Müttəfiqliyin yeni erası
Siyasət

Müttəfiqliyin yeni erası

"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm amilidir. İki prosesin paralel getməsinə dair bəlli mövqe var: Türkiyə-Ermənistan yaxınlaşması və Ermənistan-Azərbaycan normallaşması. Bu, bizim mövqeyimizdir. Bu, həm də Türkiyə Prezidentinin mövqeyidir". Bu fikirləri ölkə başçımız İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda səsləndirib.

Tarix boyu Türkiyə və Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq münasibətləri mövcud olub. Biz Türkiyə ilə həm xoş günümüzdə, həm çətin vaxtlarımızda sevincimizi və kədərimizi bölüşərək aramızdakı birliklə digər xalqlara nümunə olmuşuq. Dövlətlərimiz və xalqlarımız arasındakı doğma münasibət özünü bütün məqamlarda əks etdirib. Xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri bu iki ölkəni daim bir yumruq kimi birləşdirib. Bu dərin qardaşlıq bağları artıq Ulu Öndərin "bir millət, iki dövlət" ifadəsini işlətməyə imkan verdi. Hələ o dövrdə Çanaqqala döyüşlərində, Türkiyədə milli mübarizənin müxtəlif cəbhələrində xeyli azərbaycanlı zabit və əsgər könüllü olaraq xidmət etmişdir. 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərlərinin Bakının azad olunmasında iştirakı ortaq tariximizin real və qürurverici məqamıdır.

Dünya dövlətlərinin Azərbaycana qarşı münasibəti birmənalı olmadığı zamanda iki ölkə arasındakı siyasi, iqtisadi-ticari, diplomatik, humanitar, hərbi münasibətlər uğurla inkişaf edir. Eyni zamanda Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Yeni İpək Yolu" nəqliyyat dəhlizi və Trans-Anadolu (TANAP) kimi qlobal iqtisadi layihələr həm sülhün təmin olunması, həm də xalqlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bunlarla yanaşı, həmçinin qeyd etməliyik ki, Bakıda "ADEX-2014, "ADEX-2016", "ADEX-2018", İstanbulda isə "IDEF-2017", "IDEF-2019" və "IDEF-2021" beynəlxalq müdafiə sənayesi sərgiləri təşkil olunub ki, bu da iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib. Bu baxımdan, 2020-ci il iyul ayının sonundan başlayan genişmiqyaslı "TurAz Qartalı-2020" birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmişdi.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə ölkəmizin ədalətli mövqeyini hər zaman dəstəkləyir və müdafiə edir. Beynəlxalq arenadakı qarşılıqlı dəstək Cənubi Qafqazı döyüş meydanına çevirməyə çalışan qüvvələrin xain planlarını alt-üst etdi. Azərbaycan xalqı və dövləti olaraq Türkiyənin dəstəyini hər zaman hiss etmişik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək gücümüzə güc qatdı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir. Vətən müharibəsinin başladığı ilk günlərdən Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan bu haqq savaşında tək deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var" açıqlamaları Azərbaycana qarşı ədalətsiz mövqedə duran ölkələrə açıq mesaj oldu.

Dövlətimiz bu sınaqdan da uğurla çıxaraq tarixə şanlı səhifələr yazdı. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Şuşa Bəyannaməsi özündə üç mühüm tarixi əks etdirir: birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsinin yeni çalarlarının təzahürü kimi təsdiqləndi; ikincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imza atdılar.

Ölkə başçımızın 23 apreldə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda söylədiyi fikirlərdən bir daha aydın olur ki, proseslərin gedişatında Türkiyə və Azərbaycanın mövqeyi bir-biri ilə uyğunluq təşkil edir. Bu baxımdan Ermənistanın gələcək addımları hər iki ölkə ilə əlaqələrin yeni istiqamətini müəyyənləşdirəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".