngi zamanı ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətini bəyan etməsi isə göstərir ki, Vaşinqton cənab İlham Əliyevin Münxendə ikitərəfli münasibətlərə dair tezisini qəbul edib.                                

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.