Dahiliyin Heydər Əliyev zirvəsi
Digər xəbərlər

Dahiliyin Heydər Əliyev zirvəsi

Ulu öndər Heydər Əliyev fitri istedadı, dərin zəkası, bilik və bacarığı ilə Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından uğurla çıxarmışdır. Vətənə məhəbbət, xalqına və dövlətinə bağlılıq onun ən yüksək keyfiyyətlərindəndir. Heydər Əliyev istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqilliyimiz illərində daim xalqına və ölkəsinə ləyaqətlə xidmət edib. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi düşüncə, dövlətimizin dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan yaratdı. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, respublikada baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.

Ulu öndər Heydər Əliyev tariximizdə təkcə milli müstəqillik ideyasını gerçəkləşdirmiş lider kimi deyil, eyni zamanda qurduğu dövləti qətiyyətlə hər cür təhlükələrdən qoruyan, möhkəmliyini təmin edən və hərtərəfli inkişafı üçün sosial-iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanmışdır. Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəmir iradəyə malik Heydər Əliyevin beynəlxalq siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır. Bu ideyalar Azərbaycan dövlətinin gələcək inkişafında da əvəzsiz rol oynamışdır.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı. Onun həyat və fəaliyyəti Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da hər zaman ona arxalanır, etibar edir və ən ağır günlərində ona pənah aparırdı. Dahi öndərimiz mürəkkəb məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır. Dahi şəxsiyyət Heydər Əliyev sanki bu dünyaya elə xalqının xoşbəxt gələcəyinin təmin olunması, səadəti, tərəqqisi üçün gəlmişdi. Həqiqətən ölkəmizdə ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi, Azərbaycanın dünya miqyasında ən inkişaf etmiş ölkələr sırasında olması üçün göstərdiyi fədakar, titanik fəaliyyəti sanki onun tale, ömür yolu olmuşdur. Qısa bir zaman kəsiyində ulu öndər respublikamızın iqtisadi yüksəlişinə nail olmuş, beynəlxalq nüfuzunu yüksəltmişdir. Dahi lider ölkəmizə rəhbərlik etdiyi bütün zamanlarda xalqımızın taleyində, dövlətimizin həyatında elə bir rol oynamışdır ki, xalq onu əsrlər boyu unutmayacaq. Bütün həyatı və fəaliyyəti boyu xalqa arxalanan Ulu Öndər demişdir: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Bütün həyatını Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Qısa müddət ərzində bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, Dövlət proqramları qəbul edildi, islahatlar aparıldı. Çünki dahi siyasətçi tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi nəticəsində ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Böyük siyasətçinin ölkə iqtisadiyyatının dinamik inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı. 1996-cı ildə Bakı-Novorossiyisk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Bununla da ölkədə davamlı iqtisadi artımın əsası qoyuldu.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul olunmuş ilk Milli Konstitusiya Azərbaycanın gələcək inkişaf yolunu müəyyən etmişdir.

2001-ci ilin noyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmiş, bununla da milli diasporumuz mütəşəkkil qüvvəyə çevrilmişdir.

Qürur hissi ilə qeyd etmək olar ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu inamla davam etdirir. Son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti nəticəsində Vətən müharibəsində cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu. Müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq.

Bəli, bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində xalqımızın böyük oğlu Heydər Əliyev siyasi kursu, inkişaf strategiyası dayanır.

Turab CANBAXIŞOV,

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimi.