Qarşılıqlı əlaqələrin yeni mərhələsi
Siyasət

Qarşılıqlı əlaqələrin yeni mərhələsi

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev şimal qonşumuz Rusiyaya səfər edib. Bu, ölkə başçımızın fevral ayında keçirilən prezident seçkilərindən sonra Moskvaya ilk səfəri idi. Kremldə reallaşan budəfəki görüşdə nəinki Cənubi Qafqaz regionunun, ümumilikdə Qərbin də diqqət mərkəzində idi. Moskva görüşünün rus sülhməramlılarının bölgəni vaxtından əvvəl tərk etməsi fonunda baş tutması Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın qarşılıqlı anlayış şəraitində həyata keçirildiyini bir daha təsdiqlədi.

Xarici siyasət kursunda praqmatikliyi ilə fərqlənən ölkəmiz daim region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün səy göstərir. Rəsmi Bakı balanslı siyasət yürüdərək müxtəlif beynəlxalq aktorlar arasında orta xətti qorumağa nail olub. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev dövlətimizin MDB məkanında aktiv bölgədə yerləşməsinə baxmayaraq, Rusiya ilə münasibətlərdə müstəqilliyini qorumaqla, milli maraqları hər zaman üstün tutub. Respublikamız Rusiya Federasiyası üçün məsuliyyətli, etibarlı tərəfdaşdır. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə, o cümlədən  nəqliyyat, iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu irəliləyişlər əldə olunub. Bu gün ölkəmizin sahib olduğu iqtisadi güc təkcə Azərbaycanda deyil bütün regionda tənzimləyici və lokomotiv rolunu oynayır. Bu kontekstdə dövlətimizin istər bölgə daxilində, istərsə də beynəlxalq arenada əməkdaşlıq əlaqələri digər dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində bu bir daha öz təsdiqini tapdı. Belə ki, səfər zamanı iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın yüksək həddə çatdığı vurğulandı. Eyni zamanda liderlər bütün istiqamətlər üzrə müsbət dinamikanın müşahidə edildiyini, dövlətlər səviyyəsində müntəzəm siyasi dialoqun mövcudluğunu qeyd etdilər. Həm rəsmi Bakı, həm də Moskva daim beynəlxalq arenada bir-birini dəstəkləyən ölkələrdən olublar. Bu gün müşahidə edilən proseslər, Azərbaycanın rəsmi Moskva üçün mühüm tərəfdaş olduğunu söyləməyə əsas verir.

Bu gün iki ölkə arasında əlaqələrin genişlənməsi iqtisadi artımlarla xarakterizə olunur. Məsələn, 2017-ci illə müqayisədə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq  4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, ötən il Bakı ilə Moskva arasında ümumi yükdaşımaların həcmi 2017-ci illə müqayisədə 87 faiz, tranzit yüklərin həcmi isə  dörd dəfəyə yaxın artıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Azərbaycan-Rusiya əlaqələrinin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi, daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Həmçinin dövlətimiz Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini də genişləndirir. Rusiyanın müxtəlif ərazilərində tikilən ticarət evləri, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması bunun əyani sübutudur.

Rusiya səfərinin ən yaddaqalan məqamlarından biri liderlərin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı idi. Bu, ümummilli lider Heydər Əliyevin nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, respublikaların və xalqların əməkdaşlığının, dostluğunun da növbəti təcəssümü kimi qiymətləndirilir. Yarandığı dövrün ən böyük infrastruktur layihələrindən biri olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Məhz bu səbəbdən BAM xəttini "Əsrin layihəsi" adlandırırdılar. O dövrdə mövcud olan əngəllər dəmir yolunun inşasını uzun illər ləngitmişdi. O zaman ulu öndər Heydər Əliyev Baykal-Amur Magistralının başa çatdırılmasında müstəsna xidmətləri olan Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sektorunun şaxələnməsinə önəm verən və bu sahəni ölkənin "arteriya damarı" adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin hələ 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş nöqtəsi oldu. Daha sonra Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etmiş, tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürmüşdü. Bu baxımdan,  BAM-ın 50 illiyi münasibətilə təşkil olunan tədbirdə layihənin ərsəyə gəlməsində məhz Ulu Öndər Heydər Əliyevin rolu bir daha diqqətə çatdırılmışdır.

Sonda isə Moskva səfərinin iki ölkə arasında əməkdaşlıqda gələcək perspektivdə pozitiv nəticələrdən xəbər verdiyini söyləmək mümkündür. Növbəti illərdə qarşılıqlı əlaqələrin daha da yüksək səviyyəyə çatacağı istisna deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".