Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Boya qlobal istiləşmənin qarşısını ala bilərmi?

Bu yaxınlarda qlobal iqlim böhranı ilə mübarizə aparmaq məqsədilə dünyanın ən ağ boyası hazırlanıb. Purdue Universitetinin Maşınqayırma fakültəsinin professoru  Xiulin Ruan və tələbələri tərəfindən hazırlanmış boya dünyanın ən ağ boyası olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Uzun sürən araşdırmalar nəticəsində əldə edilən ultra ağ boya, işığı maksimum səviyyədə əks etdirən ilk boyadır. Elm adamları hazırladıqları boyanın günəşdən gələn şüaları  maksimum sürətlə  kosmosa geri əks etdirmə qabiliyyətinə malik olduğunu söyləyirlər. Onun müxtəlif səthlərdə geniş istifadəsi nəzərdə tutulur.

"ACS Applied Materials & Interfaces" jurnalında dərc olunan məqaləyə görə , yeni boya kağız və kosmetika istehsalında istifadə olunan barium sulfat əsasında hazırlanıb. Boyanın günəş şüasının 98,1 faizini əks etdirmə xüsusiyyətinə malik olduğu bildirilib.

İxtira edilmiş ağ boya istifadə olunduğu səthi daha soyuq saxlayır. Belə ki, sınaq zamanı onun vurulduğu səthləri günorta saatlarında müşahidə edilən temperaturdan  4,4 dərəcə, gecələr isə 10,5 dərəcə soyuq saxladığı təsbit edilib.

Bu kəşf  ilk deyil. Belə ki, uzun müddətdir ki, eyni məqsədlə aparılan rəng araşdırmaları davam etməkdədir. Keçən ilin oktyabr ayında da işığı 95,5 faiz əks etdirə bilən ağ rəng əldə edilmişdir. Lakin yeni ixtiranın əvvəlkilərdən fərqi  şüanı əks etdirmə qabiliyyətinin 2,6 faiz  daha çox olmasıdır.  Onu da  qeyd edək ki,  bu yaxınlarda elm adamları işığın 99,9 faizini udma qabiliyyətinə malik qara rəng də əldə ediblər.

Bəs, bu boyalar qlobal istiləşmənin qarşısını necə ala bilər? Komandanın rəhbəri professor Xiulin Ruan belə  boyalardan dünyada geniş istifadə etməyi hədəflədiklərini deyir. Onun fikrincə, binaların, damların, divarların, boş torpaq sahələrinin, yəni bütünlükdə yer səthinin bir hissəsinin bu cür boyalarla rənglənməsi qlobal istiləşmənin qarşısını ala bilər. Bundan əlavə, o, bildirib ki, əgər günəşdən gələn  işığın az bir hissəsi belə geri əks olunarsa, istiləşmə prosesi ləngiyə bilər.

 

NASA robot şarını sınaqdan keçirib

Milli Aeronavtika və Kosmos İdarəsi (NASA)  planetimizin "əkizi" hesab edilən Veneranı araşdırmaq üçün ABŞ-ın Neveda səhrasında xüsusi olaraq hazırladığı robot şarını  sınaqdan keçirib. Tədqiqatçılar şarın hələ ki, uğurlu nəticələr verdiyini bildiriblər.

NASA kainatı tədqiq etməyə davam edərkən, bu dəfə də Veneranı hədəfə alıb və qarşıdakı illərdə planeti araşdırmaq məqsədilə Avropa Kosmik Agentliyi, Yeni Zelandiyanın kosmos şirkəti Rocket Lab ilə birgə yeni layihəyə imza atıb.

Planetimizin "əkizi"  hesab olunan Venera, Günəş sistemində Yerə ən çox bənzəyən planet kimi tanınır. Uzun  illər ərzində aparılan araşdırmalar Veneranın kütləsi və cazibə qüvvəsi kimi bir çox xüsusiyyətlərinin planetimizlə demək olar ki, eyni olduğunu göstərir. Lakin planetin səthində aşkar edilən isti hava kütlələri və zəhərli qazlar  onun yaşayış üçün yararlı olub-olmamasını sual altında qoyur.

NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında (JPL) dizayn edilən kosmos şarının prototipi kənardan baxıldıqda Kapadokyadakı şarlara  bənzəyir. Amma təbii ki, bu, belə deyil. Aerobot əslində iç-içə  birləşdirilmiş iki- daxili və xarici şardan ibarətdir. Daxili şarda helium qazını xarici şara ötürməyi və çıxarmağı hədəfləyən mühərrik quraşdırılmışdır. Xarici şar bildiyimiz şarlarla müqayisədə daha elastik materialdan hazırlanmış və planetin səthindəki yüksək temperatura və qazlara tab gətirmək üçün nəzərdə tutulmuşdur.

Şar planetin səthində uçmaq üçün uyğun olmasa da, oradan bir neçə kilometr uzaqlıqda yaşayış üçün əlverişli olduğu düşünülən atmosferə qalxaraq planeti müşahidə edə biləcək. Onun alt hissəsinə birləşdirilmiş  sensor və kameralar planeti skan edərək məlumatları  Veneranın orbitində olan ikinci zonda göndərəcək. Nəticədə toplanan bütün məlumatlar NASA tərəfindən araşdırılacaq və planetin yaşayış üçün yararlı olub-olmaması  müəyyənləşdiriləcək.

İnformasiya "Cumhuriyyet" qəzetində dərc edilib.

 

"Microsoft Office" rebrendinq edir

Uzun müddətdir ki, istifadəyə verilən  və dünya miqyasında saysız-hesabsız istifadəçisi olan Microsoft Office 32 illik xidmətdən sonra brendindən imtina etməyi planlaşdırır. Belə ki, adı və funksiyaları  dəyişdirilən proqram təminatçısı yaxın gələcəkdə "Microsoft 365" brendi altında  fəaliyyətini davam etdirəcək.

Şirkətdən verilən məlumata görə, növbəti aylarda Office.com, Office mobil proqramı və Windows üçün Office proqramı yeni loqo, görünüş və daha çox funksiyası ilə rebrendinq (brendin, əmtəə nişanının və ya onun tərkib hissələrinin dəyişdirilməsi) edəcək.

Qeyd edək ki, ilk dəfə 1990-cı ildən istifadəyə verilən Microsoft Office, ötən müddət ərzində bir çox yeniliklər etmiş və proqram təminatı məkanında  əvəzedilməz mövqeyə sahib olmuşdur.

Şirkətdən bildirilib ki, dəyişikliklərə gələn aydan etibarən başlanılacaq. Office.com yeni təcrübəni  əvvəlcə noyabr ayında Microsoft365.com-da , ardınca Windows-da Office proqramı və daha sonra isə 2023-cü ilin yanvarında Office mobil proqramında tətbiq edəcək.  

Həmçinin istifadəçilərə faylların itirilməsi ilə bağlı narahatçılığa əsas olmadığı bildirilib. Belə ki, mövcud hesab, profil, abunəlik və ya faylların təhlükəsizliyinin təmin ediləcəyi qeyd edilib.

Dəyişikliklər həyata keçirildikdən sonra istifadəçilər Word, Excel, PowerPoint, Outlook kimi proqramlarla yanaşı, Microsoft 365 proqramı və ya Microsoft365.com-a daxil ola biləcəklər.

İnformasiya "Muhalif" veb saytında yayımlanıb.

 

Süni beyin neyronlarına kompüter oyunu öyrədilib

Cortical Labs adlı biotexnoloji startapın alimləri   dünyada bir ilkə imza atıblar. Belə ki, elm adamları laboratoriya şəraitində yaratdıqları beyin neyronlarına  Pong oyununu öyrədiblər. Tədqiqatçılar bununla da ilk dəfə olaraq süni beynin müəyyən tapşırıqların yerinə yetirilməsi üzrə təlimatlandırıla biləcəyini sübut ediblər.

"Bild der Wissenschaft" jurnalında dərc edilən məqalədə bildirilir ki,  800 000 hüceyrədən ibarət  olan neyron şəbəkəsi DishBrain adlandırılıb. Kompüter oyununun işə düşdüyü sistemə qoşulan "mini" beyin,  elektrik impulsları vasitəsilə oyunda topun mövqeyini sərgiləyib. Daha sonra isə ona daxil olan məlumatlardan asılı olaraq virtual platformanı aşağı-yuxarı istiqamətlərdə hərəkət etdirib. Platformanın topa toxunduğu halda DishBrain çox güclü geri dönüş impulsu əldə edib. Əks halda isə bu impuls zəifləyib.

Alimlər laboratoriya şəraitində yaratdıqları neyronlar şəbəkəsinin hələ ki,  çox primitiv və şüur əldə etmə imkanının olmadığını söyləyirlər. Lakin buna baxmayaraq, DishBrain oyun daxilində 5 dəqiqə ərzində təlimatlandırma üçün bütün imkanlara malikdir.

Təcrübələr göstərir ki,  süni beynin oyun oynama müddəti artdıqca onun imkanları  da yaxşılaşır.

Aparılmış tədqiqata əsasən bu, hüceyrələrin yenidən təşkilinə, onların inkişafına və öyrənmə bacarıqlarına işarə edir. DishBrain gələcəkdə alkoqol və müxtəlif dərman preparatlarının koqnitiv bacarıqlara necə  təsir  göstərəcəyi mövzusundakı tədqiqatlarda istifadə edilə bilər. 

Alimlər laboratoriya şəraitində yaradılmış beyin neyronlarının əsl insan beynini əvəz edə bilib-bilməyəcəyini öyrənmək niyyətindədirlər.  Bu səbəbdən də,  onun müxtəlif xəstəliklərin müalicəsi üzrə aparılan tədqiqatlarda da istifadə edilməsi istisna deyil.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".