Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb.
O, mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparılıb, sahələr üzrə təkliflər dinlənilib.
Görüşdə Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiyanın hazırlanması diqqətə çatdırılıb. Bildirilib ki, buna uyğun olaraq yeni forma və struktur mexanizmləri yaradılacaq. Bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət yetiriləcək.
Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməsi və ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə nazir müavinini məlumatlandırıb. Eyni zamanda sədr peşəkarlıq, "Mədəniyyət" televiziya kanalının işindəki çatışmazlıq, gənc bəstəkar və musiqişünaslara qayğı göstərməyin vacibliyi və digər məsələlər barədə danışıb. Natiqlər - Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bəstəkarlar, Xalq artisti Sərdar Fərəcov və Əməkdar İncəsənət xadimi Elnarə Dadaşova, musiqişünas professorlar Tariyel Məmmədov, Həcər Babayeva, Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və bəstəkar İlham Azmanlı çıxış edərək musiqi təhsili, tənqidi, təbliği, kitab və məqalələrin nəşri, əqli mülkiyyət, elektron texniki imkanlardan istifadə, irihəcmli əsərlərin - opera, balet, simfonik musiqilərin səhnə həlli və sair məsələlərlə bağlı problemlərin çözülməsi barədə fikirlərini söyləyiblər.
Sonda belə müzakirələrin əhəmiyyətini qeyd edən Adil Kərimli gələcəkdə də bu görüşlərin mütəmadi şəkildə keçiriləcəyini və problemlərin əməli həllinə çalışılacağını diqqətə çatdırıb.
"Respublika".