Hayastan məhvə doğru sürüklənir
Siyasət

Hayastan məhvə doğru sürüklənir

İkinci Qarabağ müharibəsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan öz kumilyativ (zəncirvari) nağıllarını davam etdirir. İndi də Qərbə sığınan haylar Cənubi Qafqazda azərbaycanlılara qarşı iki əsrdir törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Hər dəfə oxşar koordinatlardan səsləndirilən eyni yalanlar öz nəticəsini vermir. "Ermənizm inancının daşıyıcıları" olan bəzi qara qüvvələr isə daha anlamalıdırlar ki, marionet etdikləri Ermənistanı qoruya, saxta təqsirsizlik prezumpsiyası ilə törədilən cinayətlərə heç bir hüquqi qiymət vermədən daha çox müdafiə edə bilməyəcəklər. Ölkəmiz beynəlxalq hüququn gözlərini yumaraq imitasiya yolu ilə bərqərar etmək istədiyi (əslində, bu da müəmmalıdır) ədaləti özü tənzimləmək iqtidarındadır. Bunun nümunəsi isə heç də uzaq keçmişdə deyil.

Fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlini qoyan və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bildirib ki, "Xocalıya ədalət" 30 ildir cavabsız qalır. Dünyanın sadəcə 18 ölkəsi bu qanlı faciəni soyqırımı olaraq tanıyıb ki, bu ölkələrin də arasında heç bir böyük dövlətin adı yoxdur. Beynəlxalq təşkilatlar bu soyqırımına biganə qalmışdır: "Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir". Reallıq da belə deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında ilkin sülh müqaviləsinin imzalanması mümkündür, hansı ki, rəsmi İrəvan bu gün sözügedən prosesi hər vəchlə yubandırmağa çalışır. Lakin haylar infantil siyasətdən uzaqlaşıb müstəqil siyasət yürütsə belə və sülh imzalanmasa da, ilk növbədə, aşılmalı maneələr çoxdur. Birincisi və ən vacibi 32-ci ilinə qədəm qoyan Xocalı soyqırımı və hayların azərbaycanlıların başına gətirdikləri digər qandonduran cinayətlər etiraf edilməli və üzr istənilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, İrəvan təqsirsizlik prezumpsiyasından yararlanıb öz cinayətlərinin arxasında sona qədər gizlənə bilməz. Əsl ədalət gec-tez ortaya çıxmalıdır. Əgər məsələ yubanırsa, demək ki, Azərbaycan hökuməti səbir göstərir və hər şeyin razılaşma yolu ilə həllinə ümid edir. Lakin məlum olduğu kimi, bizim də səbrimiz tükənməz deyil, necə ki, 30 il yiyələrinə sığınan ermənilər bu "status-kvo"nu sona qədər qoruyub saxlaya bilmədilər. Bu gün də öz "din qardaşları"nın arxasında cinayətkar əməllərini pərdələyən və sülhə yönəlmək əvəzinə, silah tədarükü ilə məşğul olan haylar eyni siyasəti fərqli məcrada davam etdirir. Bu baxımdan, beynəlxalq hüquq erməni vandallıqlarına hüquqi qiymət vermədiyi hər gün sülh sadəcə kağız üzərində qalmağa davam edəcək, çünki ədalətin bərqərar olunmadığı yerdə sülh ola bilməz.

İkincisi, ermənilər öz ərazi iddialarından və xəbis niyyətlərindən əl çəkməlidir. Ermənistan qanunvericiliyində də əks olunmuş həmin iddialar konstitusiyadan çıxarılmalıdır. 2020-ci ildə "yeni ərazilər uğrunda yeni münaqişə" xülyası ilə Azərbaycanın digər torpaqlarına göz dikən haylar bir növ "böyük Ermənistan" xəyallarının  əsirinə çevrilmişdilər. Amma Xankəndidə yerləşən hökumət binasında Prezident İlham Əliyev tərəfindən ötən il oktyabrın 15-də "böyük Ermənistan" mifi birdəfəlik ləğv edildi. Düzdür, 2020-ci ildə "miatsum" kitabı bağlanmışdı, lakin hayların separatizm və xam xəyalları, xəbis niyyətləri hələ sönməmişdi. Çünki erməni təəssübkeşləri birbaşa közərən ocağa benzin tökürdülər. Yeni təxribatlar və yeni iddialar fonunda daha da azğınlaşan haylar ötən il başa düşdülər ki, onlar üçün nə 200 il əvvəlki çar Rusiyası, nə də 100 il əvvəlki keçmiş SSRİ var. Azərbaycan da ötən iki əsr bundan əvvəlki dövlət deyil. Ölkəmiz bu gün müstəmləkə şəraitində olan və BMT prinsiplərindən uzaq idarə edilən 17 adanın müstəqillik mübarizəsini qlobal müstəviyə çıxarır. 30 il əvvəl dərin yara alan ölkəmiz bu gün, necə deyərlər, "küllərindən doğur". Daha heç bir qara qüvvələr ölkəmizə müdaxilə edə bilməz. Çünki bizim güclü Ordumuz və güclü Liderimiz var.

Üçüncü və sonuncu məsələ isə Ermənistanın sülh prosesinə nə qədər maraqlı olmasıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 25-də jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşün baş tutacağını bildirib. Görüşün fevralın 28-29-da olacağı gözlənilir. Buna paralel olaraq, ötən aylarda və illərdə keçirilən delimitasiya komissiyalarının görüşləri də Azərbaycan tərəfindən təklif edilmişdi. Ermənistan isə sülhə daim "könülsüz" yanaşıb. Çünki bu gün də rəsmi İrəvanın əslində, kim tərəfindən idarə olunması müəmmalıdır. Sözsüz ki, müstəqil siyasətin olmaması əlbəttə ki, sülhə maneədir. Çünki onu idarə edən dövlətlər regionda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Münaqişənin mövcudluğu bölgəyə müdaxiləni və təəssübkeşlik hissi altında silah alverini asanlaşdırır. Vasitəçisiz danışıqların üçüncü dövlətin iştirakından daha effektiv olduğu son görüşlərdə məlum oldu. Lakin marionet dövlət statusundan çıxa bilməyən Ermənistan yenə təxribatlara cəlb edildi və sülh prosesinin vaxtı bir az daha uzandı.

Bu təxribatların başında Fransa dayanır. Artıq bir qisim Ermənistanı Fransanın vassalı və ya XXI əsrdə əldə etdiyi ən son müstəmləkə kimi qəbul edir. Faktiki olan rəsmi İrəvan Yelisey sarayından, Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan komandası tərəfindən gələn qərarlar əsasında hərəkət edir. Sərhəddə intensivləşən təxribatlar isə yeni münaqişəyə işarədir. Fransa bu yolla regionda öz mövqelərini gücləndirmək istəyir. Haylar isə hər zamankı kimi, öz qazancları üçün xəyanət yolunu seçiblər. 100 il əvvəl reallaşan ssenari bu gün təkrarlanır. Belə ki, ötən əsrin 20-ci illərində Çar Rusiyasından müəyyən imtiyazlar alan ermənilər Osmanlılara xəyanət etmişdilər. Bu gün isə tam əksinə, illərdir müttəfiqlik etdiyi Rusiyanı bir vaqon silaha Qərbə satır. Tarix boyu köçəri halda yaşayan haylar yerləşdikləri yerləri daim viran qoyub. Fransaya gedib oradan ölkəsinin KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) fəaliyyətinin dondurulduğunu elan edən Ermənistanın baş naziri Nikol Paşinyan beləcə öz babalarına "sadiqliyini" bir daha sübut etdi. Qərb isə haqq-ədalətə yenə öz binoklu ilə baxmağa davam edir. Törətdiyi cinayətlərə görə bütün imtiyazlardan məhrum edilməli və embarqolara məruz qalmalı olan Ermənistan bu gün öz yazıq obrazı ilə Qərb səhnələrinin ən dramatik aktyoruna çevrilib.

Qeyd edək ki, saxta təqsirsizlik amilindən yararlanan İrəvan vaxtı uzatmaq yolu ilə 30 illik siyasəti bu gün də davam etdirir. Beynəlxalq hüquq isə tapdalanmış insan hüquqlarını heçə sayaraq qərəzli açıqlamalar ilə gündəmə gəlir. Lakin 3 il əvvəl saxta işğal təzyiqini öz üzərindən atmağı bacaran Azərbaycan beynəlxalq ədaləti də təmin edəcək. Bu baxımdan nə qədər gec deyil, haylar sülhə can atmalıdırlar. Yeni dünya düzəni bugünkü qədər ədalətsiz olmayacaq. Çünki Azərbaycan artıq beynəlxalq oyunçuya çevrilib, öz qərarlarını özü diktə edir. Ötən il tamamilə məhv edilən "böyük Ermənistan" xəyalları gələcəkdə "bir qarış Ermənistan" olaraq yenidən "oyana" bilər. Çünki Azərbaycan ədaləti özü təmin etdi. Hayastan isə məhvə doğru sürüklənir, qeyri-müstəqil siyasəti də ardınca...

Tacir SADIQOV,

"Respublika".