Türk dünyasında mədəni inteqrasiya ilə bağlı iki elmi simpozium keçirilib
Türk dünyası

Türk dünyasında mədəni inteqrasiya ilə bağlı iki elmi simpozium keçirilib

Türkiyənin paytaxtı Ankarada və Dənizli şəhərində türk dünyasında mədəni inteqrasiya ilə bağlı iki elmi simpozium təşkil edilib.

“Respublika” xəbər verir ki, Dənizlinin Pamukkale Universitetinde (PAÜ) Altay Topluluqları Dil və Mədəniyyətləri Tətbiq və Araşdırma Mərkəzi (ALTAY DİLMER), Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrası və Dənizli Sosial Elmlər Peşə Məktəbinin təşkilatçılığı, Türkiyənin Almatıdakı səfirliyinin Təhsil Attaşeliyi, Əl-Fərabi Qazax Milli Universiteti, Türk Tarix və Mədəniyyət Vəqfi (TÜRKTAV) və Avrasiya Yazıçılar Birliyinin dəstəyi ilə “Türk dünyasında dəyərlər və mədəniyyət ötürməsi (Cizgi filmləri, dil çalışmaları və ədəbi əsərlər, tarix, turizm)” adlı beynəlxalq simpozium keçirilib.

Simpoziumda açılış nitqi söyləyən ALTAY DİLMER direktoru və Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri professor Nərgiz Biray simpoziumun türk mədəniyyəti və dəyərlərinin yaşadılması ilə bağlı atılmalı olan addımlara diqqət çəkmək, mədəniyyət ötürücüsü rolunda çıxış edən vasitələri vurğulamaq, bu vasitələrin düzgün istifadəsinin və genişləndirilməsini təmin etmək üçün təşkil olunduğunu bildirib. Simpoziumun təşkilinə dəstək verənlərə təşəkkür edən Biray “Diləyimiz simpoziumda vurğulanan məsələlərin gələcəkdə daha geniş formada həyata keçirilməsidir”, - deyə bildirib.

Daha sonra çıxış edən PAÜ prorektoru, professor Durmuş Akalın, Türkiyənin Almatıdakı Baş konsulu Evrən Müdərrisoğlu, Qazaxıstanın Dənizlidəəki fəxri konsulu Okan Oğuz, Qazaxıstanın Ankaradakı səfirliyinin təhsil attaşesi Ayxan Qorxmaz, Avrasiya Yazıçılar Birliyinin sədri, dosent Yaqub Öməroğlu, İşçilərin Həmkarlar İttifaqı Konfederasiyasının Dənizli təmsilçisi Emrə Ərdoğan və TÜRKTAV sənət maşüviri Nur Doğu Qoçaq simpoziumun əhəmiyyətinə diqqət çəkərək mədəniyyət ötürmələri məsələsinin elmi müstəvidə müzakirə edilməsinin və fərqli ölkələrin cəmiyyətlərinə yönəlik sosial analizlərin aparılmasının əhəmiyyətini dilə gətiriblər.

Simpozium daha sonra elmi təqdimatlarla davam edib. Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan alimlər və animasiya, cizgi filmi, reklam və təhsil, radio və televiziya sahəsindən olan mütəxəssislər tərəfindən uyğun təqdimatlar edilib.

Simpozium çərçivəsində “Evin varisini axtarıram” (“Şanıraktın iyesin izdep jürmin”) cizgi filmi nümayiş etdirilib və həmin əsərin Türkiyə türkçəsi ilə çap olunmuş kitabının təqdimatı keçirilib.

Simpoziumun ikinci günü onlayn qaydada davam edib.

Ankarada isə Hacı Bayram Vəli Universitetinin Avrasiya və Türk Dünyası Araşdırma və Tətbiq Mərkəzi (ATÜRKMER) və Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının təşkilatçılığı ilə “Türk dünyasına gənc baxışı: Magistrant və doktorantların beynəlxalq elmi simpoziumu” keçirilib.

ATÜRKMER direktoru, professor Naciyə Yıldız simpoziumu açıq elan edərək iştirak üçün Çin də daxil olmaqla, 9 ölkədən 100-dən çox müraciət olunduğunu bildirib.

Kafedra müdiri Mehmet Fateh Kişirçioğlu da bu kimi simpoziumların təşkil edilməsinin elmi müzakirə mühitini artırdığını vurğulayıb. Gənc araşdırmaçılar tərəfindən təqdimatlar edildikdən sonra iştirakçılara sertifikat verilib, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Pamukkale Universitetinin Azərbaycandan olan doktorantı Aqil Bəkir hər iki simpoziumda iştirak edib. O, “Türk dünyasına gənc baxışı: Magistrant və doktorantların beynəlxalq elmi simpoziumu”nda “Müasir Azərbaycan şairi Esmira Məhiqızının şeirlərində uşaq və uşaqlıq motivi”, “Türk dünyasında dəyərlər və mədəniyyət ötürməsi” simpoziumunda isə “Azərbaycanda digital ədəbi tənqidlə bağlı araşdırma” başlıqlı təqdimatlarla çıxış edib.