İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastımız gümüş medal qazanıb

Qətərin paytaxtı Dohada keçirilən kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edən gimnastımız uğurlu nəticə əldə edib. Gimnastımız Nikita Simonov halqalarla hərəkətin icrasında gümüş medal qazanıb.

İdmançımız beynəlxalq turnirdə yarımfinala yüksəlib

İspaniyanın Vitoriya şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycan parabadmintonçusu İbrahim Əliyev yarımfinala yüksəlib. O, parabadmintonçuların qoşa yarışında mübarizə aparıb. İbrahim Əliyev qrup mərhələsini uğurla başa vuraraq 1/4 finala yüksəlib. Digər mərhələni də uğurla adlayan təmsilçimiz parabadmintonçuların qoşa yarışının yarımfinal mərhələsində Hindistan təmsilçiləri ilə qarşılaşacaq.

Stolüstü tennis üzrə çempionata yekun vurulub

Aprelin 17-19-da Fövqəladə Hallar Nazirli

yinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə stolüstü tennis çempionatı keçirilib. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının 15 komandasından 60-a yaxın əməkdaş iştirak edib. Üç gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. Çempionatda ikinci yerə Şimal-Qərb Regional Mərkəzinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb. Şəxsi yarışlarda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov çempion adını qazanıb. İkinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Cəfərov, üçüncü yerə isə FHN Akademiyasının əməkdaşı Rüstəm Buğluyev sahib olub. Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıblar.

Final oyunlarının tarixləri bəlli olub

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final oyunlarının tarixləri bəlli olub. Yüksək Liqada final qarşılaşmaları aprelin 22-si və 23-də keçiriləcək. Aprelin 22-də Bakı İdman Sarayında final oyunlarına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempionluq uğrunda görüşlər olacaq. Burada "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər. Aprelin 23-də isə qadın voleybolçuların final matçı keçiriləcək. "Azərreyl" və "Abşeron" komandaları birincilik uğrunda qarşılaşacaqlar. Aprelin 23-də final oyunundan dərhal sonra isə qaliblərin (qadınlar, kişilər) mükafatlandırılması və Azərbaycan çempionatı Yüksək Liqa yarışlarının bağlanış mərasimi baş tutacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".