Ermənistan bütün Qafqazda əmin-amanlığı və sabitliyi pozur
Siyasət

Ermənistan bütün Qafqazda əmin-amanlığı və sabitliyi pozur

Türkiyə

Son bir neçə ay ərzində Azərbaycan-Ermənistan sərhədində nisbi sakitlik hökm sürür və atəşkəs prinsipinə hər iki tərəf qarşılıqlı olaraq riayət edirdi. Ancaq Ermənistan həmişə olduğu kimi, yenə də "qaydaları pozdu". Ermənistan tərəfdən açılan atəşlə Azərbaycan əsgəri yaralandı. Həmişə olduğu kimi, düşmənin bu dəfə də layiqli cavabı verildi. Bir əsgərimizin qanı üçün bütöv erməni postu məhv edildi. Beləliklə, Azərbaycan əsgərinin snayper atəşi ilə yaralanmasına cavab olaraq endirilən əks-zərbə, Ermənistanın sərhəd postunun darmadağın edilməsi və canlı qüvvə itirməsi ilə nəticələndi. Üstəlik, məlum olub ki, rəsmi İrəvan Azərbaycanla sərhəd bölgəsində terrorçu təşkilat olan "Yerkrapah" Könüllülər Birliyinin terrorçularını yerləşdirib. Azərbaycan ordusunun "Qisas əməliyyatı"nın nəticələri Ermənistanın hərbi-siyasi rəhbərliyini dərindən düşündürməlidir.

Təbii ki, baş verən bu hadisənin də günahkarı Ermənistandır. Düşmən ölkə istər Vətən müharibəsi ərəfəsində Tovuz təxribatları, istər sonrakı dövrdə separatçıları silahlandırması ilə, istərsə də son zamanlar Qərbə sığınıb sərhəddə təxribatlar törətməklə münaqişə yaratmağa davam edir. Bütün bunların cavabını hər dəfə Azərbaycan ordusu layiqincə verir. Ancaq düşmən bundan nəticə çıxarmır.

Əslində, İrəvanın son açıqlamaları və davranışları da Ermənistanın intensiv şəkildə yeni savaşa hazırlaşdığını büruzə verməkdəydi. Baş nazir Nikol Paşinyanın və onun yaxın ətrafının açıqlamalarında yekun sülh sazişinin imzalanmasına deyil, məhz bu prosesin ləngidilərək, uzadılmasına yönələn məqamlar ön plana çıxarılırdı.

Ermənistanın şərti sərhəddə törətdiyi son təxribat haqqında açıqlama verən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz 10 noyabr 2020-ci il tarixindən keçən müddət ərzində Ermənistanın heç vaxt Azərbaycanın xoş niyyətini tam dəyərləndirə bilmədiyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli Bəyanatdakı öhdəliklərdən boyun qaçıraraq dövlətə yaraşmayan hərəkətlər edir.

General bildirib ki, Ermənistan tərəfi son təxribatı araşdıracağını desə də, biz hər şeyə hazır olmalıyıq: "Bu təxribat ilk deyil, son da olmayacaq. Çünki Azərbaycan XİN-in də yaydığı məlumatda bildirildiyi kimi, atəşin açıldığı həmin ərazi Aİ missiyasının fəaliyyət zonasıdır. Ermənistanın Aİ-nin qurduğu hansısa kirli planın bir parçası olma ehtimalı da var. İrəvanı silahlandıran qüvvələr öz mənfəətləri üçün, Cənubi Qafqazda yenidən müharibənin alovlanmasını istəyir və revanşist duyğularla yaşayırlar. Hətta Paşinyanın sülh müqaviləsini imzalaması yubansa belə, qarşılıqlı şəkildə gücdən istifadədən imtina haqqında təklifinin arxasında da Qərbin bölgəyə daxilolma məqsədi dayanır. Belə ki, Azərbaycanı davamlı tələyə çəkmək yolu ilə beynəlxalq arenada təhdid kimi göstərmək, eyni zamanda məsələni çoxtərəfli qlobal problemə çevirmək və bölgədə hərbi varlıqlarını artırmaq istəyirlər".

Y.Karauz qeyd edib ki, Ermənistanın son hərəkətləri indiki vəziyyətlə barışa bilmədiyini göstərir: "Nə vəziyyəti qəbul, nə də məğlubiyyəti həzm edə bilirlər. Məqsəd Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına əngəl yaratmaqdır. Bunu iki yolla, həm diplomatik, həm də hərbi sahədə etməyə çalışırlar. Azərbaycanı günahkar göstərmək istəyirlər".

General Ermənistanın üçtərəfli sazişdə verdiyi vədlərə əməl etmədiyini də diqqətə çatdırıb: ''Atəşkəsin pozulmasının məqsədi Xocalıya və Xankəndiyə qayıdışın başlaması ilə əlaqəli ola bilər. Çünki 26 fevral yaxınlaşır. Azərbaycan atəşə tutulan hər bir postu dağıtmalıdır. Elə də edir. Bu, beynəlxalq hüquqdan irəli gələn Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələb etdiyi kimi, terrorizmlə mübarizə mənasında Azərbaycanın özünümüdafiə hüququdur.

Ermənistan dayanmadan silahla təmin olunur. Dəfələrlə bildirilib ki, bu ölkə Fransadan, Hindistandan silah alır, regionda sülh danışıqlarına zərbə vurmaq üçün gedişlər edir, gərginliyi artırır. Ancaq bütün bunlara həmişə insan haqlarından, antiterrordan danışan Qərb nədənsə susur və heç bir reaksiya vermir. Açıq-aşkar Ermənistanı Azərbaycanın üzərinə salmaqla Rusiya, İran sərhədləri yaxınlığında yeni bir münaqişə ocağı yaratmağa cəhd edirlər. Və Azərbaycanı yenidən böyük savaşa, müharibəyə çəkirlər.

Ermənistan Türkiyə və Azərbaycanın sülh üçün uzatdığı ələ güllə ilə qarşılıq verir. Ancaq Paşinyan hökuməti və bölgədə kirli planları olanlar son üç ildən artıq müddətdə baş verənləri və Şuşa Bəyannaməsini unutmamalıdırlar".

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.