Separatizmin qalıqları və izləri silinir
Siyasət

Separatizmin qalıqları və izləri silinir

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatına başladı.

44 gün davam edən Vətən müharibəsi nəticəsində otuz illik işğala son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə həkk olundu. Müharibədəki qələbəmizin rəmzi olaraq Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata əsasən tərəflər üzərinə bir sıra mühüm öhdəliklər götürdülər.

Amma hər zaman olduğu kimi, düşmən bu məsələdə də destruktiv yanaşma nümayiş etdirdi. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, öhdəliklərin yerinə yetirilməməsi və bu kimi digər mənfi hallar bölgədə antiterror tədbirlərinin keçirilməsini zərurətə çevirdi. Ötən ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması Azərbaycanın səbir kasasını daşırdı. Rəsmi İrəvanın pozuculuq fəaliyyətinin qarşısının alınması, ölkəmizin suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri başlandı. Tədbirlər zamanı qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri məhv edildi. Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Bakının göstərişi ilə yalnız legitim hərbi obyektlər və infrastruktur hədəfə alındı.

Lokal antiterror tədbirləri zamanı Azərbaycanın müasir silahlara və yüksək hərbi imkanlara malik olmasına rəğmən, yüksək humanizm prinsiplərinə sadiqliyi bir daha öz təsdiqini tapdı. Mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında bilərəkdən yerləşdirilmiş legitim hərbi obyektlərə zərbələr endirilmədi. 24 saatdan az müddətdə Azərbaycan bütün istiqamətlər üzrə hərbi uğurlar qazandı. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Beləliklə, suverenliyimiz tam təmin olundu.

Müharibələr bitsə də onların fəsadları illər boyu qalmaqda davam edir. İkinci Qarabağ savaşından üç ildən çox vaxt keçməsinə baxmayaraq, müharibənin izləri hələ də silinməyib. Vaxtikən separatçıların terror yuvasına çevrilmiş Xankəndidə ard-arda silah-sursat tapılır. Keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Aprelin 15-də isə daha 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkar edilib.

Xatırladaq ki, işğal dövründə separatçıların qanunsuz tikdikləri binaların sökülməsi də həyata keçirilir. Bir məqamı da qeyd edək ki, Qarabağda ermənilərin məhv etdiyi milli-mədəni irsimizdən fərqli olaraq, Xankəndidə sökülən binaların "mədəni irs"lə heç bir əlaqəsi yoxdur və Xankəndinin arxitekturasına uyğun olmayanlar aradan götürülür.

Xankəndi şəhərinin Baş planı hələ sovet dönəmində ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənmişdir. Ona görə də Xankəndidə aparılan tikinti işləri Azərbaycan hökuməti ilə razılaşdırılmalıydı. Bu baxımdan ölkəmizin razılığı olmadan şəhərin Baş planına və arxitekturasına uyğun olmayan hər bir tikintinin sökülməsi vacibdir. Sonda isə qeyd edək ki, həm aşkarlanan silah-sursatlar, həm də qanunsuz tikilən binaların sökülməsi Azərbaycanın separatizmin izlərinin silinməsi istiqamətində apardığı uğurlu işlərdən xəbər verir.

Nəzrin ELDARQIZI,

"Respublika".