Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

İnsan bədənində qaraciyər yetişdirilib

ABŞ-ın "LuGenesys" biotexnoloji şirkətinin alimləri insan orqanizminə donor hüceyrələri implantasiya edərək kiçik qaraciyər yetişdirməyi bacarıblar. Siçan, it və donuzlar üzərində aparılan təcrübələrdə uğurla həyata keçirilən bu metod gələcəkdə qaraciyər çatışmazlığı olan xəstələrə kömək edə bilər.

"Nature" jurnalında dərc edilən məlumata görə, proses xəstəlikdən zədələnmiş əsas qaraciyərin yanındakı limfa düyünlərinə donor hüceyrələrin yerləşdirilməsi ilə həyata keçirilir. Bir neçə aydan sonra hüceyrələr çoxalaraq xəstənin itirilmiş qan filtrləmə funksiyasını bərpa edə biləcək struktur yaratmağa başlayır.

Pilot tədqiqatda alimlər qaraciyər çatışmazlığı olan 12 xəstə ilə işləyəcəklər. Birinci könüllü artıq effektiv müalicə alıb və təqib mərhələsindədir. Başlanğıcda alimlər, limfa düyünlərində bir neçə donor hüceyrə fokusunu meydana gətirəcək. Bu yolla isə orqanizmi dəstəkləyə biləcək miniorqanizmlərin optimal sayını və ölçüsünü müəyyən edəcəklər. Hələlik mini orqanların istifadəsi müvəqqəti hesab olunur. Bu proses sadəcə donordan qaraciyər transplantasiyası alarkən müvəqqəti tədbirdir. Lakin gələcəkdə, tədqiqatçılar immunosupressiv dərmanlara ehtiyacı aradan qaldırmaq üçün donor kök hüceyrələr əvəzinə xəstənin öz kök hüceyrələrindən istifadə etməyi planlaşdırırlar. Qeyd edək ki, bundan əlavə gələcəkdə böyrək və mədəaltı vəzinin böyüdülməsi üçün də oxşar tədqiqatların aparılması nəzərdə tutulur.

"Xiaomi" ikinci elektromobilini təqdim edə bilər

Bildiyimiz kimi, Çinin məşhur "Xiaomi" brendi ötən günlərdə ilk elektromobili "SU7" modelini təqdim etmişdi. Bununla belə, indi ortaya çıxıb ki, "Xiaomi" yeni avtomobil modelləri üzərində işləməyə davam edir. Belə ki, əldə edilən məlumatlara görə, şirkət bu ilin sonuna qədər eyni tipli ikinci elektromobilini təqdim etməyi planlaşdırır.

27 dəqiqə ərzində 50 mindən çox sifariş alan elektrikli sedan Çində, eləcə də bütün dünyada marağa səbəb olmuşdu. Məhz elektromobilin bu qədər maraq cəlb etməsi isə, onun iddia ediləndən daha ucuz qiymətlərlə təklif olunması və yüksək performans vəd etməsidir. Görünən odur ki, "Xiaomi" ilk elektromobilinə olan marağı gördükdən sonra bu ilin sonuna qədər "SUV" (ön və arxa təkərləri çəkən yolsuzluq avtomobili) tipli ikinci elektromobilini təqdim etmək istəyir. 

Əslində "Xioami" brendinin "SUV" istehsal etməsi heç də təəccüblü deyil. Çünki son vaxtlarda yolsuzluq avtomobilləri dünyada populyarlaşıb. Maraqlısı budur ki, şirkət bu elektromobili ilin sonuna qədər təqdim etməyi düşünür. Avtomobil sahəsinə yeni daxil olmuş "Xioami" üçün bu qədər qısa müddətdə ikinci bir uğurlu model təqdim etmək istəyi həqiqətən də gözlənilməzdir. Qeyd edək ki, "Xiaomi SU7" modelini sifariş etmək istəyənlər xeyli müddət gözləməli olacaqlar. Təbii ki, səbəb bəllidir, şirkət bu qədər sifariş əldə edə biləcəyini təxmin etmirdi.

Beynin ən dəqiq görüntüsü çəkilib

Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyinin (CEA) mütəxəssisləri tərəfindən dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə insan beyninin ən dəqiq görüntüsü çəkilib. Agentlikdən verilən məlumata görə, "Iseult" adlı MRT cihazı ilə çəkilmiş görüntülər 20 ildən çox davam edən araşdırma nəticəsində əldə olunub. Yeni görüntülər həqiqətən də insan beyninin mürəkkəbliyini bir daha sübut edib.

Araşdırmalar 20 sağlam könüllü üzərində sınaqdan keçirilib. 11.7 Tesla maqnit gücünə malik MRT aparatı ilə ən aydın beyin görüntüsünün əldə edilməsi təxminən 4 dəqiqə ərzində başa gəlib. Hansı ki bu görüntüləri xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə etmək xeyli zaman ala bilər.

Layihənin rəhbəri və CEA Araşdırma Direktoru Nicolas Boulant, daha yüksəkkeyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların bir neçə il davam edəcəyini qeyd edib. Boulant həmçinin vurğulayıb ki, onların məqsədi 2026-2030-cu ilə qədər psixiatriya sahəsində şizofreniya və bipolyar pozğunluq, həmçinin neyrodegenerativ xəstəliklər kimi bir çox problemləri araşdırmaqdır. Yeni MRT cihazı ilə əldə edilən geniş anatomik məlumatların həmçinin Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozunda da effektiv olacağına ümid edilir.

"Starship" növbəti orbital uçuşa hazırlaşır

İlon Maskın "SpaceX" kosmik şirkəti (Space Exploration Technologies Corporation- Kosmik Kəşf Texnologiyalar Şirkəti) aktiv şəkildə "Starship" adlı kosmik gəmisinin dördüncü orbital test uçuşuna hazırlaşır. Şirkət artıq "Starship"in ilk pilləsini və 33 ədəd Raptor mühərrikinə sahib "Super Heavy" raketini "SpaceX"in "Starbase" adlı kosmodromunun start meydançasına yerləşdirib.

Şirkətdən verilən məlumata görə, "Super Heavy" statik testlərə hazırlaşır. Bu testlər çərçivəsində raketin 33 ədəd mühərriki bir neçə saniyəlik işə salınacaq. Məlumat üçün deyək ki, "Starship"in ilk orbital uçuş cəhdi keçən ilin aprel, ikinci uçuş cəhdi həmin ilin noyabr ayında, üçüncü uçuş cəhdi isə keçən ay baş tutmuşdu. İlk uçuş cəhdi uğursuz, ikinci nisbətən uğurlu, üçüncü cəhd isə uğurlu olmuşdu. Üçüncü uçuş cəhdi çərçivəsində "Starship" Yer kürəsinin orbitinə çatsa da, atmosferə yenidən daxil olan zaman partlamışdı. Qeyd edək ki, "SpaceX" dördüncü orbital uçuşu may ayının əvvəlinə planlaşdırır.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".