Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Məhəmmədhüseyn Şəhriyar

"Sürəyyanın eşqi olmasaydı mən şair yox, həkim olardım"... Belə demişdi Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar... Sevdiyi qıza görə sürgün edilən, İran şahına boyun əyməyən dahi şairimiz yaradıcılığı ilə yanaşı, keşməkeşli həyatı ilə də yaddaşlarda qalıb...

Əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar Təbriz şəhərinin Bağmeşə bölgəsində, zamanının tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Məşrutə inqilabı illərində ailəsi Şəhriyarı Heydərbaba dağının ətəyində yerləşən Xoşginab kəndində yaşayan nənəsinin yanına göndərir. İnqilabdan sonra o, ailəsinin yanına geri qayıdır. Bu, sonralar onun "Heydərbabaya salam" kimi möhtəşəm poema yazmasına səbəb olur. Yeri gəlmişkən qeyd edək ki, şairə böyük məşhurluq gətirən bu poema sovetlər birliyi xalqlarının 90 faizinin dilinə tərcümə edilib. Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məhəmməd Əmin Rəsulzadə olub.

Şəhriyarın ədəbiyyata marağı uşaqlıq illərindən başlayıb. Burada onun valideynlərinin də böyük rolu olub. 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə farsca şeirlər yazan ədib Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxumuş və onlardan bəhrələnmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alan şair Behcət təxəllüsü ilə şeirlər yazmağa başlayır. Deyilənə görə, Məhəmmədhüseyn Tehranda olarkən Behcət təxəllüsünü bəyənmədiyi üçün iki rəkət namaz qılır, sonra Hafizin kitabı ilə fal açır və bundan sonra isə özünə Şəhriyar təxəllüsünü götürür. O, Tehrana gəldiyi ilk günlərdən Ustad Əbulhəsən Səba ilə tanış olur, saz (setar) çalmağı və İran musiqisinin bir çox növlərini ondan öyrənir. Mədrəsə təhsili başa çatandan sonra isə Tehran universitetinin tibb fakültəsində təhsil alır.

Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar ona şeirlər həsr edir. Lakin Rza şah Pəhləvinin yaxın qohumu Əbdülhüseyn Teymurtaş Sürəyyaya aşiq olduğu üçün onları ayırır. Deyilənə görə, Əbdülhüseyn Teymurtaş Sürəyyanı Şəhriyardan tam uzaqlaşdırmaq üçün şairin Nişapura sürgünə göndərilməsinə nail olur. Başqa bir iddiaya görə isə onun sürgün edilməsinə səbəb Rza şah rejimini tənqid edən qəsidə yazmasıdır.

Bir dəfə Şəhriyarla Sürəyya Behcətabad parkında görüşməklə bağlı razılığa gəlirlər. Sevgilisini son dəfə görmək ümidi ilə gecə həmin yerə gələn şair səhərədək gözləyir, amma Sürəyyanı gətirmirlər. Elə həmin gecə "Behcətabad xatirəsi"ni qələmə alır. Sevgilisi üçün yazdığı şeirlərin içərisində ən məşhuru isə "Yar qasidi" olub ki, sonralar şair bu şeiri ağlaya-ağlaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib: "Sürəyyanın eşqi olmasaydı, mən şair yox, həkim olardım"...

Şair qohumu Əzizə Əmid Xaliqi adlı xanımla ailə qurub. Bu evlilikdən Şəhrzad, Məryəm və Hadi adlı üç övlad dünyaya gəlib. Lakin sonralar həyat yoldaşı Əzizə xanım dünyasını dəyişmiş, bu hadisədən çox sarsılan Şəhriyar özünü yaradıcılıq və ədəbiyyatla ovutmağa çalışıb.

Şəhriyar ömrü boyu həsrətində olduğu Quzey Azərbaycanı görə bilməyib. M.P.Vaqifin 250 illik yubileyində Azərbaycan Yazıçılar İttifaqı Şəhriyarı Bakıya dəvət edib, lakin ona süni əngəllər yaradılıb və şairin böyük arzusu həyata keçməyib.

Ustad ömrünün son illərində Tehranda yaşayır. Amma çox istəyirdi ki, Şiraza gedib Hafizin məqbərəsinin yaxınlığında yaşasın. Bu istək onun "Ey Şiraz" və "Dər barqahi Sədi" şeirlərində öz əksini tapıb. Amma sonralar bu fikrindən dönür. Tehranda yaşamaqdan yorulduğu üçün hara gedəcəyi barədə bir qərara gələ bilmir. Bir gün isə o, heç kəsə, hətta ailəsinə də bildirmədən Tehrandan Təbrizə köçür. Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 82 yaşında ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişən şair vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlər məqbərəsində") dəfn edilir. Onun ölümü İranda "Milli şeir" günü kimi qeyd olunur

 

Yasunari Kavabata

"İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz". O, müasir dünyada geniş vüsət alan intihar olaylarına toxunaraq bu sözləri desə də özü buna əməl edə bilmədi... Söhbət Yaponiyanın məşhur yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, həyatını intiharla sonlandıran Yasunari Kavabatadan gedir...

Onun həyatı çoxlarınınkı kimi, başlamadı. Körpəlikdən çətin və ağır imtahanlar Yasunarini yerdən-yerə vurmuşdu. Belə ki, Osakedə anadan olan yazıçı iki yaşına çatar-çatmaz həkim olan atasını itirir. Və bununla da ailənin ağır günləri başlayır. Amma Yasunari və bacısının itkiləri heç də bununla bitmir. Az sonra anaları da dünyasını dəyişir. Yetim qalan uşaqları Yasunarinin ana babası və nənəsi öz himayəsinə götürür. İlk vaxtlar yeni şəraitə öyrəşmək çox çətin olsa da uşaqlar həyatın bu zərbəsinə də alışmağa başlayır ki, yeni faciələr bir-birinin ardınca gəlir. Bu dəfə isə Yasunarinin nənəsi və bacısı ölür. Və ard-arda doğmalarını itirən uşaq qoca babası ilə tək-tənha qalır. Bütünlüklə babasına bağlanan balaca oğlan qəlbiylə onu sevir. Nəvəsinin hər bir qayğısını çəkən və sənətdən, yaradıcılıqdan xəbərsiz olan babası sövq-təbii hiss edirdi ki, uşaq öz davranışları, mühakimələri ilə yaşıdlarından çox fərqlənir. Çox vaxt bir kənara yığışıb diqqəti cəlb edən şəkillər çəkən balaca oğlan, hətta babasına rəssam olacağını da söyləmişdi. Qoca üçünsə bunun elə də fərqi yox idi. Nəvəsi təki ömrünü sakit yaşamaq üçün normal bir həyat qura biləydi. Amma bir qədər də keçdi, 14-15 yaşlarına çatmış Yasunari rəssam olmaq arzularından daşındı. Gününün çox hissəsini kitablarla keçirən yeniyetmə indi yazıçılığa meyil salmışdı. Əlbəttə, o vaxt onun rəssamlıq arzularından sakitcə uzaqlaşmasına nəzərən belə qənaətə gəlmək olardı ki, elə yazı-pozu adamı olmaq istəkləri də ötəri təzahürlərdi və tezliklə keçəcək. Amma kim deyə bilərdi ki, bir zaman gələcək, onun adı Yaponiyanı dolaşacaq, o, doğrudan da məşhur bir yazıçıya çevriləcəkdi. Lakin hələ həmin günlərə bir xeyli vardı. Hələ onu çox sınaqlar gözləyirdi qarşıda...

Yazıçı həmin ərəfədə həyatının növbəti dəfə ən böyük zərbəsini aldı: babası vəfat etdi. Bu itkiylə çətinliklə barışan Yasunari nəhayət, ilk yaradıcılıq nümunələrini ortaya qoydu və yazdığı avtobioqrafik əsərində - "On altı yaşlının gündəliyi"ndə bunlardan maraqla bəhs etdi.

Deyilənlərə görə, o, gözəl bir qızı sevmiş, sonra isə həyatın sərt zərbələrindən sarsılmış gənc tənhalığa çəkilərək heyvanlarla, çiçəklərlə ünsiyyət qurmağa başlamış, aşiq olduğu qızın xatirələri ilə yaşamışdır. Yeri gəlmişkən qeyd edək ki, sonralar Yasunari qardaşının qızını övladlığa götürmüşdü. Əslində Hediko adlı qızla evlənən və bir müddət Kamakurada adi kəndli həyatı yaşayan Kavabatanın özünün də bir qızı vardı.

Onu da qeyd edək ki, Kavabata ədəbiyyat üzrə ali mükafatı alan ilk yapon yazıçısı idi. Və kimsəyə bənzəməyən Yasunari mükafatlandırılma mərasimində xarakterindəki təvazökarlıqdan gələn səmimiyyətlə belə demişdi: "Anlaya bilmirəm, nəyə görə mükafatlandırmaq üçün məhz məni seçiblər… Yazıçıdan ötrü şöhrət ağır yük olur...". Amma o, haqqı ilə, istedadı ilə qazanmışdı həmin diqqəti. Yaradıcılığında bənzərsiz olduğu kimi, həyatdakı seçimlərində də, həyat tərzində də kimsəyə oxşamamışdı, elə ölümündə də kimsəyə bənzəmədi. 72 yaşlı yazıçı günlərin birində özünü öldürdü və onun intihar etməsinin səbəbi hamı üçün sirr olaraq qaldı. Hər kəs səbəb axtardı, faciəni haralara qədər yozdular, lakin heç biri həqiqətə oxşamadı. Çünki səhhətindəki problemlərə görə xəstəxanada müalicə olunan Kavabata oradan çıxdıqdan bir neçə gün sonra özünü niyə öldürməliydi ki?.. Evində özünü qazla zəhərləyərək həyatına son vermişdi... Nə bir məktub, nə də bir son söz qoymadan. Yoxsa, bu da taleyin bir istehzasıydı?.. Ya yazıçının növbəti və son özünəməxsus addımıydı?.. Bəli, saysız-hesabsız ehtimallar, müəmmalar… Amma bunların arasında yeganə doğru olanı da vardı. O da Yasunari Kavabatanın həyatdan köçməsiydi...

 

Oqüsten Koşi

Məşhur fransız riyaziyyatçısı Oqüsten Koşi... Parisdə hüquqşünas ailəsində anadan olan bu dahi şəxsiyyətin ad günü demək olar ki, böyük Fransa burjua inqilabının başlanması ilə üst-üstə düşüb. Belə ki, riyaziyyatçı Bastiliyanın işğalından altı həftə sonra dünyaya gəlib. Koşi hürriyyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödəyib...

Atası hüquqşünas idi. Altı qardaşın ən böyüyü olan Koşi uşaqlığını Fransa inqilabından sonrakı ən xaotik və qanlı günlərdə yoxsulluq və aclıq içində keçirib. Müharibə dövründə məktəblər bağlandığından valideynləri övladlarını mümkün təhlükələrdən qorumaq üçün Arcueil adlı kiçik bir kəndə aparıb. Burada əkinçiliklə dolanan ailə övladlarının qida ehtiyacını ödəmək üçün bir çox çətinliklərə sinə gəriblər. Yeri gəlmişkən qeyd edək ki, Koşinin uşaqlıqda pis qidalanması həyatı boyu onun zəif bədənə sahib olmasına səbəb olub.

Koşi ilk təhsilini atasından alıb. Deyilənlərə görə, atası övladları üçün nəzm şəklində dərsliklər yazıb.

Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifi olan riyaziyyatçı analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir. Diferensial tənliklər, riyazi fizika, ədədlər nəzəriyyəsi, həndəsə üzrə bir çox əsərlərin müəllifi olan bu dahi şəxsiyyət olduqca səbirsiz, tez özündən çıxan və tündxasiyyətli biri olub. O, öz dünyasında yaşayar və daim harasa tələsərdi. Lakin Koşi yaxşılıq etməyi çox sevirdi. İnsanlardan mümkün qədər uzaq gəzən, çox qapalı adam olsa da, həyatı boyu ətrafdakılardan köməyini əsirgəməyib.

Koşi Aloise de Bure adlı xanımla evlənib. Çox tərbiyəli və ziyalı bir ailənin qızı olan bu xanım Koşinin bir çox əsərlərini nəşr etdirən naşirin yaxın qohumu idi. Koşi kimi o da katolik olub. Cütlük qırx il xoşbəxt evlilik həyatı yaşayıb. Onların bu izdivacdan Mari Fransuaza Alicia və Mari Mathilde adlı iki qızı dünyaya gəlib.

Dahi riyaziyyatçı uzun müddət bronxial astma xəstəliyindən əziyyət çəkib və 68 yaşında dünyadan köçüb. O, xəstəliyini müalicə etdirmək üçün təqaüdə çıxsa da, qəfl ölümünə səbəb qızdırma olub. Əslində, o öləcəyini heç gözləmirmiş. Deyilənlərə görə, ölümündən bir neçə saat əvvəl Paris arxiyepiskopuna gələcəkdə edəcəyi yaxşılıqlardan danışıb. Onun keşişə son sözü isə belə olub: "İnsanlar gəlib gedirlər, amma gördükləri işləri, əsərləri qalır". Həqiqətən də Koşinin əsərləri bu gün də yaşamaqdadır...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".