Nikbinlik və məmnunluq yaradan səfərlər
Region

Nikbinlik və məmnunluq yaradan səfərlər

Prezident İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində bütün bölgələrimiz kimi Gəncənin də sürətli inkişafına nail olunub. Dövlət başçısının hər bir səfəri şəhərin sosial-iqtisadi həyatında böyük rol oynayır, Gəncə simasını dəyişir, yenilənir. Şəhərin qədimliyinin, ənənəvi memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır. Belə ki, Cavad xan məqbərəsi, VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi, XVII əsr Azərbaycan memarlığına aid Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi, Gəncə darvazası kompozisiyası və s. əvvəlki görünüşü saxlanmaqla bərpa olunub.

Gəncənin intensiv inkişafını təmin edəcək yeni müəssisələr açılır. Beynəlxalq standartlara cavab verən hava limanı inşa olunub, müasir dioqnostika mərkəzi istifadəyə verilib, Gəncə Polad Kompleksi və Det-Al Alüminium zavodu işə salınıb.

Prezident İlham Əliyevin 9 aprel tarixində qədim şəhərə növbəti səfəri zamanı bir sıra idman qurğularının istifadəyə verilməsi və təməlinin qoyulması gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gəncədə yeni istifadəyə verilən müasir İdman Sarayı yeni layihələr arasında xüsusi yer tutur. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, mini futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq var və fiziki məhdudiyyətli tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb. İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək. Müasir üslubda inşa olunmuş mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.

Bir sözlə, Gəncə idmançılarının yeni-yeni zirvələri fəth etməsi üçün real şərait yaradılıb.

Gənc idmançı, güləş üzrə Olimpiya oyunlarının qalibi olmuş Turan Bayramov və digər tanınmış güləşçilərlə görüşümüz zamanı onlar Gəncə idmanına öz töhfələrini verəcəklərini böyük inamla ifadə etdilər. Dövlətimizin idman sahəsinə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Ölkə Prezidenti Gəncə şəhərinə növbəti səfəri zamanı Gəncə şəhər stadionunun da təməlini qoyub. Qeyd edək ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu Gəncə futboluna böyük töhfələr verib. 1990-cı illərdə məlum səbəblərdən, səriştəsiz rəhbərliyin ucbatından başqa sahələrdə olduğu kimi, Gəncə futbolunda da tənəzzül baş verdi. Şəhər stadionu bərbad vəziyyətə düşdü. Son illərdə stadionun texniki cəhətdən normal istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Dövlət başçısının 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən stadionun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmış, stadionun layihələndirmə işləri artıq başa çatdırılmışdır. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

“Kəpəz” Peşəkar Futbol Klubunun veteran futbolçulardan Cavid Əhmədov, Vaqif Abdullayev çoxminli azarkeşlər adından bildirdilər ki, Gəncə şəhər stadionun yeni, müasir formada tikilməsi bizi hədsiz sevindirir. Stadion baxımsızlıqdan qəzalı və yararsız vəziyyətə düşmüşdü. Bu baxımdan yarışları başqa stadionlarda keçirmək məcburiyyətində qalırdıq. Biz daimi olaraq Gəncəyə diqqət və qayğı göstərən ölkə Prezidentinə minnətdarıq.

Möhtərəm Prezident İlham Əliyev səfər çərçivəsində mühüm layihələrdən hesab olunan, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisi ilə də tanış olub. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini İlqar Əsədov söhbət zamanı bildirdi ki, kompleksin tikintisinə və onun ətrafında aparılan abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir, kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılacaq. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası da daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib. Eyni zamanda Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb.

Kompleksin ərazisinə yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına mozaika daşları döşənib. Parkda quşların, balıqların saxlanması üçün də əlverişli şərait olacaq. Artıq kompleksdə son tamamlama işləri həyata keçirilir.

Şəhərin ictimai-siyası həyatında fəal iştirak edən Ceyhun Əliyev bildirdi ki, bölgələrdəki mövcud ehtiyatlardan, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sahədə islahatları sürətləndirmək, əhalinin məşğulluğunu təmin etmək düşünülmüş inkişaf strategiyasıdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişaf strategiyası artıq öz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Bir sözlə, möhtəşəm layihələr, innovativ inkişaf, demokratikləşmə yolunda atılan addımlarla Azərbaycan bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir.

Zabit XƏLİLOV,

“Respublika”.