Müasir tariximizin hər bir səhifəsində Ulu Öndərin silinməz izi var
Siyasət

Müasir tariximizin hər bir səhifəsində Ulu Öndərin silinməz izi var

Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük əminlik və qürur hissi ilə bildirir: Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan qurdu, Onun layiqli davamçısı, Prezident İlham Əliyev isə ölkəmizi güclü bir dövlətə çevirdi, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təbii ki, bu uğurlar, Zəfərlər böyük qətiyyətin, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən qorudu, xalqını vətəndaş müharibəsindən xilas etdi. Ölkəmizdə sabitlik yarandı. Azərbaycanın yeni iqtisadi-siyasi münasibətlər sistemində mövqeyini möhkəmləndirmək üçün "Əsrin müqaviləsi" kimi neft strategiyasını hazırlamaqla təbii sərvətlərimizin dünya bazarlarına çıxarılması imkanlarını müəyyənləşdirdi. Bu sazişin imzalandığı dövrün reallıqları çoxəsrlik tariximizin müəyyən bir səhifəsi kimi daim vərəqlənməkdədir.

1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan, qeyri-sabit, riskli ölkə kimi tanınan Azərbaycana belə inam yaratmaq həqiqi mənada möcüzə idi. Ən iri neft şirkətlərinin Azərbaycana sərmayə yatırması, "Üç dəniz əfsanəsi"nin reallaşması Ümummilli Lider Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin aydın ifadəsini yaratdı. Neft gəlirlərindən səmərəli, şəffaf istifadə üçün yaradılan Azərbaycan Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahədə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin daha bir uğuru oldu. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı da etmişdir ki, müstəqillik yollarında ilk addımlarını atan bir dövlətin özünü təsdiqləməsi üçün ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və inkişaf etdirilməsi əsasdır. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ münaqişəsindən bəhs etməsin. Əsas fəaliyyət istiqamətlərindən biri məhz müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi. Ümummilli Liderin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olundu, Qarabağ münaqişəsinin həllində vacib amillərdən biri olan beynəlxalq dəstəyin qazanılması üçün zəruri addımlar atıldı. Ulu Öndərin səyləri nəticəsində Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edildi.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin həyata keçirilməsidir. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların aparılması, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ümummilli Lider bildirmişdir ki, biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.

Ümumilikdə hansı sahəyə baxsaq uğurlarımız Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Yaradılan möhkəm təməl üzərində Azərbaycan Ordusu daha da möhkəmləndi, gücləndi, üzərinə düşən missiyanı yerinə yetirmək imkanında olduğunu nümayiş etdirdi. Ulu Öndərin səyləri nəticəsində atəşkəsə nail olunması bütün sahələrdə davamlı inkişafın təmin edilməsinə yol açdı. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 26 iyun ölkəmizdə Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edildi. Dahi şəxsiyyət Heydər Əliyev belə bir çağırışı səsləndirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması mütləqdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, beynəlxalq normaları özündə əks etdirən sülhsevər xarici siyasətinin əsasında, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı şəkildə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz Azərbaycanın uğurlarının davamlılığını təmin etdi.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət xadimində birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ümummilli Lider bildirmişdir ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Təsadüfi deyil ki, 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən Ulu Öndər Heydər Əliyevin siyasi kursu ölkənin təhlükəsizliyini, iqtisadi maraqlarını, hüquq sisteminin demokratikliyini, ədaləti təmin edir. Cənab İlham Əliyev dahi Heydər Əliyevin hakimiyyətə gəlməsini tarixi hadisə kimi dəyərləndirərək bildirmişdir: "Bu gün biz onun yolu ilə gedirik. Onun yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir. Əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr durur və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır".

Tarixi hadisələr, Azərbaycanın dinamik inkişafı da təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycanı qüdrətli dövlət kimi tanıdır. O ideyalar ki, bu gün onun siyasi məktəbinin yetirməsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin əsas hədəf kimi qarşıya qoyduğu Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsi budur: güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi. Yekun hədəf regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Əvvəldə də qeyd etdiyimiz kimi, Lider öz xalqını olduğu yerdən istədiyi yerə yüksəltməyi bacaran qüdrətli tarixi simadır. O, artıq mövcud olan yolla getmir, yeni yollar salaraq tarix yaradır və bu tarixdə silinməz izlər qoyur. 20 ildən artıq dövrdə Azərbaycanın keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər salaraq əminliklə deyə bilərik: Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurub və Prezident İlham Əliyevin liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günə torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə isə 23 saata dövlətimizin suverenliyi tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən biri kimi dəyərləndirilən 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində belə bir əminlik ifadə edilmişdir ki, Ulu Öndərin axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev axıra çatdıracaq. O, cənab İlham Əliyevə özü qədər inandığını qeyd etmişdir. Məhz bu inama və etimada söykənərək dövlət başçısı İlham Əliyev azad Qarabağdan xalqa müraciətində bildirdi ki, 20 ildə verdiyi bütün vədlər uğurla icra edilib.

Ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başlayıb. Bu dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq, soydaşlarımızın tam şəkildə qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra edilir. Əsas hədəf Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışıdır.

Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın uğurlarında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Fondun böyük xidmətləri vardır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin hər biri Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına xidmət edir. Fondun hər bir sahə ilə bağlı layihələri var və onların uğurlu nəticələri göz önündədir. Fond dahi şəxsiyyət Heydər Əliyevin millətin gələcəyi kimi dəyərləndirdiyi təhsilin inkişafını fəaliyyətində əsas istiqamət kimi öndə saxlayır. 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin inkişaf etdirilməsi, təbliği istiqamətində atdığı addımlar yüksək dəyərləndirilir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də Fondun öz payı vardır. 20 illik yol qət edən Heydər Əliyev Fondu dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ölkə daxilində və onun hüdudlarından kənarda hər birimizi qürurlandıracaq şəkildə təbliği yönümündə atdığı addımları ilə də diqqətdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında bildirir ki, bu günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda problemlərimiz, çətinliklərimiz, ağrılarımız kifayət qədər olub. Arxada qalan illərə müraciət etdikdə biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət rəmzinə çevrilib. Bu gün onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlməsini təkrar edərək unudulmaz xatirəsi qarşısında baş əyirik. Mehriban xanım Əliyeva bu fikirləri də xüsusi qeyd edir ki, hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi qəhrəmanı vardır.

Bu gün dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan Zəfərlərə doğru inamla addımlayır.

Abil AĞASƏFOV,

YAP Qəbələ Rayon Təşkilatının sədri.