Hindistanın keyfiyyətsiz silah və texnikalarının sınaq poliqonu
Siyasət

Hindistanın keyfiyyətsiz silah və texnikalarının sınaq poliqonu

İkinci Qarabağ savaşından 3 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Başqa sözlə desək, Ermənistana təsir edən qüvvələr müxtəlif oyunlarla onu sülhdən yayındırmağa cəhd edirlər.

Məsələn, Fransa, Hindistan kimi üçüncü tərəflər Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə əngəl olmağa çalışır. Hindistanın bu sahədə aktivliyi daha çox nəzərə çarpır. Yeni Dehlinin bu günədək İrəvanı silahlandırmasına dair kifayət qədər fakt var. Belə ki, ötən ilin iyul ayında Hindistanın İran vasitəsilə Ermənistanı silahlandırmasına dair mətbuatda məlumatlar yayılmışdı.

Məşhur "National Interest" nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Yeni Dehli ilə İrəvan arasındakı əsas müdafiə sövdələşmələrinə "Pinaka" reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 millimetrlik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir. Hazırda regionun autsayderi durumunda olan Ermənistan və onun xaotik, qeyri-ardıcıl xarici siyasət xətti yürüdən hakimiyyəti Hindistanı öz əsas hərbi tərəfdaşlarından biri seçib. Amma son dövrlərdə Ermənistanda Hindistan silahlarından narazılıq özünü büruzə verir. Bu yaxınlarda Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın yerli mətbuata müsahibəsindəki fikirlər məsələnin ciddiliyini bir daha təsdiqləyir. Karapetyan Nikol Paşinyan hakimiyyətinin müdafiə sahəsində yürütdüyü siyasətini tənqid edərək bildirib ki, Hindistandan alınmış silahlar artıq bir ildir, Ermənistandadır, amma onlar yararsız vəziyyətdədir. "Mənim əlimdə sənəd var ki, Hindistan silahlarını artıq bir ildir ki, təmir edib xidmətə hazır vəziyyətə gətirmək mümkün olmur", - deyə sabiq nazir vurğulayıb.

Əslində Hindistanın Ermənistana keyfiyyətsiz silah tədarükü təsadüfi deyil. Çünki Yeni Dehli bu gün dünya silah bazarında satıcı deyil, daha çox alıcı qismində tanınır. Hətta Hindistan xaricdən silah alışına görə dünyada birinci sırada dayanır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) beynəlxalq silah transferləri ilə bağlı hesabatına görə, Hindistanın silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb, son 20 ildə ölkə silah alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib. Bununla yanaşı, Hindistanın müdafiə naziri Racnatx Sinqx də yaxın 10 ildə ölkənin silah-sursat alışına 100 milyard dollara qədər vəsait xərcləməyi düşündüyünü qeyd edib. Yəni Hayastana silah satan Hindistan özü başqa ölkələrdən silah alır. Buradan bir daha Yeni Dehlinin raketlər, təyyarələr, döyüş gəmiləri istehsal etmək üçün tələb olunan texnologiyalara sahib olmadığı ortaya çıxır. Əksinə, Hindistan başqa dövlətlərdən silah alarkən onların hazırlandığı texnologiyaları da əldə etməyə çalışır. Məsələn, ötən il Hindistan ABŞ-ın "General Electric" şirkəti ilə bu ölkənin döyüş təyyarələri üçün mühərriklər istehsal etmək barədə razılığa gəlib. Eyni zamanda Hindistan özünün ən yeni təyyarə daşıyan gəmisi üçün Fransadan qırıcı təyyarələr almağı da planlaşdırır. Ölkə bununla yanaşı, fransız, alman və ya ispan texnologiyasından istifadə edərək sualtı qayıqlar, ABŞ-la Fransa istehsalı olan mühərriklə işləyən döyüş təyyarələri istehsal etmək niyyətindədir. Bu cür addımlar atan ölkənin silahlarının keyfiyyətsiz olması da şübhəsiz təəccüblü deyil.

Rusiyadan ən çox silah alan ölkələr sırasında olan Hindistan ordusunun arsenalının 65 faizi Moskvadan alınmış silahlardır. Hindistan müdafiə sənayesinin uğuru hesab edilən "BrahMos" raketləri məhz Rusiyanın hərbi-texniki texnologiyaları əsasında hazırlanıb. Bundan öncə Ermənistanın Yeni Dehlidən aldığı "Pinaka" reaktiv yaylım atəş sistemləri isə Rusiyanın "Smerch" sisteminin texnologiyası əsasında istehsal olunur. Həmçinin "Konkurs" tank əleyhinə raketlər də Rusiyadan əldə edilən patent əsasında hazırlanıb. Bütün bunlar bir daha Yeni Dehlinin İrəvana satdığı eksperimental xarakterli, müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti - "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" haubitsaları, "MArG 155" özüyeriyən haubitsalarının keyfiyyət və dəqiqliyini sual altında qoyur. Bu isə o anlama gəlir ki, Hindistan Ermənistanı silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon kimi görür. Vaxtikən Moskvadan pulsuz silah əldə edən İrəvan indi hazırkı hərbi-siyasi tərəfdaşı Hindistandan yüksək qiymətə keyfiyyətsiz silahlar əldə edir. Görünür, Yeni Dehli Hayastana milyonlarla qiymətə yararsız, keyfiyyətsiz silah və texnikalar sırıyır. Bu isə Hindistanın Ermənistandan yalnız öz silahlarının təbliğatını aparmaq, iri silah ixracatçısı statusu əldə etmək üçün yararlandığını söyləməyə əsas verir. Şübhəsiz, sözügedən məsələdə hindistanlıların maliyyə maraqları da təmin olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".