Mədəniyyət

"Azərbaycan" yazıları

Sən bizimsən, bizimsən

                     durduqca bədəndə can,

Yaşa-yaşa, çox yaşa,

                     ey şanlı Azərbaycan!

Bu misraları çox eşitmişik, xüsusən də tarixin yaddaşında əbədiləşmiş bir Vətən sevdalısının odlu-alovlu çıxışında. Hər dəfə o səsi, o yanğılı kəlimələri eşidəndə o azadlıq mücahidinin indi də aramızda olduğunu hiss edir, əbədi bir çağırış kimi ürəyimin dərinliyində, düşüncələrimdə yerləşdirməyə çalışıram. Çünki hər dəfə mənə kimliyimi xatırladır...

Bəli, o misralar alovlu bir şüar idi. Milli mücadilənin önündə gedənlərin dillərində əzbər olan, hər birinin amalını, əqidəsini, Vətən sevgisini, milli mənsubiyyətini ifadə edən bir şüar! O səsin sahibi Azərbaycan xalqının taleyində, məmləkətinin həyatında silinməz bir iz qoyub. Azərbaycan Demokratik Respublikasının banilərindən biri, tariximizə xalqımızın milli-azadlıq hərəkatının öncülü kimi daxil olan Məhəmməd Əmin Rəsulzadə lap erkən yaşlarından başlayaraq 71 illik ömrünün son dəqiqəsinədək "Azərbaycan davası"nın ən fəal mübarizi olub. Məhəmməd Əmin Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli və digər onlarca qeyrətli Vətən övladları ilə bir sırada ağır, çətin mübarizə meydanına atılıb ilk milli Cümhuriyyəti qurmaqla XX əsr Azərbaycan intibahının bir qolunu yaratdılar...

"Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə tariximizin alt qatlarına işıq salınır, görkəmli şəxslərin xidmətlərinə qiymət verilir. Azadlıq mücahidinin 140 illiyinə həsr edilmiş kitabın "Azərbaycan yazıları" adlandırılması da çox təbiidir. Çünki kitabın hər cümləsində, sözündə Azərbaycan var, hər yazısının məzmununda, ideyasında onun doğma məmləkətinin gələcəyi ilə bağlı arzuları "cücərir".

ADA Universitetinin təşəbbüsü və dəstəyilə nəşr edilən kitabda Məhəmməd Əmin Rəsulzadənin 1918-1920-ci illərdə "Azərbaycan" qəzetində çap olunmuş yazıları toplanıb. Kitabın "Ön söz yerinə" bölməsində Xəlil İbrahimin "Azərbaycan" qəzetinin 1918-ci il 10 noyabr tarixli 35-ci nömrəsində dərc olunmuş "Rəsulzadə Məhəmməd Əmin" adlı yazısı diqqət çəkir. Yazıda oxuyuruq: "...Azərbaycan imarətinin binasını qoyan, bu uğurda kərratla (dəfələrlə) həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir ulduz rolu oynayaraq, istiqlal-milli (milli istiqlal) yolunu Nikolay və Protopopov dövrünün müzlim (qaranlıq) gecələrində belə milliyyət müsafirlərinə (milliyyət yolunu tutub gedənlərə) göstərməsi, rəhbərlik etməsilə vətənimizə böyük xidmət göstərmişdir...".

Məlum olduğu kimi, 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin fəaliyyəti dayandırıldı və mayın 27-də Seymin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi. Toplantıda Azərbaycanın idarə olunması üçün Müvəqqəti Milli Şuranın yaranması elan edildi. Sonra Milli Şuranın sədri seçkisində Müsavat Partiyası M.Ə.Rəsulzadənin sədrliyini irəli sürdü. "İttihad" Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra "İstiqlal Bəyannaməsi" qəbul edildi.

Məhəmməd Əmin "Hankı ümidlə?" adlı məqaləsində: "Azərbaycan istiqlalının yeni bir səhifəsi vərəqlənir. Şurayi-Milli açılır "gözaydınlığı"nda, "iştə, əfkari-ümumiyyəmizin (ictimaiyyətimizin) "Hankı ümidlə?" sualına həyəcanla: "Qoy Azərbaycan Şurayi-Millisi qanlardan bıqmış, xarabəliklərdən usanmış bəşəriyyətin sülhi-ümumi bayramı üçün yapacağı çırağana (atəşfəşanlığa) kəndisinə məxsus azəri biz ziya saçsın... Ey qarei-möhtərəm "Hankı ümidlə?" sorurdun? İştə, böylə bir ümidlə!..", - deyə cavab verir. Və onun ardınca: "Çəkilən zəhmətlərin, tökülən qanların, yıxılan xanümanların, axıdılan göz yaşlarının bir təsəllisi vardı: istiqlal!", - deyirdi.

Azərbaycan istiqlalı elan olunduqdan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. 1918-ci il iyunun 4-də Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə müstəqil Azərbaycan Cümhuriyyəti adından M.H.Hacınski (xarici işlər naziri) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə dostluq haqqında müqavilə imzaladı. İmzalanan sənədin birinci maddəsində belə qeyd olunurdu: "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır".

Kitabda Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən yazılar da yer alıb. "Türkiyə hərəkatı - milliyyəsi" adlı məqaləsində: "Türkiyədə milli bir hərəkat başladı", - deyə yazan müəllif sonda belə qeyd edir: "Bizim Türkiyə siyasətində görülməkdə olan bu səlah (sülh) əsərlərini nə kimi bir sevinclə qarşıladığımızı söyləməyə ehtiyac varmıdır?!..

Təəssüf ki, bu istiqlal uzun sürmədi, çünki Azərbaycanın müstəqilliyi çoxlarının kürkünə birə salmışdı. Digər tərəfdən, Bakının nefti vardı, nəhayət, erməni-daşnak ünsürləri, Rusiyadakı erməni lobbisi xalqımıza qarşı təxribatlarda, qəsdlərdə imperiya qüvvələri ilə əlbir iştirak edirdilər. "Bütün hakimiyyət sovetlərə" məkrli şüarı ilə pərdələnərək Azərbaycana elə tələ quruldu ki, bundan yalnız 70 il sonra qurtula bildik. Məhəmməd Əmin Rəsulzadə ermənilərin havadarlarına arxalanıb törətdikləri qırğınlar, faciələr barədə 1920-ci il martın 11-də "Ermənistanın qanlı icraatı" məqaləsində yazırdı: "Neyçin Ermənistan Cümhuriyyəti, hökumətinin xəmirəsi (xəmiri, mayası) böylə ahı hər kəsi tutacaq nahaq qanlarla yoğrulur?". Yenə də həmin məqalədə: "Yalan və mübaliğəli xəbərlərlə Avropa əfkari-ümumiyyəsini "bulandırır" və bulanıq suda "Qars balığını "ovlamaq istəyirlər", - deyən Məhəmməd Əmin Məclisi-Məbusanda ermənilərin Qarsda törətdikləri qırğınlara cavab olaraq ciddi tədbirlər görülməsilə bağlı qərar qəbul edildiyini bildirirdi: "Bu qəbildən olacaq tədbirlər qonşumuza ehsas (hiss) etdirməlidir ki, hər şeyin də bir əndazəsi, hər fişarın ( təzyiqin) da bir həddi var. Bunu görsünlər də hədlərini bilsinlər!".

Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin devrilməsilə heç cür barışmır, hadisələrə dövrün reallıqları fonunda kəskin münasibət bildirirdi. ADR-in süqutundan sonra Azərbaycanda sovetlərin başladığı qırmızı terrorda 48 min adam həlak oldu, demokratik respublikanın rəhbərləri öldürüldülər. Mühacir həyatı yaşamaq məcburiyyətində qalan azadlıq mücahidi 1936-cı ildə yazdığı, 28 aprelə həsr etdiyi "Qara gün münasibətilə" adlı məqaləsində müstəqil dövlətin devrilməsində günahı olanlara müraciət edərək yazırdı ki, yalan vədlərə aldanan adamlar sonda ağla qaranı seçməyi başlayınca apreldə baş verənlərin heç də istiqlal deyil, sözün əsl mənasında, istila olduğunu anladılar.

"Azərbaycan" yazıları. Bu kitabı sonadək vərəqlədim, oxuya bildiklərimi oxudum, təsirləndim. Heyrətləndim, Məhəmməd Əmin qələminin gücünə heyran qaldım. Yüz il öncə yazdıqlarında bugünkü dünyamızda baş verənlərin aydın mənzərəsi də təsvir olunur. Və düşündüm o, bizim müasirimizdir, Azərbaycan durduqca yaşayacaq. Kitabı araya-ərsəyə gətirənlərin zəhmətinə minnətdarlıq düşür. 

Sonda ADR-in süqutundan sonra M.Ə.Rəsulzadənin Stalinlə görüşünü xatırlamaq da yerinə düşür. Bəllidir ki, baş vermiş hadisələrlə bağlı onların arasında geniş fikir mübadiləsi olmuşdur. Həmin görüşdəki kiçik bir mükalimə az qala zərbi-məsələ dönüb. Stalinin: "...bu il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verdiniz?" - sualına Məhəmməd Əmin Rəsulzadə: "Çox şey verə bilmədik, amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq. Bir kərə ucalan bayraq bir daha enməz!", - deyərək özünün klassik cavabını verib.

Bəli, bir kərə ucalan bayrağımız enmədi, bir daha enməyəcək, bütöv Azərbaycanın hər yerində qürurla dalğalanacaq.

Z.ABDULLAYEVA,

"Respublika".