Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb
Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Fonddan "Respublika"ya verilən məlumata görə, görüş A.Raimkulovanın İsveçrəyə səfəri çərçivəsində keçirilib. O, Türk Əməkdaşlıq Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə Türk həftəsi” tədbirlərində iştirak edib.

Görüş zamanı Fondun gələcək planları müzakirə olunub və beynəlxalq mədəni əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

A.Raimkulova Türk dünyasının mədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararası anlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlı olduğunu bildirib.

T.Valovaya Fondun diplomatiya vasitəsilə mədəni müxtəlifliyin vurğulanması səylərini qiymətləndirib.

Fond və UNESCO arasında türk xalqlarının mədəni irs obyektlərinin beynəlxalq irs siyahısına transsərhəd nominasiyalarının irəli sürülməsi və Divanü Lüğat-it-Türkün 950 illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənən əməkdaşlıq müsbət qiymətləndirilib.

Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanların araşdırılması yönündə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.