TÜRK DÖVLƏTLƏRI MULTIMODAL NƏQLIYYAT VƏ LOGISTIKA FORUMU
Türk dünyası

TÜRK DÖVLƏTLƏRI MULTIMODAL NƏQLIYYAT VƏ LOGISTIKA FORUMU

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dəmir yolu administrasiyalarının təşkilatçılığı ilə İstanbulda ''Türk Dövlətləri Multimodal Nəqliyyat və Logistika Forumu" keçirilib. Forumda Orta və Cənub nəqliyyat dəhlizlərinin imkanları, genişləndirilməsi, yükdaşımaların təhlükəsizliyi, türk dövlətləri arasındakı əməkdaşlıq  və perspektivdəki işlər müzakirə olunub.

Tədbir iştirakçıları, həmçinin investisiya imkanları və maliyyələşdirmə modelləri də daxil olmaqla infrastrukturun inkişafı, modernləşdirmə və potensialın artırılması strategiyalarını da  müzakirə ediblər. Forumda çıxış edən Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu görülən işlərin türk dövlətləri arasında inkişafa töhfə verəcəyinə əminliyini ifadə edib. O, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin 160 milyonluq gənc və dinamik əhalisi olan, 1 trilyon dolları keçən iqtisadi gücə çevrilmə potensialına malik bir toplum olduğunu vurğulayıb. Nazir Uraloğlu çıxışında  yol nəqliyyatına toxunub: "Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, nəqliyyatın artması fonunda ölkələri avtomobil yolu ilə keçmək prosedurlarımız kifayət qədər qeyri-adekvatdır", - deyə o, üzv ölkələri tranzit torpaq keçidi sənədi kvotalarını ləğv etməyə çağırıb.

Nazir təşkilata üzv ölkələr arasında fiziki əlaqənin ən mühüm və strateji komponentlərindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun türk dünyasının iqtisadi inkişafı və firavanlığı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib: "2016-cı ilin aprel ayından həyata keçirdiyimiz tədbirlər nəticəsində ümumi və milli tranzit rejimlərində dəmir yolu ilə daşımaları sadələşdirilmiş qaydada həyata keçirə bilirik. Biz iki il əvvəl mərkəzi dəhlizdə dəmir yolu xətti ilə yük daşımaları üçün ümumi nəqliyyat sənədindən istifadə etməyə başladıq.  Digər tərəfdən, biz region ölkələri ilə birlikdə mərkəzi dəhlizin digər mühüm komponenti olan Xəzər tranzitinin səmərəli və qənaətcil olmasına diqqət yetirmişik. Əminəm ki, biz birgə səylərimizlə logistika əməliyyatlarında problemlər yaradan yüksək rüsumları və nizamsız üzmə problemlərini tez bir zamanda həll edəcəyik və Xəzər keçidlərini arzuladığımız rəqabətli marşruta çevirəcəyik. Biz, həmçinin təşkilatımız daxilində aparılan işləri tamamlayan əlavə əməkdaşlıqları inkişaf etdiririk. Məsələn, Türkiyə, Azərbaycan və Qazaxıstan ötən il Bakıda bir araya gələrək Orta Dəhlizi dəstəkləyən 56 bənddən ibarət fəaliyyət planı müəyyən edib. Qəbul etdiyimiz qərarları həyata keçirəcək addımları da izləyirik".

Nazir çıxışında Zəngəzur dəhlizi vasitəsilə yeni imkanların ortaya çıxdığını və bu əlaqənin Qafqazda normallaşma üçün həyati əhəmiyyət daşıdığını da bildirib. O, qeyd edib ki, dəhlizin reallaşması Cənubi Qafqazda sülhə töhfə verəcək: "Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq önəmli addım olacaq. Biz onun ən qısa zamanda reallaşması üçün Azərbaycanla sıx işləyirik. Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik".

''Zəngəzur dəhlizi Ermənistanın özü üçün də əhəmiyyətlidir''. Bu fikri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev forum çərçivəsində  jurnalistlərə verdiyi müsahibəsində deyib. O qeyd edib ki, Orta Dəhlizin ən vacib seqmentlərindən biri olan Zəngəzur dəhlizi TDT ölkələri arasında ticarət həcmini də artıracaq: "Hazırda üzv dövlətlər arasında ticarət həcmi 45 milyard dollardır. Bu kiçik bir rəqəmdir, lakin son 5 ildə ikiqat artım müşahidə olunub".

Forumda çıxış edən Türkiyənin Dövlət Nəqliyyat İdarəsinin baş direktoru Ufuk Yalçın  deyib ki, Türkiyə Zəngəzur dəhlizi üzərindən Naxçıvan vasitəsilə Azərbaycana birbaşa çatmağı arzulayır və cəhdlərini davam etdirir. O vurğulayıb ki, bunun reallaşdırılması üçün fəaliyyətlər davam etdirilir: "Biz qardaş Azərbaycana, Bakı-Tbilisi-Qars dəmir yolunun alternativi olaraq Zəngəzur dəhlizi vasitəsilə də nəqliyyatın hərəkətinə nail olacağıq".

Onu da qeyd edək ki, forumda ölkəmizi "Azərbaycan Dəmir Yolu" QSC-nin nümayəndələri təmsil edib.

 

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.